30 İyun 2020 20:38
2 661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin il ərzində keçirilən görüşündən hələlik hər hansı nəticə əldə olunmayıb. Bugünkü görüşdən hansı nəticə əldə olunacağını da söyləmək çətindir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Rüstəm Məmmədov bildirib.

O qeyd edib ki, hələlik danışıqlar gedir:

“Ermənistanın qeyri-konstruktiv siyasəti danışıqlarda hər hansı nəticə əldə etməyə imkan vermir. Bu səbəbdən hələlik heç bir yenilik yoxdur. Ona görə də nəsə demək mümkünsüzdür”.

Qeyd edək ki, görüşün videokonfrans şəklində keçiriləcək.

Görüşün bu şəkildə keçirilməsinin müsbət və ya mənfi tərəflərinin olub-olmadığına dair sualımıza cavab olaraq R.Məmmədov deyib ki, hazırda bütün dünyada əksər işlər onlayn yerinə yetirilir:

“İmtahanlar da onlayn götürülür, dövlət başçıları arasında görüşlər də videokonfrans şəklində baş tutur. Ona görə də heç təəccüblənməyə dəyməz”.

Qeyd edək ki, Ermənistan tərəfi son vaxtlar işğal edilmiş ərzilərdə qeyri-qanuni fəaliyyətləri intensivləşdirib. O cümlədən işağal edilmiş və Dağlıq Qarabağa aidiyyəti olmayan Cəbrayıl rayonundan Ermənistana ikinci yolun çəkilişi aparılır. Bu məsələ iyunun 29-da Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə videokonfrans formatında görüşü zamanı da qaldırılıb. Belə ki, nazir Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma və infrastruktur layihələri daxil olmaqla Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət məsələsini qaldırıb.

Bu istiqamətdə də fikirlərini bildirən Rüstəm Məmmədov deyib ki, Ermənistan tərəfindən aparılan bu qeyri-qanuni fəaliyyətlər danışıqlar prosesinə, heç şübhəsiz mənfi təsir edir:

“Təbii ki, Ermənistanın siyasəti çox qeyri-konstruktiv və tərbiyəsiz bir siyasətdir. Ona görə də bu danışıqların bir nəticə ilə yekunlaşmasına əngəl törədir. Təbii ki, Ermənistan danışıqları uzatmaq yolu ilə işğal rejimini qoruyub saxlamağa çalışır. Bu isə nə ATƏT-in Minsk qrupunun həmsədrlərini, nə də Azərbaycanı qane edə bilər”.

Qeyd edək ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti hər zaman Ermənistana təzyiq göstərməyə çağırır. Ancaq görünən odur ki, hələlik bu çağırışlara adekvat cavab verilməyib.

Rüstəm Məmmədov bununla bağlı olaraq deyir ki, sülh çağırışına cavab verməyən birinci tərəf Ermənistanın özüdür:

“Mənə belə gəlir ki, Ermənistan sadəcə olaraq özünə qarşı müharibəni sürətləndirməyə çalışır. O hesab edir ki, müharibə yolu ilə vəziyyətdən çıxa biləcək. Ancaq başa düşmür ki, müharibə başlayarsa, Azərbaycan İrəvana qədər gedib çıxacaq. Yəni bu, realdır”.

Rusiya faktorunun bu məsələdə necə rol oynayacağına gəldikdə isə Rüstəm Məmmədov deyib ki, Moskva hazırda Azərbaycanın mövqeyini dəstəkləyir:

“Rusiya da Ermənistanın əleyhinə gedə biləcək siyasət yürütməyə çalışır. Rusiya Nikol Paşinyanın siyasətindən çox narazıdır”.

ABŞ və Fransanın mövqeyinə gəldikdə isə politoloq qeyd edib ki, hazırda Birləşmiş Ştatların başı özünə qarışıb:

“Vaşinqton hər zaman olduğu kimi orta mövqe tutur. Fransa təbii ki, Ermənistanın tərəfindədir. Ancaq bu gün Minsk qrupu da, Avropa İttifaqı da Azərbaycanın mövqeyini dəstəkləyirlər. Təbii ki, Paşinyan hökuməti bu vəziyyətdə tab gətirə bilməyəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər