1918-ci il may ayının 29-da tarixi Azərbaycan şəhəri olan İrəvan şəhərinin Ermənistana güzəştə gedilməsinin sonrakı mərhələlər üçün mənfi əhəmiyyəti böyükdür. Onu da bildirim ki, bu məsələni mahz ilk dəfə dövlətimizin rəhbəri cənab Prezident İlham Əliyev gündəmə gətirdi. Çünki indiyə qədər beynəlxalq birlik və ayrı-ayrı təşkilatlar hesab edirdilər ki, təkcə Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında 7 rayonu işğal altındadır.
Teleqraf.com-a açıqlamasında bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
“Amma indi görürlər ki, hələ 1918-ci ilin may ayının 29-da Azərbaycanın tarixi şəhəri olan İrəvanı Xalq Cumhuriyyəti Ermənistana güzəştə gedib. Qarşılığında da düşünülüb ki, bundan sonra Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasında olmayacaq. Amma hadisələrin gedişi göstərdi ki, Cumhuriyyət bu məsələdə çox böyük səhfə yol verib. Çünki ermənilərin Cumhuriyyət ərazilərinə qarşı iddiaları demək olar ki, davamlı oldu. Tarix göstərdi ki, onların bu niyyəti təkcə İrəvanla bağlı olmayıb. Ermənilər 1988-ci ildən üzü bəri bu iddialarını reallaşdırmaq üçün artıq daha açıq işğalçılıq mövqeyini ortaya qoymağa başladılar. Eyni zamanda Ermənistan təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı da açıq ərazi iddiasındadır. Bundan başqa onların hətta gizlin şəkildə Gürcüstana da ərazi iddiaları mövcuddur”.
Millət vəkili məhz bu nöqteyi nəzərdən bu cür məsəllərin yenidən gündəmə gətirilməsinin çox böyük əhmiyyətinin olduğunu da vurğuladı.
Bildirdi ki, dünya birliyi açıq şəkildə görsün ki, faktiki olaraq Ermənistan dövləti öz mahiyyəti etibarı ilə işğalçı dövlətdir. Onlar tarixən Azərbaycanın ələ keçirmiş olduqları tarixi ərazilərində yer adlarının, toponimlərin dəyişdirilməsi, məhv edilməsi siyasətini həyata keçirir. Toponimlərin adlarını dəyişdirir erməniləşdirir və bu artıq Ermənistanda dövlət siyasətinə çevrilmiş bir reallıqdır.
Deputat həmçinin yenidən bu məsələnin gündəmə gəlməsinin Azərbaycan gəncliyinin də real tariximiz haqqında dərin bilgi almasına yardım edəcəyini də diqqətə çatdırdı.
Millət vəkili vurğuladı ki, İrəvanın Ermənistana verilməsi ilə Türkiyə olan sərhədlərimizi də itirmiş olduq. Coğrafi baxımdan bu türk dünyasının parçalanmasında rol oynadı.
“Ermənilər Dağlıq Qarabağa köçmələrinin 150 illik yubileyini 1978-ci ildə qeyd ediblər və tarixi əks etdirən abidə ucaldıblar. Bunlar sonradan bu izləri itirmək üçün həmin abidəni belə dağıdıblar. Amma tarixi mənbələrdə bunu təsdiq edən foto kadrlar mövcuddur. Qeyd etməliyəm ki, tarixi faktların cənab Prezindet tərəfindən Azərbaycan ictimaiyyətinə, beynəlxalq ictiamiyyətə çatdırılmasının çox böyük əhəmiyyəti var. Bir daha təsdiq olunmuş oldu ki, faktiki olaraq Ermənistan işğalçı dövlətdir. O, dünən də belə olub, bu gün də belədir, və sabah üçün də onun ayrı -ayrı dövlətlərə qarşı ərazi iddiaları olcaq. Yəni, Ermənistan işğalçı obrazını bir daha göstərmək üçün bu məsəllərin yenidən açılması çox mühümdür. Eyni zamanda Azərbaycan tarixçiləri qarşısında növbəti bir vəzifə qoyuldu ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə toponimlərin dəyişdirilməsi ilə bağlı məsəlləri ciddi araşdırsınlar. Qoy bu məsələni səfirliklərimiz və digər orqanlarımız beynəlxalq ictimaiyyətə çatdırmış olsun. Dünya ictimaiyyəti bilsin ki, Ermənistanın özü üçün paytaxt elan etdiyi İrəvanın özü də tarixi Azərbaycan torpağıdır.
Onu da əlavə edim ki, ermənilər növbəti dəfə 1960-cı ilərdə də Azərbaycana qarşı ərazi iddiaları irəli sürdülər. Yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə onların bütün bu iddialarının qarşısı alındı. Hətta onlar Ulu Öndər Moskvada olarkən də bu iddiaları qaldıra bilmədilər. 1987-ci ildə isə Ulu Öndər Heydər Əliyev artıq siyasi bürodan uzaqlaşdırıldıqdan iki həftə sonra ermənilər Azərbaycana qarşı ərazi iddialarını beynəlxalq mətbuatda səsləndirməyə başladılar”.