15 May 2020 11:13
18 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Koronavirus pandemiyasının süni, yoxsa təbii yola yayılmasına dair gərgin müzakirələr gedir. ABŞ Çini, Çin də ABŞ-ı ittiham edir. Sizin bu haqda fikriniz nədir?

- Düşünürəm ki, belə bir virus mövcuddur, amma onun təbliğ edildiyi kimi, qorxulu olduğunu qəbul etmirəm. Fikrimcə, bu məsələyə təkcə tibbi-bioloji problem kimi yanaşmaq düzgün olmazdı. Mütəxəssislər virusun yaranması, yoluxması, hətta, müalicəsi ilə əlaqədar ziddiyyətli fikirlər, mülahizələr səsləndirirlər. Dəqiq, yekdil bir mövqe yoxdur. Bir qrup məhşur virusoloq bu xəstəliyin ev şəraitində müalicəsinin mümkünlüyünü qeyd edir, amma KİV-dən aldığımız məlumatlar tamam başa bir reallığı əks etdirir. İnsanda belə bir təsəvvür yaranır ki, sankı dünya dövlətləri bu virusdan ölənlərin sayının artması ilə bağlı yarışa girib. Belə bir hal istər-istəməz cəmiyyətdə psixoloji gərginlik, vahimə, qorxu yaradır. Hesab edirəm ki, bu pandemiya ilə əlaqədar təbliğat bitdikdən sonra da insanların psixologiyasında yaranmış gərginlik hələ uzun müddət qalacaq.

Sualınızın ikinci hissəsinə münasibət bildirərək demək istərdim ki, bu virus istər labaratoriya şəraitində yaradılmış olsun , istərsə də təbii, (mən bu sahə üzrə mütəxəssis olmadığım üçün dəqiq fikir söyləyə bilmərəm), amma artıq qlobal müstəvidə aparılan təbliğat kampaniyası bunun daha çox iqtisadi və siyasi maraqlara xidmət etdiyini göstərir. Əslində tərəqqipərvər bəşəriyyət qarşılaşdığı problemin həllində birgə çıxış yollarını axtarmalıdır. Günahkar axtarışında olmaq, onu cəzalandırmaq istəyi yaranmış mövcud vəziyyətdən çıxış yolu deyil.

Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, bu böyük bir siyasi oyundur və bu oyunu yaradanlar dünyanın mövcud durumunu dəyişmək niyyətindədir. Diqqət edin, qısa bir zaman ərzində koronavirus siyasəti dünya istisadiyyatını alt-üst edib, həyatı iflic vəziyyətə salıb. Hətta, iqtisadi cəhətdən daha güclü dövlətlər belə qlobal maliyyə böhranı ilə qarşılaşıb. Hesab edirəm ki, dünyada belə bir iqtisadi kollapsın yaranmasında sizin adlarını yuxarıda qeyd etdiyiniz dövlətlərdən daha çox transmilli korporasiyaların maraqları var. Ona görə düşünürəm ki, bu çox mürəkkəb bir məsələdir, göründüyü kimi sadə iş deyil.

- Keçmiş SSRİ-nin lideri İosif Stalin 1947-1948-ci illərdə qələmə aldığı məqaləsində yazır ki, kapitalistlərin gələcəkdə əsas silahı atom bombaları yox, bioloji silahlar, yəni süni yolla yaradılmış viruslar olacaq. Buna inanırsınızmı, o dövrə gəlib çatdıqmı?

- Buna inanmaq istəmzədim, amma Stalinin 70 il öncə söyləmiş olduğu fikir bu günün reallığında tam öz təsdiqini tapır. Artıq heç kim üçün sirr deyil ki, bu siyasət bəşəriyyət üçün eyni dairədən istiqamətlənir və idarə olunur. Bu tamaşanın rejissoru bir, əsəri eyniadlı, quraşdırılan səhnələr isə müxtəlifdir. Çox maraqlıdır, pandemiya məsələsi ortaya çıxan kimi neft və digər enerji məhsullarının dünya bazarında qiyməti kəskin şəkildə aşağı düşdü. “Özünü təcrid et, evdə otur” kampaniyası geniş vüsət aldı. Ölkələr məcbur olub dövlət büdcəsindən vətəndaşlarına vəsait ayırdılar. Sərhədlər bağlandı, hava, dəmir yolu və su nəqliyyatları istər ölkə daxili, istərsə də xarici əlaqələr üçün tam dayandırıldı. Avtonəqliyyata ciddi məhdudiyyətlər qoyuldu. Bununla yanaşı, nəhəng sənaye müəssisələrinin, fabrik və zavodların , iri ticarət obyektlərinin fəaliyyətinə qadağalar tətbiq olundu. Bütün bunların hamısı bütövlükdə dünya dövlətlərinin iqtisadiyyatlarına ağır zərbə vurmaqla onların çökdürülməsinə istiqamətlənib.

Üzləşdiyimiz vəziyyət insanda belə bir təsəvvür yaradır ki, koronavirus pandemiyası sanki bioloji bir silahdır və dünya elan olunmamış bir müharibə ilə qarşılaşıb. Bəzi siyasətçilər və ekspertlər dünyanın yeni bir mərhələyə, eraya qədəm qoyduğu fikrini tez-tez səsləndirirlər. Mən də bu fikirlə tam razıyam. Ancaq bəzilərindən fərqli olaraq mənim gəldiyim qənaət ondan ibarətdir ki, bu oyun, bu ssenarinin müəlliflərinin yox, tərəqqipərvər bəşəriyyətin qələbəsi ilə nəticələnəcək.

- Sizcə, belə virusları süni yolla yaradanlar nəyə nail olmaq istəyirlər, məqsəd insanları istədikləri sayda öldürməkdir, yoxsa özlərindən asılı vəziyyətə salmaq?

- Kapitalizm təbiətcə yırtıcı, vəhşi bir xarakterə malikdir. Onun inkişaf etmiş mərhələsi də imperializmdir. İmperializmin məqsədi isə dünya ağalığına nail olmaqdır. Hazırda kapitalizm özünün imperializm dövrünü yaşıyır və gələcəkdə baş verəcək hadisələri anlamadan məhvə doğru gedir. Yaşadığımız sivilizasiyada kapitalizm formasyiyası artıq öz limitini başa vurub, reanimasiya şəraitindədir. O lokal müharibələr, məhəllə münaqişələri, “rəngli inqilablar” törətməklə ömrünü uzatmaq istəyirdi. Bunlar bir nəticə vermədikdə düşdüyü burulğandan qurtulmaq üçün bəşəriyyətə epidemiya müharibəsi elan edib. Bu son cəhd də kapitalizm formasiyasının tarixin arxivinə gömülməyi ilə nətcələnəcək.

- Bəs kommunizm niyə qloballaşa bilmədi, sanki SSRİ-nin dağılması ilə tarixin arxivinə gömüldü?

- Qloballaşma kapitalizmə xas olan xarakterdir. Kommunizm isə ümümbəşər bir ideologiyadır, onun tarixin arxivinə gömülməsi mümkünsüzdür. Nə qədər ki, vətəndaş cəmiyyəti var, planetdə şüurlu insanlar yaşıyır, kommunizm ideologiyası daim var olacaq, ədalətli sosial cəmiyyət uğrunda mübarizə isə mütləqdir. Kommunizm ideologiyası elə bir rüşeymdir ki, onu insan şüurundan çıxarıb atmaq qeyri-mümkündür. SSRİ-nin dağılmasını isə kommunizmin tarixin arxivinə getməsi kimi qiymətləndirmək olduqca yanlışdır. SSRİ bir subyekt olaraq xəyanət nəticəsində parçalandı və bunun nəticəsidə də Sov.İKP hakim partiya statusunu itirərək siyasi səhnədən getdi.

Ancaq bu əsas vermir ki, SSRİ-nin dağılmasını kommunizmin tarixin arxivinə gömülməsi kimi dəyərləndirəsən. Bu gün yaşadığımız planetdə sosializm yolu tutmuş, oturuşmuş, iqtisdiyyatı yetərincə sabit və dinamik inkişaf mərhələsində olan xeyli dövlətlər var ki, onları sadalamaqla sizin vaxtınızı almaq istəmirəm. Sadəcə diqqətinizə çatdırmaq istəyirəm ki, sosial-ədalətli cəmiyyətin qurulması üçün heç də kommunist partiyasının hakim partiya statusuna malik olması əsas şərtlərdən deyil. Əsas məsələ cəmiyyətdə kommunizim ideyalarının bərqərar olması, insanların azad, bərabərhüquqlu, rahat və əmin-aman yaşamasıdır.

- Niyə son illər solçu ideyalar daha çox Kuba inqilabının, konkret adla ifadə etsək, inqilab lideri Ernesto Çe Gevaranın şəxsiyyəti ətrafında təşəkkül tapır? Halbuki bu inqilabi toxumları Lenin səpmişdi və bu ideyalar ondan başlayır.

- Sol ideya Lenindən çox-çox əvvəllər - bəşər tarixi yarandığı gündən mövcuddur. Buna misal olaraq eramızdan əvvəl baş verən Məzdək hərəkatını və ondan sonrakı dövrlərdə xalq üsyanlarını, etirazlarını göstərmək olar. Sonralar bir çox filosoflar, alimlər, şairlər, mütəfəkkir insanlar bu ideya ətrafında çoxlu mülahizələr, fikirlər səsləndirdi. 19-cu əsrin ortalarında isə Karl Marks sələflərindən bəhrələnərək elmi sosializmin və sinfi mübarizənin nəzəriyyəsini yartdı. Məhz bu nəzəriyyə ilə silahlanmış Lenin rəhbərlik etdiyi Bolşeviklər Partiyası ilə birlikdə 1917-ci ilin oktyabr ayında sosialist inqilabının qələbə çalmasına nail oldu. Bütün bunları nəzərə alaraq, birmənalı şəkildə demək olar ki, sosialist inqilabının banisi və lideri, dünya proletariatının dahi rəhbəri Leninindir. Çe Gevara isə cəmiyyətdə bu ideologiyanın yaradıcısı kimi yox, mübarizlik, qəhrəmanlıq simvolu kimi qəbul olunur.

- Belarus Prezidenti Aleksandr Lukaşenko keçmiş sovet respublikalarını birləşməyə çağırdı. Sizcə, bundan sonra belə bir birlik mümkün ola bilərmi?

- Həyatda mümkün olmayan bir iş yoxdur. Lakin, görüləcək işin mahiyyətinin nədən ibarət olacağı, birləşmənin hansı formada təşəkkül tapacağı və onun cəmiyyətə nə verəcəyi daha önəmli məsələdir. Hesab edirəm ki, belə səpkili çağrışlar yalnız arzu və istək xarakterlidir.

- Digər yandan, Rusiya və Belarusun Birlik Dövləti formatında birləşməsi məsələsi Putin və Lukaşenko arasında müzakirə mövzusudur. Sizcə, bu birləşmə baş tutsa, bu, Rusiyanın imperiya ambisiyasının bir qədər də şişməsinə yol açmazmı, yəni keçmiş sovet respublikalarına təhlükə yaratmazmı?

- Belə bir ittifaqın yaradılması hələ Rusiya Federasiyasının keçmiş prezidenti Boris Yeltsinin hakimiyyətdə olduğu dövrdən mövcuddur. Bu günə kimi müzakirələr davam etdirilir, ancaq ortada konkret bir nəticə yoxdur və inanmıram ki, bu, yaxın gələcəkdə də mümkün olsun. Nəzərdə tutduğunuz ittifaqın isə heç üfüqləri belə görünmür. Sadəcə bu iki dövlət arasında ticarət mübadiləsində qarşılıqlı güzəştlər var, başqa heç nə.

İmperiya ambisiyası fikrinə gəlincə, bu haqda onu deyə bilərəm ki, bəzi dövlətlərin imperiya istəkləri həmin dövlətin yaranması ilə birlikdə formalaşıb. Məsələn, ABŞ, Fransa, Türkiyə, Böyük Britaniya, Almaniya, o cümlədən Rusiya. ABŞ bu gün heç nədən çəkinmədən imperiya siyasəti aparır. Bunun üçün ona lazım da deyil ki, hansısa bir müstəqil dövlət ABŞ-ın ştatlarından birinə çevrilsin. O istədiyi dövlətə öz iradəsini qəbul etdirməyə cəhd edir və bir çox hallarda da buna nail olur.

Hesab edirəm ki, SSRİ dövründə Rusiyanın həmin ittifaqa daxil olan respublikalara təsir imkanları, bugünkü reallıqlar baxımından çox məhdud idi. Məhz SSRİ konistitusiyası, Sov.İKP-nin proqramı buna imkan vermirdi. Bu gün isə Rusiya Federasiyası özünün imperiya siyasətini aparmaqda daha sərbəstdir. Yəqin ki, nə demək istədiyimi yaxşı anlayırsınız. İmperiyaya daxil olan dövlətlər bir növ xarici müdaxilələrdən və təcavüzlərdən qorunmuş olurlar, bu da onların öz növbəsində mərkəzdən müəyyən asılılıqlarını yaradırdı. Sovet İttifaqına daxil olan müttəfiq respublikalara qarşı isə imperiya siyasəti aparılmırdı. İttifaqa daxil olan respublikalar daha sərbəst, daha müstəqil idilər. Bu şəraiti də onlar üçün məhz sosializm qurluşu yaratmışdı. SSRİ imperiya yox, müxtəlif xalqların, millətlərin bərabərhüquqlu dostluq-qardaşlıq ittifaqı idi.

- Bəs Rusiya Dağlıq Qarabağ münaqişəsində Ermənistanın tərəfində durmaqla nəyə nail olmağa cəhd edir? Kreml Azərbaycandan nə istəyir?

- Mən məsələyə siz deyən kimi yanaşmıram. Rusiya heç də Ermənistanın tərəfində deyil, baxmayaraq ki, onların hər ikisi KTMT-nin üzvüdür. Bu gün Azərbaycan və Rusiya Federasiyası arasında çox sıx dostluq və ticarət əlaqələri var. Son zamanlar Ermənistan-Rusiya münasibətlərinin soyuması, yəni Paşinyan hökuməti ilə əlaqələrin zəifləməsi göz önündədir. Rusiya bir dövlət olaraq, öz qonşuları ilə mehriban münasibətlər yaratmaqda maraqlıdır. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, bu münaqişənin həlli ilə əlaqədar yaradılmış Minsk qrupuna daxil olan və həmin qrupa həmsədrlik edən Rusiya ilə yanaşı ABŞ, Fransa kimi dövlətlərin də mövqelərini diqqətdən kənarda qoymaq olmaz.

Bu baxımdan da Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin həllini yalnız Rusiyada axtarmaq düzgün deyil. Baxmayaraq ki, cəmiyyətdə belə bir fikir formalaşıb, guya Qarabağ probleminin açarı Rusiyanın əlindədir. Əslində belə yanaşma tamamilə yanlışdır. Həmsədr dövlətlərin, o cümlədən bu qrupa daxil olan digər dövlətlərin bir araya gələmələri lazımdır ki, bu problem sülh yolu ilə öz həllini tapsın. Nəzərə alsaq ki, həmsədr dövlətlər özlərinə aid olan məsələlərdə də bir araya gələ bilmirlər, onda münaqişənin dinc yolla həlli mümkünsüz görünür. Hərdən məndə belə bir təəssürat yaranır, sanki bilərəkdən bu qrupu yaradıblar ki, bu münaqişə heç vaxt öz həllini tapa bilməsin. Bütün bunları nəzərə alsaq, onda Kremlin Azərbaycandan nə isə istəməsi mənasız görünür. BMT-nin Dağlıq Qarabağ münaqişəsinin çözülməsi ilə əlaqədar dörd məlum qətnaməsi var. Bu qətnamələrin icra olunması yetər ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər