1992-ci il, mayın 15-də Ayaz Mütəllibovun prezident vəzifəsindən uzaqlaşdırılması doğru qərar idi və aradan keçən 28 il də bunu sübut etdi.
Bu fikirləri Teleqraf.com-a Aydınlar Partiyasının sədri, 1992-ci il mayın 15-də Ayaz Mütəllibovun prezident vəzifəsindən kənarlaşdırılması prosesində iştirk edən Qulamhüseyn Əlibəyli deyib.
Onun fikrincə, indi Mütəllibovun hakimiyyətdən uzaqlaşdırılmasının qeyri-qanuni olması haqda irəli sürülən iddiaların heç bir əsası yoxdur: “İlk öncə onu deyək ki, Mütəllibovun mart ayında verdiyi istefa qəbul edilmişdi və artıq o, Azərbaycan Respublikasının prezidenti deyildi. Hətta onun təminatı haqqında ayrıca qanun qəbul edildi. Amma bunun üzərindən 2 ay keçdikdən sonra Ali Sovet Mütəllibovun təzyiq altında istefa verdiyini bəhanə edərək istefa qərarını ləğv etdiyini açıqladı.
Sizə bildirim ki, istefa qəbul olunubsa, 2 aydan sonra onu geri götürmək nə hüquqi, nə də siyasi baxımdan doğru deyil. Sadəcə olaraq Mütəllibovun bu addımı hakimiyyətin yenidən ələ keçirilməsi kimi qiymətləndirilməli idi”.
Müsahibimiz əlavə edib ki, Azərbaycan xalqı 1992-ci il, mayın 15-də ayağa qalxaraq Mütəllibovun hakimiyyəti ələ keçirmək cəhdinə müqavimət göstərib: “Xalqın etirazına da Azərbaycan Xalq Cəbhəsi rəhbərlik etdi. Həmin vaxt bu addım doğru idi. Hətta hakimiyyəti keçmiş prezident ələ keçirmiş olsa belə, ona qarşı çıxmaq doğru addım idi”.
Q.Əlibəyli Ayaz Mütəllibovu devirən Xalq Cəbhəsinin hakimiyyətə çevriliş yolu ilə gəldiyi haqda iddiaları da əsassız sayır: “Həmin dövrdə Ali Sovet toplaşaraq səlahiyyətlərini Milli Məclisə verdi. Milli Məclisin sədri seçildi. İyun ayının 7-də də demokratik prezident seçkiləri keçirildi. Və bu seçkilərdə Xalq Cəbhəsinin namizədi Əbülfəz Elçibəy qalib gəldi. Bu tamamilə qanuna uyğun prosedur idi. Yəni hakimiyyətə çevriliş yolu ilə gəlmək haqda iddialar əsassızdır”.