4 İyun 2020 14:15
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə yeni müavini Enrike Mora ilə video-konfrans formatında görüş keçirib.

Teleqraf.com xəbər verir ki, görüş zamanı nazir müavini Azərbaycanın Avropa İttifaqı ilə təhlükəsizlik sahəsində dialoqunun əhəmiyyətini qeyd edərək bu günədək müvafiq sahədə yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə Bakı şəhərində keçirilən görüşlərin səmərəliliyinə və əhəmiyyətinə diqqət çəkib. O, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı Aİ-nin mövqeyinə görə təşəkkürünü bildirib və Aİ Xarici İşlər Nazirləri Şurasının Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı 12 may 2020-ci il tarixli yekunlar sənədində, həmçinin Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin bu ilin 28 may tarixində BMT Təhlükəsizlik Şurasının brifinqində vurğulandığı kimi, bu prinsiplərin Aİ-nin tərəfdaş ölkələrlə münasibətlərində əsas element kimi qalacağına əminliyini ifadə edib.

E.Mora Xarici İşlər Nazirliyinin rəsmisi kimi İspaniya nümayəndə heyətinin tərkibində Azərbaycana səfərlərini məmnuniyyətlə xatırlayıb və xoş təəssüratlarını bölüşüb. E.Mora Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında Aİ-nin önəmli tərəfdaşı olduğunu, Azərbaycanın regional təhlükəsizlik və sabitliyə böyük töhfə verdiyini, dünyəvilik dəyərlərinə malik Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynadığını bildirib. O, Aİ-nin ölkəmizlə bağlantılar, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu vurğulayıb. Aİ rəsmisi “COVID-19” ilə mübarizədə Azərbaycanın effektiv tədbirlər həyata keçirdiyini, pandemiyanın təsirlərinin aradan qaldırılmasında Aİ-nin Azərbaycana dəstək göstərməyə hazır olduğunu bildirib.

Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında Yeni İkitərəfli Saziş üzrə danışıqların irəlilədilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.


Müəllif: Səxavət

Oxşar xəbərlər