Turizm qeyri-neft sektorunda prioritet istiqamətlərdən biridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifaksiyasını özündə ehtiva edir. Bu baxımdan turizm ölkəyə valyuta gətirən sektorlardan biridir. Bütövlükdə qeyri-neft sektorunda turizm Azərbaycana enerji sektorundan sonra ən çox valyuta gətirən ikinci bir sahədir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə Azərbaycanda turizmin inkişafı baxımından yaddaqalan illərdən biri olub: "Ölkəmizə ötən il 3 milyondan artıq turist gəlib ki, bu, turistlərin illik olaraq sayının 15 faiz artması deməkdir. Xaricilər ötən il Azərbaycanda 2 milyard dollara yaxın vəsait xərcləyiblər. Təbii ki, bu da ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir. Xüsusən 2015-ci ildən sonra turizm sektorunun daha çox inkişaf etdiyi müşahidə olunur".
Vüqar Bayramov vurğulayıb ki, əvvəlki illərdə formalaşan infrastruktur ölkəyə daha çox turistin gəlməsinə imkan yaradıb: "Eyni zamanda vizaların verilməsi sisteminin elektronlaşması, bu istiqamətdə şəffaflığın gücləndirilməsi də Azərbaycana gələn turistlərin sayına birbaşa təsir göstərib. Sözsüz ki, bütün bunlar da ölkəyə daha çox turistin gəlməsinə səbəb olub”.
Deputat qeyd edib ki, ölkəmiz hər zaman turizmə dövlət dəstəyi nümayiş etdirib: "Həm turizm sektorunda infrastrukturun və logistik xidmətlərin inkişaf etdirilməsi, eləcə də turizm şirkətlərinin maliyyə resurslarına çıxış imkanının artırılması ilə bağlı mütəmadi dəstək nümayiş etdirilir. Təbii ki, pandemiya Azərbaycana gələn turistlərin sayına birbaşa təsir göstərdi və ən çox təsirə məruz qalan da məhz turizm sektoru oldu. Dövlətin həyata keçirdiyi iqtisadi paket çərçivəsində turizm sahəsində çalışan sahibkarlar dövlət dəstəyindən istifadə edəcəklər”.
Millət vəkili bildirib ki, Azərbaycan Prezidentinin siyasi iradəsi pandemiyanın təsirlərinin bütün sektorlar üzrə minimallaşdırmaqdan ibarətdir: "Növbəti aylarda da turizmə dəstək davam etdiriləcək. Ölkə başçısı turizmə dəstəyin artırılacağı vurğulayıb. Bu isə ondan xəbər verir ki, növbəti dövrlərdə də turizm Azərbaycan üçün prioritet olmaqla yanaşı həm də dövlət dəstəyinin daha da gücləndiriləcəyi sektorlardan biri olacaq. Sözsüz ki, pandemiya turizm sektoruna öz təsirini göstərdi. Amma Azərbaycan dövləti turizm sektorunun və bütövlükdə bu sektorda çalışan sahibkarların, vətəndaşlarımızın daha yaxından dəstəklənməsi siyasətini davam etdirir. Bu da ondan xəbər verir ki, pandemiya dövründə koronavirusun turizm sektoruna təsirlərinin minimallaşdırılması növbəti aylarda da Azərbaycan üçün prioritet məsələlərdən biri olacaq. Dövlət turizmdəki mövcud potensialını qorumaq, bu sahədə ixtisarlara yol verməmək üçün dəstəyi davam etdirəcək. Bu, turizm infrastrukturunda yaranmış boşluğu doldura bilər".