Koronovirus pandemiya halını aldıqdan sonra ölkədə karantin rejimi tətbiq olundu. İlk gündən ən ağır yük asayiş keşikçilərinin üzərinə düşdü. Demək olar ki, Daxili İşlər Nazirliyinin bütün şəxsi heyəti gecə-gündüz insanların rahat yaşayışını təmin etdilər. Yollarda hərəkətin məhdudlaşdırıldığı dövrdə polis işçiləri ilə dəfələrlə şəxsən ünsiyyətdə olmuşam və hər dəfə onların yüksək davranış mədəniyyəti göstərdiklərinə təşəkkür etmişəm.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.
"Mən deməzdim polisə qarşı kütləvi kampaniya aparırlar. Əksinə, son hadisələr göstərdi ki, əhalinin azı 94-95 faizi polisin apardığı işi dəstəkləyir", - deyə millət vəkili əlavə edib.
O, milyonlarla insanın iki gün ərzində evdən bayıra çıxmadığını vurğulayıb: "Ancaq təəssüf ki, bəzi vətəndaşlarımız heç bir zərurət olmadan özlərini “qəhrəman” kimi göstərmək üçün qaydaları pozmaqla, özlərinin və yaxınlarının həyatlarını təhlükə altında qoyurlar. Bəziləri polisin qanuni tələblərinə tabesizlik nümayiş etdirdilər. Sosial şəbəkədə izlədiyim ən dəhşətlisi isə bir nəfərin insanları polisin başına zibil tökmək çağırışı idi. Belə şey yolverilməzdir. Biz gənc nəslə hansı nümunəni göstəririk".
Nəsib Məhəməliyev onu da qeyd edib ki, polis-vətəndaş qarşıdurmasından istifadə etmək, bulanıq suda balıq tutmaq istəyən qüvvələr var: "Bu qüvvələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, əhalinin narazı təbəqəsindən öz siyasi məqsədləri üçün istifadə etmək istəyən radikallar və "5-ci kolon"un nümayəndələridir".
Millət vəkili bildirib ki, Azərbaycan cəmiyyəti kifayət qədər müdrikdir və yekdilliklə onu hər hansı təhlükədən, əmin amanlığını təmin edən asayiş keşikçilərini dəstəkləyir: "Polis də xalqın tərkib hissəsidir. Onları bir-birinə qarşı qoymaq olmaz".