4 May 2020 19:23
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son günlər işğalçı Ermənistanın siyasi dairələrində aktiv şəkildə müzakirə edilən mövzu Qorçakov Fondunun təşkil etdiyi onlayn müzakirələr zamanı Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrovun Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həllinə dair cari vəziyyət barəsindəki açıqlamasıdır. Bununla bağlı, Ermənistan rəhbərliyi və Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsindəki qanunsuz rejimin “nümayəndələri” tərəfindən ard-arda heç bir əsası olmayan açıqlamalar səsləndirilir".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev bildirib.

"Mən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hüquqi əsaslarla seçilən nümayəndəsi olaraq bildirirəm ki, belə fikirlər tam əhəmiyyətsizdir və işğal faktını ört-basdır etmək məqsədlərinə xidmət edir. Qeyd etmək istəyirəm ki, münaqişə istənilən halda Azərbaycan Respublikasının Konstitusiyasının 11-ci maddəsinə uyğun şəkildə nizamlanacaq. Həmin maddədə isə aydın şəkildə bildirilir ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir", - o qeyd edib.

Deputat deyib ki, Ermənistan və onun işğal olunmuş Azərbaycan ərazilərindəki əlaltıları çox şey danışa bilərlər, amma beynəlxalq ictimaiyyətin rəyi Ermənistan-Azərbaycan münaqişəsinin həllində müstəsna əhəmiyyət kəsb etməkdədir və dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə qarşı ədalətli və sərt mövqe tutub: "Bu mövqe istər BMT Təhlükəsizlik Şurasının qətnamələrində, istər çox saylı beynəlxalq təşkilatların qərarlarında, istərsə də, çox qısa müddət öncə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın təşkil etdiyi qondarma “seçkilərə” dünya ictimaiyyətinin kəskin reaksiyasında bir daha öz təsdiqini tapıb. Ermənistan Azərbaycan ərazilərinin işğalı səbəbindən beynəlxalq arenada tək qalmaqdadır.

Müdrik Azərbaycan xalqının atalar sözünü xatırlatmaq istərdim: Suda boğulan saman çöpündən yapışar! Görünür ki, Ermənistan rəhbərliyi və onun işğal olunmuş ərazilərdəki əlaltıları bu tipli əsassız bəyanatlarla daxili auditoriyanı sakitləşdirməyə çalışırlar. Amma, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və məcburi köçünlərin öz torpaqlarına geri qaytarılması münaqişənin istənilən həlli variantının əsas bəndlərindən olacaq".

"Ermənistan ordusu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması üçün “təhlükəsizlik təminatçısı” deyil və ola da bilməz. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması bu həqiqəti çox yaxşı anlayır və əgər regionda sülhə nail olmaqda maraqlıdırsa, o zaman ən qısa vaxtda bizimlə birlikdə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir.

Bu günə qədər Azərbaycanın bütün hərbi və siyasi imkanlarına rəğmən, münaqişəni sülh yolu ilə həll etməyə istiqamətlənmiş səyləri məhz Azərbaycan Respublikasının insan həyatına verdiyi dəyərin göstəricisidir. Azərbaycanın sülhpərvər davranışları həm də ATƏT-in Minsk Qrupu tərəfindən həyata keçirilən sülhyaratma missiyasına olan hörmətin bir göstəricisidir.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq biz əminik ki, tezliklə münaqişə həll olunacaq və bizim pozulmuş hüquqlarımız tam bərpa ediləcək. Dağlıq Qarabağ bölgəmizin erməni icması ilə birgə, Azərbaycan Respublikasının vətəndaşı olmağın qazandırdığı müstəsna üstünlüklərdən yararlanaraq sülh şəraitində yaşayacağıq", - T.Gəncəliyev vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər