23 İyul 2020 18:00
1 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın planlaşdırdığı “Qafqaz-2020” təlimləri rəsmi məlumata görə planlı şəkildə həyata keçirilir. Təlim Rusiyanın Cənub və Qərb zonalarında keçiriləcək. Hələ may-iyun aylarında söhbətlər gəzirdi ki, bu təlimlərlə Moskva Ukraynaya təsir göstərmək istəyir. Hətta təlimlərdən sonra ora toplaşan ordunun Ukraynaya qarşı əməliyyat həyata keçirə biləcəyi də istisna edilmirdi.

Bu fikirləri Teleqraf.com-a hərbi ekspert Azad İsazadə Rusiyanın planlaşdırdığı nəhəng “Qafqaz-2020” hərbi təlimləri haqqında danışarkən deyib.

Məlumat üçün bildirək ki, Rusiya Prezidenti Vladimir Putin 150 minlik ordu ilə “Qafqaz-2020” hərbi təlimlərinin keçirilməsinə dair əmr verib: Hərbi təlimlər regionun Cənub və Qərb hissəsində baş tutacaq.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, təlimlərdə 150 minə yaxın hərbçi, 26 mindən çox texnika, 414 təyyarə, 106 gəmi iştirak edəcək. Qeyd edək ki, təlimlər Qara və Xəzər dənizində də keçiriləcək.

Bundan əvvəl isə Vladimir Putinin qərarı ilə Cənub və Qərb Hərbi Dairələrinin, mərkəzi tabeçilikdəki ayrı-ayrı birləşmələrinin, Hava-Desant Qüvvələrinin və Şimal və Sakit okean donanmalarının dəniz piyadalarının qəfil yoxlanışı həyata keçirilir. Bildirilir ki, Cənub Hərbi Dairəsinin və Qərb Hərbi Dairəsinin qoşunlarının yoxlanışı Rusiya Silahlı Qüvvələrinin cənub-qərbdə təhlükəsizliyi təmin etmək və “Qafqaz-2020” təlimlərinə hazırlıq qabiliyyətini qiymətləndirmək üçün aparılır.

Azad İsazadə qeyd edir ki, Azərbaycanı bu təlimlər Tovuzda baş verən hadisələrdən sonra narahat etməyə başlayıb: “Biz anlayırıq ki, Tovuzdakı təxribatın arxasında hansısa formada Rusiyanın kölgəsi də var. Ermənistan istəyirdi ki, Rusiyanı bu prosesə cəlb etsin. Sözsüz ki, onların da bundan xəbəri var idi”.

Müsahibimiz düşünür ki, “Qafqaz-2020” adlı təlimin keçirilməsi bizi narahat etməlidir: “Çünki hər bir belə tədbirə yalnız hərbi təlim kimi yanaşmaq doğru olmazdı, bu, həm də hərbi-siyasi gücün nümyişidir. Və bu gücü nümayiş etdirmək üçün bu istiqamətdə bir xeyli ölkə var. Gürcüstan, Azərbaycan, Ukrayna, Moldova, Belarus. Ola bilsin ki, həm də Türkiyə. Odur ki, bu təlimə ciddi nəzarət etmək lazımdır. Təlimlərdə cürbəcür qoşun növləri, donanma iştirak edəcək”.

Azad İsazadə xatırladır ki, adətən təlimin özü hansısa müharibəyə çevrilmir: “Təcrübəyə əsaslanaraq deyə bilərik ki, təlim keçirilən zaman hansısa istiqamətə qoşun toplamaq mümkündür və onlar faktiki döyüşə hazır formada olur. Hesab edirəm ki, Rusiya ilə qonşu olan bütün ölkələr bu prosesi diqqətlə izləməlidir”.


Müəllif: Cavad