20 İyul 2020 20:00
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə təkcə səngərdəki əsgərlə, cəbhədə aparılmır, eyni zamanda heç də az əhəmiyyət kəsb etməyən ideoloji bir qarşıdurmadır. Sözsüz ki, burada fikir qarşıdurması əsasdır. Düşmən tərəf diqqəti ölkədəki problemlərdən yayındırmaqla yalan ideyalarından istifadə etməyə çalışır. Həm daxili auditoriyanı, həm də beynəlxalq aləmi çaşdırmaq üçün düşmən Ermənistan hakimiyyəti söz savaşından xeyirləri üçün istifadə etmək niyyətini də gizlətmir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, işğalçı Ermənistan Azərbaycan Ordusunun üzərinə kölgə salmaq, şər böhtan atmaqla məşğuldur:

“Bu gün işğalçı Ermənistan beynəlxalq ictimaiyyətə yalan bəyanatlar verir. Onların yalanlarında iddia olunur ki, Azərbaycan bizim ərazimizi işğal etmək istəyir. Onlar beynəlxalq ictimai rəydə belə bir fikir formalaşdırmaq niyyətindədirlər. Ancaq reallıqda isə Azərbaycan Ordusu müasir imkanlardan, vasitələrdən istifadə edərək əməliyyatlar zamanı bütün həmlələrin demək olar ki, böyük əksəriyyətinin çəkilişlərini həyata keçirib. Bütün bunları hamısı real faktlardır. Sərhədyanı rayonlarımızda ermənilər tərəfindən dağıdılan evlər, artilleriya silahlarından istifadə etməklə xof yaratmaq, mülki şəxsin ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı da ortada sübutlar var”.

Deputat vurğulayıb ki, Azərbaycan Ordusu erməni təxribatının qarşısını qətiyyətlə almağı bacarır.

O qeyd edib ki, Ordumuzun işğalçı Ermənistan ərazisinə daxil olmaq niyyəti yoxdur:

“Ordumuzun belə bir qərarı olsaydı, işğal olunmuş ərazilərimizdən bu əməliyyatlara başlayar və onlara da layiqli dərs verərdi. Azərbaycan Silahlı Qüvvələrinin qarşısında bu gün yeganə məqsədi işğal olunmuş ərazilərimizdən erməniləri qovub çıxarmaq və sərhədlərimizi bərpa etməkdən ibarətdir. Tovuz istiqamətində isə Ordumuzun erməni ərazisinə girmək kimi bir vəzifəsi olmayıb. Orada yalnız erməni təxribatına layiqli cavab verilib”.

Elman Məmmədov vurğulayıb ki, bütün bunların müqabilində ermənilər Azərbaycanın ədalətli mövqeyinin üzərinə kölgə salmaq niyyətini açıq göstərirlər:

“Onlar bunu tək beynəlxalq qurumlar qarşısında qaldırmaq üçün etmirlər. Özlərinin məğlubiyyətini, itkilərini, gərgin vəziyyətlərini daxili auditoriyaya hesablanmış bu cür təxribatlar həyata keçirməklə başqa səmtə yönəltmək istəyirlər. İnformasiya meydanında da ermənilər məğlub oldular. Bununla da işğalçı ermənilərin heç bir fitnəsi baş tutmadı”.


Müəllif: Tapdıq Qurbanlı