Biz son illərdə Azərbaycanda yeni, innovativ dövlət qurumlarının yaradılmasının şahidi oluruq. Belə dövlət qurumlarından biri də faktiki olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, yaxud qısaca olaraq DOST Agentliyidir. Biz bu qurumların timsalında dövlət-vətəndaş, məmur-vətəndaş münasibətlərinə yeni, innovativ yanaşmaların ortaya qoyulduğunu görməkdəyik.
Bunu Teleqraf.com-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirib.
O qeyd edib ki, bu dövlət qurumları kifayət qədər uğurlu və effektiv olublar:
“Sözsüz ki, biz bura ASAN Xidmət mərkəzlərini də aid etməliyik. Bütün bu qurumların fəaliyyətinin əsas istiqamətləri, başlıca prinsipləri vətəndaşların güzəranının, sosial vəziyyətinin yaxşılaşdırılması, eyni zamanda onların daha keyfiyyətli və çevik idarəetmə sistemindən bəhrələnməsidir. Çünki biz bilirik ki, əvvəllər bir məsələni həll etmək üçün bir neçə instansiyaya müraciət etmək, çoxlu sənədlər təqdim etmək lazım idi. İndisə demək olar ki, bir düymə ilə bütün bu məsələlər həll olunur. Təbii ki, ayrı-ayrı sosial qruplara diqqət dövlətin qarşısında duran ən ali məqsədlərdən biridir. Azərbaycan da bütün sosial qruplara ünvanlanan sistematik tədbirlər həyata keçirir. Bu siyasət ələlxüsus son illərdə geniş vüsət alıb. Müxtəlif sosial qruplara istiqamətlənmiş bu tədbirlər insanlar tərəfindən rəğbətlə qarşılanır. Eyni zamanda biz ölkəmizin pandemiyaya qarşı uğurla mübarizə aparan ölkələr sırasında olmasını da qeyd etməliyik. Bütün bu məqamlar dövlət başçısının mayın 19-da Azərbaycan Televiziyasına müsahibəsində də çox düzgün olaraq öz əksini tapdı. Azərbaycan nəinki özünə qapanmadı, əksinə dünya dövlətlərinin virusla mübarizədə birliyinin vacibliyi ideyasını ortaya qoydu”.
Prezident İlham Əliyevin gənclərə geniş imkanlar yaradılması, onların irəli çəkilməsinə dair fikirlərinə toxunan Zaur Məmmədov deyib:
“Müasirləşən dünya ilə ayaqlaşmaq, dövlət idarəçiliyinin daha da effektivliyi üçün gənc kadrların da dövlət idarəçiliyinə gətirilməsi labüd idi və artıq xeyli vaxtdır ki, biz gənc kadrların irəli çəkilməsinə şahidlik edirik. Dövlət başçısı da müsahibə zamanı qeyd etdi ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə – nazir, icra başçısı vəzifələrinə təyin olunur. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclər var və DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir”.
Qeyd edək ki, mayın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər. Yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Prezident müsahibə zamanı dövlətin sosial siyasəti, koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin beynəlxalq miqyasda gördüyü işlər, dövlətin gənclər siyasəti, informasiya texnologiyaları və innovasiyaların tətbiqi və digər mühüm məsələlər barədə danışıb.