Bu gün işğalçı Ermənistanda ictimai-siyasi sabitlik ciddi şəkildə pozulur, gərginlik artır. Bu ölkənin xaosun, anarxiyanın astanasındadır.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
Deputat vurğulayıb ki, işğalçı ölkədəki iqtisadi durum insanlarıb küçələrə axışmasına səbəb olub. Ermənistan parlamentinin üzvü Sarukyanın həbs edilməsi və bunun ardınca başlanan etirazlar fonunda ölkədə yenidən daxili çaxnaşmalar alovlanmaqdadır.
C.Osmanova görə, Ermənistanda etirazçılara qarşı polisin qəddarlığı prosesləri məcrasından daha da çıxardı. Jurnalistlərin belə təzyiqlərə məruz qalması hadislərin səmtini dəyişdirmiş oldu.
“Özlərini demokrat adlandıranlar sonda ən qəddar rejim tətbiq etməyə başladılar. İşğalçı ölkənin hazırkı baş naziri Nikol Paşinyan hakimiyyətə gələnə qədər özünü demokrat pəncərəsindən göstərərək kütləni aldatmağa nail olmuşdu. Bu gün isə Ermənistanda ictimaiyyət bunun tam əksini müşahidə edir. Bütün bunların fonunda isə Qərb institutları Ermənistanda baş verən siyasi, ictimai təlatümlərə, polis zorakılığına qarşı heç bir reaksiya vermir. Digər ölkələrdə belə hallar baş verdikdə az qala dəridən-qabıqdan çıxan Qərb institutları Ermənistandakı hadisləri görməzdən gəlməyə çalışırlar”.
Deputat qeyd edib ki, Azərbaycanda ən xırda hadisəni “beşinci kolon”un təqdimatı ilə daha qabarıq göstərməklə ölkəmizə qarşı qərəzli olanlar Ermənistandakı hadisələrə görə susurlar. Bu isə öz növbəsində açıq-aşkar ikili standartın mövcudluğunun və bəzi dairələrin ölkəmizə qarşı düşmənçiliyinin göstəricisi kimi qiymətləndirilir.