17 İyun 2020 17:50
3 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən çox əhalisinə malik olan Hindistan və Çin arasında müşahidə olunan gərginlik ciddi narahatlıqla izlənilir. Beynəlxalq ictimaiyyətin narahatlığı həm də bu ölkələrin hər ikisinin kifayət qədər nüvə arsenalına malik olması ilə bağlıdır. Hindistan ordusunun Çinlə sərhəd Ladax sərhəd məntəqəsində 20 hərbçisi öldürülüb. Çin tərəfindən də itkilərin olduğu bildirilir. Hindistan və Çin arasında sərhəd Qalvan vadisi adlanan bölgəyə dair mübahisə 1962-ci ildən mövcuddur. Ancaq indi dünyanın gərgin bir vəziyyətində Dehli ilə Pekin arasında qəfildən yaranan konfliktin heç də təsadüfən olmadığına dair fikirlər var. Ekspertlər iddia edirlər ki, əslində Çinlə aqressiv davranan ABŞ Pekini Hindistanla üz-üzə qoymaqla əl-qolunu bağlamağa çalışır.

Teleqraf.com-un bu mövzuda suallarına siyasi analitik, professor Əli Abbasov cavab verib.

- Əli müəllim, hazırda Hindistanla Çin sərhəddində gərginlik müşahidə edilir, biri polkovnik olmaqla Hindistan tərəfindən 20-dən çox hərbçi öldürülüb. Asiya qitəsinin iki nəhəng dövləti arasında yaranan və hər an müharibəyə çevrilmə ehtimalı yüksək olan bu vəziyyəti necə qiymətləndirirsiniz?

- Problem ondadır ki, regionun iki super dövləti olan Çinlə Hindistan arasında gərginlik yaşanır. Bu konfliktdə səhnə arxasında Rusiya və Amerikanın əlləri var. Hər iki dövlət istəyir ki, Hindistanı öz tərəfinə çəksin. Unutmayaq ki, Amerikanın İnkişaf proqramında Hindistan bir nömrəli dövlət kimi təqdim olunur və onu öz tərəfinə çəkmək strateji hədəf kimi qoyulur. Rusiyanın da öz maraqları var, rəsmi Moskva Hindistanla geniş əlaqələr qura bilib və kontaktlar yüksək səviyyədədir. Sözsüz ki, Çin və Hindistan arasında sərhəd problemi var, zamanında Pakistan bu münaqişədə Çinin tərəfindən çıxış etmişdi. Hindistan özü imkan verdi ki, Banqladeş yaransın və s. Yəni orada problem var. Amma problemdən istifadə edərək öz maraqlarını təmin etməyə çalışan səhnəarxası oyunçular da var. Mənim şəxsi qənaətim belədir ki, indi baş verənlər daha çox yeni dünya düzəni ilə əlaqəli məsələdir. Söhbət ondan gedir ki, yeni dünya düzənində Hindistan və Çinin rolu nədən ibarət ola bilər. Aydındır ki, dünyanın bu yeni mərhələsində əslində Pekin və Dehlinin güclü rolu var. O da aydındır ki, Çin və Hindistan həm də bir-birinə rəqib ölkələrdir.

- Siz demək istəyirsiniz ki, Hindistan və Çin arasında sərhəd problemi daim olub, amma indiki mərhələdə bu dövlətləri üz-üzə gətirmək istəyən ABŞ və Rusiyadır?

- İndi qlobal dünyada Çin və Hindistan konfliktinin yeni mərhələsi yaşanmağa başlayır. Bəli, bu prosesdə xarici təsirlər var. Əgər mən Asiyada Çinin deyil, Hindistanın daha çox irəliyə çıxmasını istəyirəmsə, sözsüz ki, bu zaman Çin və Hindistan arasında həm də yarış başlanacaq, rəqabət mühiti ortaya çıxacaq. İkincisi, bu konfliktin arxa planında Rusiya və Amerikanın durmasına heç bir şübhə yeri yoxdur. Bu, heç də birinci hal deyil.

- Söhbət həm də iki nüvə dövləti arasında yaranan münaqişədən gedir. Bu, bəşəriyyət üçün təhlükəli deyilmi?

- Konflikt tərəfi olan ölkələrin nüvə silahına malik olması indiki mərhələdə bir tərəfdən müsbət, bir tərəfdən isə mənfi faktordur. Hər iki dövlət başa düşür ki, nüvə silahından istifadə etmək olmaz. Amma konfliktdə elə bir nöqtə var ki, ondan sonra təhlükəli hallar yaşana bilər. Biz tarixdə dəfələrlə görmüşük ki, Çin-Hindistan münasibətləri ziq-zaqlı olub. Məsələn, onlar arasında sazişlər olub, yaxınlaşma qeydə alınıb, əlaqələr normal olub və qəfildən pisləşib. Bu hallar həmin ölkələrin münasibətlərində xarakterik yaşantılardır. İndi probem ondadır ki, yeni dünya düzənində bu iki dövlət hansı tərəfdə olacaq. Eyni zamanda hamı başa düşür ki, indiki mərhələdə nüvə silahından istifadə etmək qeyri-mümkündür. Amma müşahidə olunan təhlükə başqa tendensiya ilə bağlıdır. Məsələn, Rusiya qeyd edir ki, hücuma məruz qalsa, buna nüvə silahı ilə cavab verə bilər.

- Demək istəyirsiniz ki, hadisələr qızışsa, nüvə silahının tətbiqi istisna deyil?

- Burada söhbət kimin arasında vəziyyətin qızışmasından gedir. Rusiya istər-istəməz bu mövqeyini ifadə edir. Niyə? Çünki Polşada NATO və ABŞ ordusu var. Digər tərəfdən, Almaniyadan nüvə silahlarını götürüb Polşada yerləşdirmək istəyirlər. Rusiya da elan edir ki, ona hücum olsa, buna nüvə silahı ilə cavab verə bilər. Ruslar anlayırlar ki, rəqibi nüvə silahını artıq onunla sərhəddə olan Polşada yerləşdirmək qərarını verib.

- Çin və Hindistan arasında nüvə qarşıdurması birmənalı təkzib olunur?

- Hələlik Çin və Hindistan arasında konfliktin nüvə silahının tətbiq edilməsi nöqtəsinə gəlib çatma ehtimalı çox azdır. Amma hər iki ölkə bu silahdan risk formasında, yəni çəkindirmək, qorxutmaq mənasında istifadə edə bilər. Onun tətbiq edilməsi isə məncə, inandırıcı deyil.

- Çin və Hindistan arasında yaranan konflik hansı nöqtəyə qədər inkişaf edəcək?

- Bilirsinizmi, vəziyyət mürəkkəbləşəndən sonra ortaya hansısa vasitəçi çıxaraq problemi yoluna qoymaq üçün iki ölkəni bir araya gətirməyə çalışır. İndiki mərhələdə qəbul edilən odur ki, Çin-Amerika münasibətləri çox pisləşib. Faktiki olaraq Vaşinqton Pekinə qarşı sərt tənqid yolu tutub və Çinin qüsurlarını açıq formada bəyan edir. Bu o deməkdir ki, Çin və Hindistan arasında konflikt bir az da qəlizləşsə, rəsmi Vaşinqton Hindistanın yanında olduğunu bəyan edəcək. Amma Hindistan birtərəfli olaraq ancaq ABŞ-la əlaqələr qurmasında maraqlı deyil. Bu mənada hindlilər simmetrik olaraq ruslarla da kontakt saxlayırlar. Məncə, bu vəziyyətdə rusların həm Hindistan, həm də Çinlə münasibətləri çox yaxşıdır. Mümkündür ki, Rusiya Hindistan və Çini barışdırmaq üçün vasitəçilik missiyasını öz üzərinə götürəcək. Xatırladım ki, tarixən belə hallar olub.

- Barışıq olmasa nə olacaq?

- Bilirsinizmi, hər iki dövlət hansı nöqtəyə qarşı üz-üzə dura biləcəklərini bilirlər. Amma barışmaq o mənanı da vermir ki, tərəflər hər şeydən razıdır. İndi əsas məsələ ortada olan gərginliyi aradan qaldırmaqdır. Əsas məsələ budur. Problemlər və konfliktlər isə qalmaqda davam edəcək. Çünki iki ölkə arasında konfliktlər çoxdur və bunu bir sazişlə həll etmək mümkün deyil.

-Yeni dünya düzənində Çin və Hindistanın yeri ilə rolu nədən ibarət ola bilər?

- Onlardan çox şey asılıdır. Çin “İpək Yolu” proqramı qəbul edib. Hindistanın bu məsələyə münasibəti maraqlıdır. Nəzərə alın ki, Yaponiya və Hindistan da öz proqramını qəbul edib. Çinin proqramına görə, Yaponiyadan başlayaraq Avropaya qədər yol olmalı və bunu hər kəs qəbul etməlidir. Amma Hindistan və Yaponiya, o cümlədən də ABŞ bu layihədən o qədər də razı deyil.

- ABŞ indi müşahidə olunan Çin-Hindistan konfliktini qızışdıra və sonda açıq şəkildə rəsmi Dehlinin yanında olduğunu elan edə bilərmi?

- Bu, hər iki halda ola bilər. Amerikada açıq deyirlər ki, Çin əvvəlcə regionun, daha sonra dünyanın lideri olsun. Bununla bağlı ABŞ Prezident Administrasiyasının və ya Dövlət Departamentinin Hindistanı dəstəkləyən mövqeyi sərgilənə bilər. Yaxud gizli formada Hindistana hər cür dəstək verilə bilər. Bunlar mümkün ssenaridir.
Amma unutmamaq lazımdır ki, bu regionda ən azı üç dövlətin nüvə silahı var. Pakistanı da bura şamil etmək olar. Baxın, görün bu üç dövlətdə nə qədər insan yaşayır və onlar bir-birinə nə dərəcədə yaxındırlar. Nüvə silahı tətbiq edilsə, nəticənin necə olacağını hər üç dövlət anlayır. Odur ki, indiki mərhələdə nüvə müharibəsi real görünmür. Amma maraqlar uğrunda savaş da istisna deyil və hazırda biz bunun şahidi oluruq.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər