27 İyul 2020 22:18
1 875
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın bir sıra kütləvi informasiya vasitələri dünyanın müxtəlif şəhərlərində ermənilərin dinc azərbaycanlı nümayişçilərə qarşı törətdikləri təxribatlardan yazır.

Teleqraf.com xəbər verir ki, İranın mehrnews.com, mashregnews.ir, iribnews.ir, yjc.ir saytları ermənilərin qanunazidd hərəkətlərinə toxunaraq qeyd ediblər ki, ABŞ və Avropada erməni gəncləri dinc azərbaycanlı nümayişçilərə hücum edərək xəsarət yetiriblər. Nəzərə çatdırılıb ki, hadisə ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib və ondan cinayət törətmiş ermənilərin məsuliyyətə cəlb olunması tələb edilib.

Materiallarda qeyd olunub ki, ermənilər müxtəlif ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum edərək işğal olunmuş Dağlıq Qarabağın azad edilməsini tələb edən azərbaycanlıları döyüblər.

Diqqətə çatdırılıb ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun Tovuz rayonundakı mövqelərinə hücum cəhdi olub və düşmənə layiqli cavab verilib. Bu təxribatın nəticəsində bir neçə gün davam edən döyüşlər olub. Döyüşlər zamanı hər iki tərəfdən itkilər olub.

Qeyd olunur ki, minlərlə vətənpərvər insan Bakının küçələrinə çıxaraq Azərbaycan Prezidentinə, ordusuna dəstək ifadə edib, torpaqların azadlığı uğrunda döyüşlərə hazır olduqlarını bildiriblər.


Müəllif: Teleqraf.com