14 İyul 15:54
19 307

Hesab edirəm ki, burada anlaşılmayan bir şey yoxdur. Hazırda Ermənistanda vəziyyət kifayət qədər qarışıqdır. Həm Ermənistan müxalifəti fəallaşıb, həm də Paşinyanın Dağlıq Qarabağla bağlı apardığı siyasət yarıtmazdır. Paşinyan nəsə etməyə çalışdı, amma heç nə edə bilmədi. Buna görə də Azərbaycanla sərhədlərdə təxribata əl atmağa məcbur oldu.

Ermənistan-Azərbaycan sərhədlərində baş verənlər haqda Teleqraf.com-a danışan politoloq Cümşüd Nuriyev belə deyib.

Ermənistan baş nazirinin təxribatının baş tutmadığını bildirən ekspert bunun bir sıra səbəblərini də sadlayıb:

“Çünki Paşinyanın həm ölkə daxilindəki mövqeyi zəifdir, həm də küçə siyasəti yürüdür. Buna görə də təxribat yolunu seçdi.

Təmas xəttinin yox, dövlət sərhədlərinin hədəf almasına gəlincə, bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsinin dördüncü bəndi ilə bağlıdır. Həmin maddəyə görə, KTMT-yə üzv hansısa dövlətin ərazilərinə müdaxilə olsa, digər üzvlər onunla birlikdə çıxış edə bilərlər. Yəni Ermənistanla birlikdə vuruşa bilər. Amma Paşinyanın bu hesabatı da baş tutmadı. Çünki burada ilk təxribata əl atan Ermənistan tərəfi oldu, Azərbaycan ərazilərini ağır artilleriyalardan atəşə tutdular. Azərbaycan da ona cavab verdi.

Paşinyan bununla təkcə müxalifəti susdurmaq və Dağlıq Qarabağla bağlı uğursuz danışıqların üstünü ört-basdır etmək istəmir, başqa maraqları da var. Əvvəlcə çalışdı ki, Rusiyanı da təxribata çəksin. Amma Rusiya təxribata getmədi, bu dəfə ATƏT-ə müraciət etməklə onu şantaj etməyə başladı. Yəni ya sizinlə “boşanmalıyıq”, ya da yeni “nikah” bağlamalıyıq. Amma ATƏT sədrinin daimi nümayəndəsi Kaspşik hələ də susqunluğunu qoruyur. Əslində nə danışacaq? Bu günə qədər Azərbaycana nə edib ki, bundan sonra nə etsin. Yəni ATƏT-dən cavab ala bilmədilər. Digər yandan, gözləmədiyi halda KTMT-yə üzv dövlətlər İrəvanın çağırışlarına heç bir cavab vermədi”.

Cümşüd Nuriyev qeyd edib ki, Türkiyə isə Ermənistanın müttəfiqlərindən fərqli olaraq, nəinki Azərbaycanın qardaşı kimi, həm də onun hamisi kimi çıxış etdi:

“Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu hər şeyi açıq şəkildə dedi. Bu, proseslərin gedişində ermənilərin narahatlığını artırdı. Ermənistanın müttəfiqi olan Rusiyanın Xarici işlər naziri Sergey Lavrov isə Çavuşoğludan fərqli olaraq, qorxaq bir dövlətin baş diplomatı kimi danışdı. Lavrov açıq şəkildə qorxaq mövqedə durdu. Bundan başqa, İranın da gözlənilmədən rəsmi şəkildə Azərbaycanı dəstəkləməsi Ermənistanı çətinə saldı. Çünki Rusiyanın xarici işlər naziri yarı erməni olsa belə, Ermənistana dəstək verə bilmədi, ümumi danışdı.

Əslində atəşkəs pozulmayıb, bunun məsuliyyətini Azərbaycana sırımaq istəyirlər. Çünki atəşkəslə bağlı imzalanan saziş ancaq Dağlıq Qarabağla bağlıdır. Ermənistan-Azərbaycan sərhədləri ilə bağlı hansısa atəşkəs anlaşması yoxdur. Ermənistan da Azərbaycan sərhədlərinə təcavüz edib, təxribat törədib, öz cavabını da aldı və alır. Biz şəhid versək də, Azərbaycan birin beşə nisbətində qalib gəlir. Hər bir şəhidimizin əvəzinə 5 erməni hərbçisi öldürüldü. Bundan başqa, Ermənistanın ön və arxa xətdə olan top və ağır texnikaları dronlarla vuruldu. Azərbaycan ordusu müsasir dövrdə müharibənin necə aparılması yönündə dərs keçdi. Ermənistandakı qorxunun əsas səbəbi budur”.

Politoloq bildirib ki, Azərbaycanın xarici ölkələrdəki səfirləri, Avropa İttifaqı və NATO-dakı nümayəndə heyətləri, Xarici İşlər Nazirliyi, diaspor təşkilatları və digər aidiyyəti qurumlar fəal olmalıdır:

“Ölkədəki siyasi partiyalar da aktivlik nümayiş etdirməlidir. Bütün dünyaya müraciət etməliyik. İndi pandemiya vaxtıdır, beynəlxalq təşkilatlar işləmir, sosial şəbəkələrdən maksimum istifadə olunmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu