6 İyul 2020 14:12
3 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Azərbaycanla bağlı marağı ilə Qazaxıstanla bağlı marağı arasında yəqin ki, oxşar məqamlarla yanaşı, fərqli cəhətlər və hədəflər də var. Amma ərazi iddiası hər iki halda Rusiyanın həmin maraqları reallaşdırmaq üçün istifadə edəcəyi universal vasitədir”.

Politoloq Ərəstun Oruclu belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Rusiyada konstitusiya dəyişikliyini nəzərdə tutan referendum Prezident Vladimir Putinin istədiyi nəticə ilə başa çatdı. Sizcə, bu, Putinin öz iqtidarını, yoxsa ümumən xarici təhdidlərdən yayınmaq üçün hakimiyyət institutunu gücləndirmək cəhdidir?

- Zənnimcə, həmin konstitusiya dəyişikliklərinin müqəddəratı əvvəlcədən bəlli idi, referendum da bunun bir növ leqallaşdırılması, onlara hüquqi don geyindirilməsi üçün lazım idi. Referendum nəticəsində Rusiyada dövlətin və cəmiyyətin deyil, məhz hakimiyyətin gücləndirilməsi baş verdi. Putin dedikdə, söhbət Rusiyanı idarə edən komandadan gedir ki, bütün bu dəyişikliklər də daha çox həmin komandanın marağındadır, nəinki Rusiya dövlətinin və cəmiyyətinin. Hakim komanda xarici təhdid amilini şişirdərək, bəzən isə məqsədli şəkildə yaradaraq, bu məqama həssas yanaşan toplumu idarə etmək üçün istifadə edir. Hələlik bu model işləyir, amma zaman keçdikcə, sosial-iqtisadi problemlər, artıq bu gün idarəetmədə görünən böhran dərinləşdikcə onun təsiri azalacaq. Belə olduğu halda da hakim komanda ya modeli, ya da dekorasiyanı dəyişəcək. Dekorasiya bu gün Putindir, sabah başqası ola bilər, əsas o olacaq ki, hakimiyyət həmin komandanın əlində qalsın. Məncə, referendum vasitəsilə həyata keçirilən dəyişikliklər də bir çox digər məsələlərlə yanaşı, həm də bu hakimiyyəti qorumaq imkanlarının hüquqi bazasını gücləndirildi.

- Putin sonuncu açıqlamalarından birində dedi ki, SSRİ qurularkən bir çox respublika Rusiyadan torpaq qoparıb. Onun bu fikirləri nəyə hesablanıb, bunun arxasında hərəkət planı varmı?

- Bu fikir ilk növbədə post-sovet ölkələrə təzyiq məqsədilə ortaya atılıb və əlbəttə ki, arxasında müəyyən hərəkət planı da var. Mən hətta hərəkət planları deyərdim, yəni, Rusiyanın maraq dairəsində olan hər bir ölkəyə qarşı ayrıca bir plan var.

Məsələn, Rusiyanın Azərbaycanla bağlı marağı ilə Qazaxıstanla əlaqədar marağı arasında yəqin ki, oxşar məqamlarla yanaşı, fərqli cəhətlər və hədəflər də var. Amma ərazi iddiası hər iki halda Rusiyanın həmin maraqları reallaşdırmaq üçün istifadə edəcəyi universal vasitədir. İstisna eləmirəm ki, bu mexanizm yaxın gələcəkdə bir çox ölkələrə qarşı işə salınacaq və bu, həm də Rusiya cəmiyyəti tərəfindən daim rahat həzm olunan “xarici düşmən” amilini gücləndirməyə xidmət edəcək. Yəni faktiki olaraq, Rusiyanın həm daxili, həm də xarici siyasətinə xidmət edəcək.

Düzdür, belə iddialar Rusiyaya beynəlxalq təzyiqləri də artıracaq, amma Krımın işğalı və ilhaqından sonra düşünürəm ki, obrazlı desək, islanmışın yağışdan qorxmağa əsası yoxdur. Görünən həm də budur ki, belə addımlar vasitəsilə Rusiya paralel olaraq, özünü sivil dünyadan təcrid etməyə doğru addımlayacaq. Bu prosesin haraya qədər gedəcəyini isə indidən demək xeyli çətindir, çünki bu gün uzun illər boyu mövcud olmuş geosiyasi konstruksiyalar çox sürətlə dəyişməkdədir.

- ABŞ Şərqi Avropaya, konkret adla desək, Polşaya hərbi qüvvə göndərəcəyini elan edib, Varşava da bunu istəyir. Rusiyadan buna sərt etirazlar var. Moskvada bu, Rusiyanın təhlükəsizliyinə təhdid kimi başa düşülür. Yəni ABŞ belə bir addımı atacaqmı və bunun mümkün nəticələri nə ola bilər?

- Əslində söhbət Polşaya göndəriləcəyi deyilən hərbi qüvvənin yerinin dəyişdirilməsindən gedir desək, daha həqiqətə uyğun olar. Başqa sözlə, söhbət Almaniya ərazisində mənzillənən ABŞ hərbi qüvvələrinin 55 minlik kontingentinin Polşa ərazisinə köçürülməsindən gedir ki, bu da daha çox Prezident Trampın anti-qlobalist xarici siyasət doktrinası kontekstində atılan addımlardan biri kimi qiymətləndirilir. Belə görünür ki, Vaşinqtonla Varşava arasında bu barədə anlaşma artıq mövcuddur.

Təbii ki, bu, həm də həmin kontingentin Rusiya sərhədlərinə yaxınlaşdırılmasıdır, ona görə də Moskvada anlaşılan qıcıqla qəbul olunur. Qaldı həmin siyasətin nəticələrinə, yəqin ki, ilk növbədə bunun ardınca Rusiyanın Avropa istiqamətində öz hərbi potensialını artıracağını söyləmək olar ki, bu da ümumilikdə Avropada gərginliyin artması deməkdir. Amma bir məsələ də var ki, bu gün Avroatlantik təhlükəsizlik sisteminin özü əvvəlki qədər sabit və güclü görünmür. ABŞ prezidentinin NATO və Avropa Birliyinə qarşı yönəlmiş bəyanat və addımları Vaşinqtonla onun Avropadakı əsas partnyorları arasında dərin fikir ayrılıqlarının olduğunu göstərir.

- Bəs ABŞ qoşunlarını Almaniyadan niyə çıxarır, ümumən Avropa İttifaqı ilə Vaşinqton arasındakı gərginlik nədən qaynaqlanır?

- Bu haqda qismən danışdıq və onu da əlavə etmək yerinə düşərdi ki, ABŞ administrasiyasının yürütdüyü izolyasionist xarici siyasət Avropanın əsas siyasi, hərbi və iqtisadi mühərrikləri olan Fransa və ilk növbədə də Almaniya üçün yeni imkanlar açır. Belə ki, hadisələrin bu cür inkişafı Almaniyaya İkinci Dünya Müharibəsindən sonrakı dövrdə ilk dəfə qlobal siyasətə qayıtmaq imkanı yaradır. Bilirik ki, 20-ci əsrdə Almaniya buna iki dəfə cəhd göstərib, amma hər ikisində uğursuzluqla üzləşərək, daha çətin vəziyyətə düşüb. Bu gün isə yaranmış yeni situasiya Berlinə növbəti şansı verir.

Əvvəlki hər iki haldan fərqli olaraq, bu dəfə Berlinlə Paris arasındakı münasibətlər yaxın müttəfiqlik kimi dəyərləndirilə bilər və bu, təkcə siyasi deyil, həm iqtisadi, həm də hərbi müttəfiqlikdir. Görünür, Vaşinqtonda da yeni Almaniya-Fransa ittifaqının qaçılmazlığını anlayırlar və ona görə də qoşunları Şərqi Avropaya yerləşdirməklə ilk növbədə yaxın və uzaq gələcəkdə bu cütlüklə Rusiya arasında bufer zona yaratmağa çalışırlar. Ehtimal ki, elə yuxarıda sadalanan səbəblərdən Almaniya da öz ərazisini xarici hərbi qüvvələrdən azad etməyə çalışır. Ərazisində xarici qoşunların mənzillənməsi hətta müttəfiq dövlətin qoşunları olsa belə. istənilən halda dövlət üçün məhdudiyyətlər deməkdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər