“Salome Fransa vətəndaşıdır. Nikol, elə öz fransız adından göründüyü kimi, vəhşiləşmiş mədəni fransızdır. Bu Frankafoniya modeli Aralıq dənizi hövzəsində, Livanda, Suriyada, Güney Qafqazda, Misirdə Ərdoğanla üzləşib. Düyməni Paris basıb. Güllələr Tovuzda səslənib”.
Yazıçı-publisist Həmid Herisçi belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Məlum olduğu kimi, Ermənistan və Azərbaycan arasındakı gərginlik yenidən pik həddə qalxıb. Artıq bu dava xarici ölkələrdə yaşayan ermənilər və azərbaycanlıları da üz-üzə qoyub. Yəni poliqon və digər sahələrdəki durum məlumdur. Bəs Azərbaycan mediası düşmənlə necə mübarizə aparır, ümumən apara bilirmi?
- Bu gün Azərbaycan əsgəri, zabiti müharibə tanrısı ilə üzbəüz səngərlərdədir. Güllə, raket zərbləri altında bu “sıravi əhmədlərimiz” misilsiz dözüm, döyüş əzmi sərgilədiyi halda, bizim jurnalistlər hardadır? Düşmənlə üzbəüz döyüşə, gəlin razılaşaq, bugünkü jurnalistikamızın peşəkar təpəri, həmləsi yoxdur. Yəni əsgərlərimiz, havadan, eləcə də yerdən uzaqvuran toplarla, raketlərlə müdafiə edilirlər, lakin jurnalistlər tərəfindən müdafiə olunmurlar. Dünya mətbuatında hərbi toqquşmalarımızın xronikası CNN, FOX NEWS kimi mətbuat atlantların diqqətindədir. Ancaq siz orada bircə Azərbaycan jurnalistinin erməni həmkarı ilə döyüşünü müşahidə edə bilməzsiniz. Feysbuk hesabımda bu haqda geniş yazmışdım.
- Nə yazmışdınız?
- “Düzünü danışaq. Nədir bu günkü Azərbaycan jurnalisti və jurnalistikası?
O, çox lokal məzmunludur, qeyri-peşəkardır. Dünya trendlərindən uzaqdır, ələ baxandır, çox-çox savadsızdır. Xarici dilləri bilmir, dünya mətbuatından bir cümlə belə oxumayıb. Azərbaycan jurnalisti ən yaxşı halda öz eqosuna işləyir. Həvəskar statusundan qopmur. Dəyərsiz olduğu üçün həmişə dəyərləndirilmək, mükafatlanmaq, qazanmaq, irəli sıçramaq istəyir. Qələmini, beynəlxalq sularda üzdürə bilmir. Yalnız milli akvatoriya, akvariumda, milli sularda göz və qulaq azdırır. Boşboğazdır, sual vermək, dialoq qurmaq kimi vacib cəhətlərdən məhrumdur.
İstedadlısı savadsızdır, savadlısı istedadsızdır. Süjet nədir bilmir, detallara, xırdalıqlara, naxışlara meyillidir. Mənəmmənəmçilik azarına yoluxub. Öz kəndini Azərbaycanın gizli paytaxtı bilir - Bakını, urbanizmi sevmir, çurbanizmi sevir. Yalançı millət qəhrəmanıdır. Çox emosionaldır, araşdırmaçılıq, tarixilik, iman bizim jurnalistlər üçün əlçatmazdır. Birdəfəlik anlayın - jurnalistika, milli yox, bir də yox, beynəlmiləl sənət növüdür. Təəssüf ki, siz bunu dərk etmək, kənardan özünüzə baxmaq lüksündən məhrumsunuz. Barənizdə yaxşı ifadə var – “əsər”lərinizin hamısı stolüstü yox, stulüstüdür...
Siz həmişə Ayın görünən tərəfini nəzərə alırsınız. Ayın görünməyən tərəfi, hadisələrin məzmunu, mənşəyi sizlik deyil. “Bir qaşıq istedad, bir vedrə həyasızlıq” - budur alnınıza yazılan”.
Bu paylaşımımda çiyinlərimizdəki Sizif daşının dəqiq ağırlığını, çəkisini məncə, düzgün ölçüb göstərmişəm. Bilirsiniz, bu gün bizim cəbhədə məğlubiyyətimiz yoxdur. Şükür! Məğlubiyyətlər, əfsus mətbuatımızdadır, jurnalistikamızdadır. Jurnalist generallarımız istefa verməlidir. Bu gün Nəcməddin Sadıkov deyil, buna çağırış edən cırtdan jurnalistlər istefa ərizəsini imzamalıdırlar. Məğlub onlardır. Los-Ancelesdəki “mətbuat qəzası”nda da məğlub tərəf diplomatiyamız yox, konsulumuz yox, jurnalistikamızdır.
- Son proseslərə münasibətiniz də maraqlı olardı. Bu dəfə aranı kim qızışdırdı?
- Müharibənin indiki mərhələsi artıq Moskvanın, yaxud Vaşinqtonun, Tehranın təhriki ilə başlanmayıb. Cavabım azca uzun olacaq. Cavabım belədir - indi, bütün ölkələr, xırdasından tutmuş nəhənginədək, öz köhnə imperiya modelini öz xarici siyasətində cəbhə xəttinə, gündəmə çıxarıb. Türkiyə öz Osmanlı modelini, Rusiya öz SSRİ mirasını, ABŞ və Böyük Britaniya anqlosaks coğrafiyasını, Fransa Frankafoniya qlobalizmini, İran Əhəməni imperiyası sərhədlərini, hətta Ermənistan belə “Böyük Ermənistan” xülyasını üzə çıxarır. Bizimçün burada ən təhlükəlisi Fransanın Frankafoniya modelidir. Güney Qafqazda iki-üç ildən çoxdur, bax, bu Frankafoniya layihəsi işə düşərək əleyhimizə işləyir.
Gürcüstan Prezidenti Salome Zurabaşvili, Ermənistan Baş naziri Nikol Paşinyan, bax, bu Frankafoniya hiyləsinin eyni zəncirləridirlər. Salome Fransa vətəndaşıdır. Nikol, elə öz fransız adından göründüyü kimi, vəhşiləşmiş mədəni fransızdır. Bu Frankafoniya modeli, Aralıq dənizi hövzəsində, Livanda, Suriyada, Güney Qafqazda, Misirdə Ərdoğanla üzləşib. Düyməni Paris basıb. Güllələr Tovuzda səslənib. Frankafoniya bizim qazı, nefti istəmir. “Yaşıl dünya” adıyla layihələrimizə sinə gərir. Sərhəddəki atışmanı da Fransa başlayıb. Salome və Nikolun əliylə... Serbiyadan Ermənistana gedən silah marşrutu da bəlkə elə həmin Frankofoniyanın logistik dəstəyi nəticəsində mümkün olub. Xatırladıram - Salomenin babası vaxtilə - 1918-20-ci illərdə Gürcüstanın nəqliyyat naziri olub. Batumi xətti ilə Ermənistana yardıma birbaşa şərait yaradıb. Nəvəsi bu ənənəni yalnız davam etdirir.
Ərdoğan bu Frankafoniya ilə Suriyada vuruşdu. Frankafoniyanın orada yaratdığı qondarma “Rodjava” kürd kvazidövlətini dağıtdı. Fransa casuslarını, xüsusi təlimatlılarını əsir aldı. İndi münaqişə Liviya və Azərbaycana sıçradı.
- Yəni yenə də kənar müdaxilə əsas rol oynayır?
- Azərbaycan-erməni qarşıdurmasında, Cəfər Cabbarlı demiş, güllə atanlar həmişə “kazaklardı”. Yəni burda həmişə kənar müdaxilələr olub və təəssüf ki, həmişə də olacaq.
Bu əməliyyat həmişə ismin tək halında deyil, qoşa şəklində, güzgü effekti ilə həyata keçirilib. 1989-cu ilin 10-15 noyabrında Yerevanda, Bakıda iki təyyarə yerə enib. Təyyarələr “İnturist” xətti ilə SSRİ ərazisinə daxil olub. Tərkiblərindəki turistlər də çox spesifik sərnişinlərdir. O vaxt Xankəndindəki “İnturist”in rəisi Serj Sərkisyan idi. O vaxt Bakı və Yerevana iki təyyarədə iki fərqli “turist”lər gəlir. Birində “ASALA” terrorçuları idi, digərində... Digərində isə deməyəcəm kimləridi.
- Suallar doğur - bu təyyarələri SSRİ ərazisinə buraxan, bu “turistləri” milli münaqişə səngərlərinə ötürən kim idi?
- Öz qara işini görəndən sonra bu asalaçıları Serj Sərkisyanla Köçəryan arxadan açdıqları atəşlə qətlə yetiriblər. Yəni izləri itiriblər.
İndi ASALA rebrendinq edib, “Sasna Çrer” (“Sasun qaplanları”) adını qazanıb. Bu da izləri itirməyin bir başqa yoludur. “Sasna Çrer”, yəni “ASALA” indi o qətliamı törədənlərin qanına susayıb - Serjdən, Robertdən intiqam almağa hazırlaşır. Nikol Paşinyan bu intiqam dəstəsindən, yəni “Sasna Çrer”dən öz məqsədləri üçün istifadə edir. Nikol üçün Qarabağı 1992-ci ildəki kimi yenə də “ASALA”, yəni “Sasna Çrer” fəth etməlidir. İlk addım atılıb. Şuşa artıq Köçəryanın, Serjin deyil, Paşinyanın, “Sasna Çrer”in nəzarətindədir.
Çalışın indiki hadisələrdə bu köhnə iştirakçıları, köhnə süjeti tapasız.
- Sizcə, dünya və bölgədə gedən son hadisələrin əsas istinad nöqtəsi nə oldu? Bunu Ayasofya kafedralına məscid statusunun verilməsi ilə əlaqələndirənlər də var.
- “Ayasofyanı məscidə çevirərkən Ərdoğan nəyi nəzərə alıb?” sualına cavab verərkən, bax, bunu unutmayın – Ayasofyanın tarixi, mənşəyi, ideyası elə əvvəldən anti-pandemiya məzmunlu olub. O vaxt - yəni Bizans imperatoru Yustinian dövründə bütün imperiya torpaqlarını, o cümlədən paytaxt Konstantinopolu (İstanbul) indiki COVID-19-u xatırladan xəstəlik bürüyür. İstanbulda gündə 5 mindən çox zavallı insan bu xəstəlikdən ölürmüş. Elmdə bu xəstəliyə “Yustinian vəbası” deyilir. İmperator Yustinian o vaxtkı COVID-19-a qarşı da hansı hiyləyə əl atmır. Axırda mələklər yuxuda ona bu məbədin maketini göstərirlər.
İndi aradan gör neçə illər keçdikdən sonra bu memarlıq detalları, antivirus tədbirləri yenidən gündəmə çıxmalıdır. Məbəd, göründüyü kimi, həm də çox güclü sanitariya məzmunludur. Şəfaverici gücə malikdir. Bəlkə də Ərdoğana bütün bunlar bəllidir. O, bu sirlərə bəlkə də bələddir. Görünür, orda ibadət qılmaq həm də şəfavericidir.
Ərdoğan, nə bilim, bəlkə də Yustinian kimi, oxşar antibiotiklə - bu müqəddəs məbəd vasitəsilə növbəti vəbaya, yəni COVID-19-a nöqtə qoymaq istəyir? Gözləyək.
1923-cü il Lozanna müqaviləsinin növbəti ildönümündə - 24 iyulda bu sirrin də üstü açılacaq.
- Məsələni bir qədər aça bilərsinizmi?
- Gördüyümüz kimi hadisələrin kulminasiya nöqtəsi bu gün, Lozanna anlaşmasının növbəti ildönümün gününə düşür.
Ərdoğan bununla onu sanki redaktə edir. Ayasofyadan sonra Boğazlar məsələsini də önə çıxaracaq. Ərdoğan “yenisini tikirəm” bəhanəsi ilə boğazları bir müddət qapayacaq. Rusiya və Fransa bunu dərk edib bərk təftişə düşüblər. Yəni Osmalı İmperiyası, Fateh qılıncı, yatağanı artıq göydən yerə şığıyır. Qurbanlar çox olacaq.
Azərbaycan buna hazırdırmı? Bəs biz Bakıdakı erməni kilsəsinə hansı statusu verəcəyik? Əsas məsələ indi budur. Mən demirəm ki, gəlin bu kilsədə namaz qılaq. Burda biz daha incə yanaşma sərgiləməliyik...
- Proses nə vaxt qızışmağa başladı?
- Bütün bunlar Trampın Merkelə söyüş dolu telefon zəngindən sonra başladı. Tramp söhbət əsnasında “NATO-ya bizmi başçılıq edirik, yoxsa siz? Kim sizə icazə verib NATO səlahiyyətlərini öz üzərinizə götürəsiz? Türk gəmilərini Aralıq dənizində yoxlayasız?” iradından sonra Fransua Filipp istefa verib. Fransada təzə hökumət qurulub. Bütün bunlar Merkel-Makron görüşündən sonra baş tutub. Görüş karantin qaydalarına uyğun olmayaraq canlı olub. Bu da çoxlarında fikir yaradıb - bəs, Bonn və Paris İT texnologiyalarına etibar etmirlər? Yoxsa ABŞ-ın qulaqcıqlarından qorxurlar?
Hadisələri izləyək. Xatırladaq ki, İran, Türkiyənin Afrikadakı, Liviyadakı siyasətinə dəstək verib. Məncə, bütün bunlar Qəddafinin oğlu Seyfəl İslamın Fransaya, Sarkoziyə qarşı gizli dosyesi, sənədləri ilə əlaqədardır. Dosye Camal Qaşıqçı işindəki kimi Ərdoğanın ofisindədir. Bu, Ərdoğana xasdır – o, kompromat olmadan hərəkətə keçmir.
Bizdə də görünür, belə kompromat dosyesi olmalıydı. Günün tələbi belədir.
Azərbaycan jurnalistləri bu amansız qarşıdurmada çox-çox zəifdir. Məncə dövlətimiz bunu anlamalı, jurnalistikada hərbi vəziyyət elan etməli, ciddi kadr siyasətinə keçməlidir. Uduzan əsgərimiz deyil, o qalibdir, uduzan jurnalistikamızdır. Buna görə, o, hərbi dövrün qayda-qanunları ilə cavab verməlidir.