"Bu gün mən sizi Xarici İşlər naziri vəzifəsinə təyin edirəm. Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız. Bu sahə sizin üçün yeni olsa da, idarəetmə təcrübəniz kifayət qədər böyükdür, müxtəlif vəzifələrdə işləmisiniz, o cümlədən nazir vəzifəsində".
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
"Bununla bərabər, Azərbaycanın xarici siyasəti ilə bağlı mənim tərəfimdən dəfələrlə əsas istiqamətlər müəyyən edilmişdir və bu haqda açıqlamalar verilmişdir. Bizim xarici siyasətimiz açıqdır. Biz xarici siyasət prioritetlərimizi açıq şəkildə bəyan edirik və məqsədlərə çatmaq üçün ardıcıl siyasət aparırıq. Bütün ölkələrlə bərabərhüquqlu qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulması bizim əsas prinsiplərimizdən biridir. Hesab edirəm ki, son illərdə Azərbaycan bu sahədə böyük uğurlar əldə edib. Azərbaycan dünya birliyinin ləyaqətli üzvüdür. Dünyada bizə olan hörmət artmaqdadır. Bunu müxtəlif vaxtlarda Azərbaycana beynəlxalq aləm tərəfindən göstərilən dəstək əyani şəkildə sübut edir. Bizim dünyadakı rolumuz artır, bölgədə ölkəmizin iştirakı olmadan, maraqları təmin edilmədən hər hansı bir layihənin icrası qeyri-mümkündür. Bizim siyasətimiz Azərbaycana illər boyu daha çox dostlar qazandırıbdır. Təsadüfi deyil ki, bu gün bizim beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür", - dövlət başçısı qeyd edib.