Milli Şuranın yayılan sonuncu videogörüntüləri və buradakı çıxışlar Azərbaycan cəmiyyətini, bütün siyasi qüvvələri, Azərbaycanın gələcəyi ilə bağlı müəyən düşüncələrdə olan insanları növbəti dəfə dərindən düşünməyə məcbur edən bir faktdır. O mənada ki, Milli Şuraya daxil olan qüvvələr onsuz da Azərbaycan cəmiyyətinə təsir güclərini və perspektivlərini itiriblər. Ancaq hələ də cəmiyyətimizdə bu qüvvələrin gələcəyi ilə bağlı müəyən xəyallarda olanlar varsa, gərək onlar baş verən bu faktlardan dərindən nəticə çıxarmağı bacarsınlar.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.
Milli Şuranın Koordinasiya Mərkəzinin iclası ilə bağlı yayılan son videoya münasibət bildirən Aydın Quliyev qeyd edib ki, üzə çıxan, özü də dəfələrlə təkrarlanan bu cür faktlar Milli Şuranın potensialının tamamilə tükəndiyini bir daha ortaya qoydu:
“Özü də nəinki siyasi potensialının tükəndiyini göstərdi, eyni zamanda burada normal siyasi müzakirə üsullarının belə olmadığını bir daha nümayiş etdirdi. Sosial şəbəkələr, internet imkanları bu gün bütün siyasi qüvvələrə, hər bir fərdə özünü müsbət mənada təsdiq etmək və fəaliyyət göstərmək üçün çox geniş imkanlar təqdim etsə də, Milli Şura kimi qurumlar bu geniş imkanlardan nəinki bəhrələnə bilmədilər, hətta özlərini daha pis tərəfdən cəmiyyətə göstərmək üçün bundan bir arena kimi istifadə etdilər. Yəni internet məkanına daxil olduqca Milli Şuranın daha pis görüntüləri və daha pis əlamətləri üzə çıxır. Bu da növbəti bir görüntüdür ki, Milli Şuranın daxilində hətta müzakirə etməyə mövzu tapılmır, hətta özlərinin dediyi kimi reallaşması mümkün olmasa belə müəyyən məsələ qaldırmaq və onun üzərində siyasət qurmaq kimi lüzumsuz və mənasız taktikalara gedirlər”.
Siyasi ekspert qeyd edib ki, bu hadisələr Milli Şuranın potensialının çoxdan tükəndiyini, hətta gələcəyinin olmadığını göstərən faktlardan biridir və bütün Azərbaycan cəmiyyətinin nəticə çıxarması üçün çox əhəmiyyətli materialdır.