Ən yaxın tarixə nəzər salsaq, 1988-ci ildən 1994-cü ilə qədər və atəşkəsdən sonrakı dövrü xüsusi qiymətləndirmək lazımdır. Hələ sovetlər dönəmindən başlayaraq Dağlıq Qarabağ münaqişəsinin ilk illərində artıq bir sıra dövlətlərin məhz Azərbaycanda etnik qarşıdurmanı yaratması ilə bağlı cücərtiləri sezmək mümkün olurdu.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.
O qeyd edib ki, bütün bu problemlərin qarşısının alınmasında olan əsas şərt məhz lidersizlik idi: "Ümumiyyətlə, bir milləti məhv etməyə başladıqda ilk öncə onun milli-mənəvi dəyərlərini ilə yanaşı, liderlərini də sıradan çıxarırlar. Bunun ardınca isə digər məhvedici addımları ardıcıllıqla atmağa başlayırlar. Bu da dövlət qurumlarına olan inamın itirilməsi kimi prinsipləri özündə ehtiva edir. Hətta burada dilin get-gedə sıradan çıxarılması məsələsi də önəm daşıyırdı. Bir sıra dövlətlər, eyni zamanda Ermənistan vasitəsilə bundan da səmərəli şəkildə istifadə etməyə çalışırdılar.
Bütün bunların fonunda 1990-cı ildə Bakıda Qanlı Yanvar hadisələrini törətməklə böyük bir qarşıdurma yaratmağa nail oldular. Məhz bu hadisəyə ilk olaraq Ulu Öndər Heydər Əliyevin Moskvadakı konsulluqda etirazı sonrakı dövrlər üçün böyük əhəmiyyət kəsb etməyə başladı. Sonradan məlum oldu ki, bu proseslərdə Ulu Öndər Heydər Əliyev doğurdan da uzaqörənlik edib.
Ardıcıl olaraq 1991-ci ildə proseslər demək olar ki, pik nöqtəyə çatmış oldu. Nəhayət, 1991-cü ilin oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etdi. O zaman Ulu Öndərin Naxçıvana gəlməsi və Naxçıvan Ali Məclisinə rəhbərlik etməsi, Azərbaycanın üç rəngli bayrağının məhz ilk dəfə burada ucaldılması çox əhəmiyyətli hadisələrdən biri kimi müasir tariximizə daxil oldu”.
Deputat bildirib ki, 1992-1993-cü illərdə artıq Dağlıq Qarabağ münaqişəsinin ən alovlu dönəmləri baş verdi: "Ölkədə o zaman üçün müxtəlif silahlı dəstələr formalaşmışdı. Onların hər biri ayrı-ayrı dairələrdən maliyyələşirdi. Eyni zamanda açıq silahlı təhdidlər siyasi platformalarda daha qabarıq idi. Onlar da öz maraqlarını təmin etmək üçün əllərində formalaşdırdıqları gücdən istədikləri istiqamətə qarşı istifadə etməyə çalışırdılar.
Mən özüm də 1991-ci ildən başlayaraq vətənimizin müdafiəsi naminə Dağlıq Qarabağ müharibəsinin iştirakçısı olaraq bir sıra uğurlu əməliyyatların iştirakçısı olmuşam. Şahidi olmuşam ki, ordumuz hansı qruplaşmaların əlindədir. Sonradan AXC-Musavat cütlüyü hakimiyyətə gəldikdən sonra da bu proseslər davam etdi. Artıq Azərbaycanın müəyyən feodallıqlara bölünməsi istiqamətində addımlar atılırdı.
Bu, iqtisadi və siyasi cəhətdən də real parçalanma demək idi. Həmçinin qanunvericilik orqanlarında da məcburi qanunlar qəbul etdirilirdi. Buna misal olaraq o dövrdə Milli Məclisin mühasirəyə alınması, deputatların girov götürülməsi əyani faktlardandır. Belə bir dönəmdə xalqımızın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi və ilk öncə ayri-ayrı silahlı qruplaşmaların ləgv edilməsi, Milli Məclisin yenidən təşkili istiqamətində zəruri addımlar atılması növbəti bir dövrün başlanğıcı üçün atılan ən mühüm addımlardan hesab olunurdu”.
A.Nağıyev vurğulayıb ki, o dövrdə əsas məsələ dağılmış və parçalanmış iqtisadiyyatı, siyasəti və mənəvi sarsıntını aradan qaldırmaqdan ibarət idi: "Ermənilərin arxasında güclü havadarları olduğuna görə çalışırdılar ki, daha çox Azərbaycan ərazilərini ələ keçirsinlər. Ona görə də nəyin bahasına olur-olsun zəifləmiş Azərbaycan ordusu üçün ətəşkəs ən mühüm məsələ idi".
Deputat atəşkəsə nail olduqdan sonra artıq neft strategiyasının reallaşdırılması və bir çox meqalayihələrə imza atılmasını ölkəmizin dirçəlməsinə mühüm təsir göstərən amillərdən olduğunu bildirib: "Bu sahədə də ölkəmizə qarşı böyük problemlər, təzyiqlər mövcud id. Bu kontraktlarda iştirak edən hər bir xarici dövlət öz yatırımları üçün zəmanət tələb edirdi. Zəmanət ondan ibarət idi ki, ilk öncə hüquqi tənzimləmələr aydın olsun, vergi və gömrük məsəlləri həllini tapsın. Eyni zamanda əsas prinsip hər bir addımdan öncə aparıcı liderin zəmanəti məsələsi əsas rol oynayırdı. Məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi ilə buna nail olundu.
Ordu quruculuğunu, iqtisadiyyatını dirçəldilməsi üçün əsas olan vəsaitlər ölkəyə daxil olmağa başladı. Ordu qurculuğu sahəsində mühüm addımlar atıldı, ölkənin təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət ayrıldı. Məhz bu amillərdən də Milli Qurtuluş Gününün çox mühüm əhəmiyyət kəs edən bir tarixi dönəmin başlanğıc günüdür”.
Millət vəkili söyləyib ki, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə gəlməsi ölkəmizi böyük bir bəladan xilas etmiş oldu:
"Bundan sonra ölkəmiz dünya miqyasında müstəqil və öz iqtisadi dayanıqlığını təmin etməyi bacaran bir dövlət kimi tanınmağa başladı. Artıq bu proseslərdən sonra Azərbaycanla Ulu Öndərin simasında bütün beynəlxalq təşkilatlar və aparıcı dünya dövlətləri dialoqa, əməkdaşlığa qoşuldular.
Bu gün Azərbaycanda Ulu Öndər Heydər Əliyev siyasətini məhz cənab Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir. Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasında uğurla addımlayır”.