Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyev böyük bir andiçmə törəninə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, Ə.Əliyev bu haqda TV Müsavatın “Canlı debat” verilişində açıqlama verib.
O deyib ki, yaxın zamanda xalqın qarşısında Qurana əl basaraq heç vaxt hakimiyyətin, xarici qüvvələrin əlində alət olmadığına and içəcək:
“Mən buna hazırlaşıram. O, böyük bir törən, bu günə qədər Azərbaycan siyasətində analoqu olmayan bir şey olacaq. Qurana əl basıb deyəcəm ki, heç vaxt bu hökumətdən və xarici qüvvələrdən bir qəpik də pul və tapşırıq almamışam, almayacam da. Buradan tərəfdarlarıma da müraciət edirəm. Heç vaxt mənim tərəfdarlarım, partiya üzvlərim mənim hər hansı antimilli mövqeyimə görə utanmayacaqlar. Mənim mövqeyim hər zaman xəlqi, milli mövqe olacaq. Xalqın maraqlarını ifadə edəcəm. Kimlə görüşməyimdən asılı olmayaraq”.
Ə.Əliyev qeyd edib ki, bütün mətbuat bu andiçmə törəninə dəvətli olacaq. Onun sözlərinə görə, belə tədbirin keçirilməsinə ciddi zərurət var:
“Çünki bu gün biz siyasətçilərə ən böyük maneə ictimaiyyətin bizə inamsızlığından qaynaqlanır. İnamın sınması və sındırılmasıdır. Əgər siyasətçi camaatın gözü qabağında ailəsini, uşağını xaricə çıxarmaq üçün alverlərə gedibsə, onun satqın oliqarxlardan heç bir fərqi yoxdur. Xalq inamını itirib. Mənim missiyalarımdan biri xalqın öz inamını onlara geri qaytarmaqdır. Qurana əl basmaq məsələsi bütün dünyada qəbul olunan bir şeydir. Prezidentlər müqəddəs kitaba and içirlər, xristian məhkəmələrində hakimlər, məhkəmələrdə şahidlər Bibliyaya əl basırlar. Mən Allahın qulu olduğumu özüm üçün təsbit etmişəm. Bu kitabın müqəddəs olduğu qənaətindəyəm. Uşaq vaxtından görmüşəm ki, kimisə düz yola çəkmək üçün, tövbə etdirmək üçün, kiməsə inanmaq üçün bu törəndən, milli gələnəklərimizdən istifadə olunub. Narkoman, oğru, əyyaş, tüfeylilər bu yollardan imtina ediblər. Mənim heç nədən tövbə etməyə ehtiyacım yoxdur. Amma xalqıma ümid vermək, millətimə əminlik təsbit etmək üçün bu törəni etməliyik”.
VİP sədri bildirib ki, çiyin yoldaşlarını, müxalifət liderlərini də bu törənə gözləyir.
Bu günə qədər 8 dəfə eyni məsələ ilə bağlı müxalifət liderlərinə müraciət etdiyini deyən Ə.Əliyevin sözlərinə görə, bu, çox ciddi aksiya olacaq:
“Hamısı gəlsin, bu törəndə iştirak etsin. Qurana əl basıb desinlər ki, heç vaxt bu hökumətdən və xarici qüvvələrdən bir qəpik də pul və tapşırıq almayıblar və almayacaqlar. Əgər and içsələr, mən onlarla çiyin-çiyinə mübarizə aparmağa hazıram. Özlərinə lider deyənlərin cürəti varsa, gəlsinlər. Mənimlə birlikdə bu andiçmədə iştirak etsinlər”.