13 İyun 2020 22:00
4 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Qurtuluşun tarixi əhəmiyyətini düzgün dərk etmək və qiymətləndirmək üçün həmin zaman kəsiyində baş vermiş hadisələrə diqqət yetirmək lazımdır”.

Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Milli Qurtuluş Günü ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- Milli Qurtuluş Günü kimi tarixə yazılmış bu hadisənin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir? Niyə dövrün ölkə rəhbərliyi üçün Heydər Əliyevi Bakıya dəvət etmək zərurəti yarandı?

- Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Qurtuluşun tarixi əhəmiyyətini düzgün dərk etmək və qiymətləndirmək üçün həmin zaman kəsiyində baş vermiş hadisələrə diqqət yetirmək lazımdır.

Azərbaycan 1990-cı illərin əvvəllərində müstəqilliyini qazandıqdan sonra kifayət qədər problemlərlə üz-üzə qaldı. Ermənistanın Azərbaycana qarşı geniş miqyas daşıyan hücumları ara vermirdi, eyni zamanda Sovet İttifaqı dağılsa da, kommunist rejimi süquta uğrasa da, Kreml Cənubi Qafqazı əldən vermək istəmirdi, çalışırdı ki, onu özünün təsir dairəsində saxlasın. Buna görə də özünün forpostu olan Ermənistan vasitəsilə Azərbaycana qarşı total hücumları davam etdirirdi, nəticədə torpaqlarımız işğala məruz qaldı. Həmin dövrdə antimilli mövqe sərgiləyən və bütün ruhu ilə Moskvaya bağlı olan Ayaz Mütəllibov situasiyanı düzgün qiymətləndirmədi, Azərbaycan xalqı ilə birlikdə olmadı. Əslində onu Ayaz Mütəllibov edən, o səviyyəyə gəlib çatmasına böyük əmək sərf edən ulu öndərimizə çox nankor münasibət bəslədi və onun Azərbaycana gəlişinə ciddi şəkildə mane olmağa başladı.

Həmin dövrdə Azərbaycan xalqının geniş miqyas daşıyan azadlıq mübarizəsinin içindən çıxan Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək iddiasını ortaya qoydu. Beləliklə, ölkədə hakimiyyət uğrunda ciddi mübarizə getdi, nəticədə Ayaz Mütəllibov hakimiyyətdən uzaqlaşdırıldı və Xalq Cəbhəsi-Müsavat cütlüyü 1992-ci ildə prezident seçkisinin keçirilməsi ilə hakimiyyətə gəldi. Lakin bu komanda səriştəsiz və vahid bir platformadan çıxış etməyən, dağınıq bir komandaydı. Hər kəs çalışırdı ki, hakimiyyətdə özünün yerini möhkəmlətsin. Bir tərəfdə Xalq Cəbhəsi, başqa bir tərəfdə İsa Qəmbər və onun yaratmış olduğu Müsavat, üçüncü cinahda isə “Yurd”un xətti ilə dövlət və hakimiyyətdə əsas mövqeləri ələ keçirməyə çalışan Əli Kərimli vardı.

Beləliklə, hakimiyyət kifayət qədər parçalanmış vəziyyətdə idi. Xalq Cəbhəsi və Müsavatın səmərəsiz fəaliyyəti nəticəsində ölkədə hərbi, siyasi, sosial, iqtisadi və hakimiyyət böhranları bir-birilə çulğalaşmışdı. Həmin hakimiyyətin bu böhrandan çıxmaq imkanları yox idi. Çünki səriştəsiz idilər. Belə bir şəraitdən istifadə edərək, Moskva Azərbaycanda özünün hakimiyyətini yaratmaq üçün təsir dairəsində saxladığı Rəhim Qazıyevi, Surət Hüseynovu, Ələkrəm Hümbətovu hərəkətə keçirdi. 1993-cü il iyunun 4-də Gəncədə qiyam başladı. Bu qiyamın nəticəsində Surət Hüseynov bir çox rayonda hakimiyyəti ələ keçirdi. Son dərəcə ağır bir durumda, ciddi fəlakətlərin baş verdiyi zaman kəsiyində Azərbaycan xalqı öz müdrikliyini ortaya qoydu, Heydər Əliyevin hakimiyyətə gəlməsi uğrunda ciddi mübarizəyə başladı. Ziyalılar da Heydər Əliyevin hakimiyyətə gəlişini ölkənin xilası kimi görərək, bu mübarizənin içərisində yer aldılar. Həmin dövrdə həm hakimiyyətə gəlmək istəyən Ayaz Mütəllibov, həm də hakimiyyəti əldə saxlamağa çalışan Xalq Cəbhəsi-Müsavat cütlüyü Heydər Əliyev amilinə qısqanclıqla yanaşır, ən müxtəlif səviyyələrdə onun hakimiyyətə gəlməsinə mane olmağa çalışırdılar. Amma xalq ayağa qalxdı. Nə Ayaz Mütəllibov və onun komandası, nə də hakimiyyətdə olan Xalq Cəbhəsi-Müsavat cütlüyü xalqın bu iradəsi qarşısında dayana bildi.

Dövrün ölkə rəhbərliyi xalqın iradəsi qarşısında məcbur oldu ki, Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etsin. Məhz xalqın və Azərbaycanın müstəqilliyini istəyən, dövlətçiliyinə sadiq olan insanların ciddi fəaliyyəti ilə ulu öndərimiz hakimiyyətə gəldi. Dediyim kimi, o, hakimiyyətə gələndə Azərbaycan böyük bir böhranın içərisində idi, demək olar ki, vətəndaş müharibəsi başlamışdı. Bu, daha da alovlana bilərdi, söhbət Gəncədə baş verən qardaş qırğınından gedir. Başqa sözlə, ölkə idarəolunmaz vəziyyətdə idi. Həm şimal, həm də cənubda Azərbaycanın parçalanması prosesi reallaşırdı, artıq addımlar atılırdı. Ermənistan da öz himayədarlarının köməyi ilə bütün istiqamətlərdə hücuma keçmişdi. Belə bir vaxtda ulu öndərimiz hakimiyyətə qayıtdı, bu qayıdışla da, Azərbaycanı böyük fəlakətlərdən, faciələrdən qurtardı.

Ulu öndərin hakimiyyətə qayıdışı, doğru olaraq Qurtuluş Günü kimi tarixə düşdü. Çünki söhbət Azərbaycan xalqının böyük fəlakətlərdən qurtarılmasından gedir. Eyni zamanda, bu, müstəqilliyimizin məhv olma, ölkəmizin parçalanma təhlükələrindən qurtarılması kimi qəbul edilməli və dəyərləndirilməlidir. Bugünkü Azərbaycanın – beynəlxalq birlikdə nüfuzu olan və bölgədə söz sahibi olan bir ölkənin təməl daşını ulu öndərimiz 1993-cü il iyunun 15-də qoydu. Azərbaycan dövləti bu gün həmin təməl üzərində həm bəşəriyyətə, həm də xalqımıza öz əhəmiyyətli töhfələrini verməkdədir.

- Sizcə, o dövrdə ölkədə xaos yaratmaqda məqsəd nə idi, baş verənlər bir mərkəzə tabe idi?

- Ölkədə anarxiya hökm sürürdü, vəziyyətə nəzarət mümkün deyildi. Əslində ölkə idarə olunmurdu. Hakimiyyətdə təmsil olunan şəxslərin biri digərini qəbul etmir, hakimiyyətdə qalmaq və hakimiyyəti ələ keçirmək uğrunda ölüm-dirim mübarizəsinin içində idilər. Ölkədə idarəolunmaz bir vəziyyətin yarandığı dövrdə Rusiya və İran kimi dövlətlər Elçibəy hakimiyyətinin devrilməsində maraqlı idilər. Çalışırdılar ki, onun yerinə idarə edə biləcəkləri bir şəxsi gətirsinlər. Belə bir plan var idi?

- Məsələn, kimi gətirmək istəyirdilər?

- Məsələn, Moskva çalışırdı ki, Ayaz Mütəllibovu yenidən hakimiyyətə qaytarsın. İran da bununla müəyyən qədər razılaşmışdı. Çünki Ayaz Mütəllibov həm də İran üçün problem yaradan şəxs deyildi. Bu baxımdan, İran və Rusiyanın maraqları üst-üstə düşürdü. Heydər Əliyevin hakimiyyət gəlməsi ilə bütün bu planlar alt-üst oldu. Sözün həqiqi mənasında bütün ruhu ilə istiqlalçı olan ulu öndərimiz hakimiyyətin sükanı arxasına keçməklə həm Azərbaycanı, həm də milli istiqlal və dövlətçiliyi qoruyub saxlamaq üçün böyük mücadiləyə başladı və bu vəzifəni uğurla yerinə yetirdi.

- Bəs Heydər Əliyev savaşı necə dayandırdı?

- Xalq Cəbhəsinin yaratmış olduğu batalyonlar Əbülfəz Elçibəy Kələkiyə getdikdən sonra cəbhədən Bakıya çağırıldı. Azərbaycan xalqı əliyalın şəkildə erməni işğalçıları ilə üz-üzə qaldı. Təsadüfi deyil ki, dalbadal 7 rayon işğal edildi. Bir daha təkrar edirəm, bu işğal prosesində həmin dövrdə hakimiyyətin içərisində də olan “Yeltsin komandası” da Ermənistanın yanında idi. Ulu öndərimiz bununla bağlı çox ciddi addımlar atdı, prezident seçildikdən sonra – dekabr ayında Azərbaycan xalqına müraciət etdi. Vaxtilə - sovetin dövründə xidmətdə olan övladlarımız ulu öndərin bu çağırışı ilə səfərbərliyə alındı. Beləliklə, genişmiqyaslı hücumların qarşısını almaq üçün ciddi addımlar atıldı. Ən mühüm addımlardan biri də Ermənistanın Horadiz istiqamətindəki hərbi qüvvələrinə ağır zərbələrin vurulması idi. Bununla Rusiyanın birbaşa iştirak etdiyi əməliyyatların qarşısı alındı və onlara ciddi zərbələr endirildi.

Vəziyyətin gərginliyini nəzərə alaraq, məhz Rusiyanın təşəbbüsü ilə atəşkəs rejiminin başlaması ilə bağlı danışıqlar getdi və 1994-cü ilin mayında atəşkəs sazişi imzalandı. Bu, həmin zaman kəsiyində ölkəmiz üçün əlverişli idi. Çünki dövləti qurmaq, ölkə daxilindəki problemləri həll etmək lazım idi. Habelə, Ermənistanın geniş miqyas daşıyan hücumlarının qarşısını almaq üçün fasilə götürüb güclü ordu qurmaq lazım idi. Bütün bunlara görə də atəşkəsə gedildi. Beləliklə, Ermənistanın genişmiqyaslı hücumlarının qarşısı alındı və milli dövlətçiliyin yaradılması prosesi həyata keçirildi: Konstitusiya qəbul edildi, parlament seçkiləri keçirildi. Bundan əvvəl – 1994-cü il sentyabrın 20-də müstəqilliyimizin qarantı olan “Əsrin müqaviləsi” imzalandı. Beləliklə, Azərbaycan milli dövlətçilik quruculuğuna başladı, bunun da yaradıcı və memarı da ulu öndərimiz Heydər Əliyev idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər