ABŞ-ın sanksiyaları hədəfinə çatmadı. Bunu özləri də etiraf etdi. Şübhəsiz ki, sanksiyalar bizə çətinliklər yaratdı, amma bütün problemlər embarqoya bağlı deyil. Problemlər bəzən bizim hakimiyyətin özündən qaynaqlanır və son zamanlar COVİD-19 pandemiyası ilə bağlı çətinliklər də ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri İranın Ali dini rəhbəri Seyid Əli Xameneyi dövlət televiziyasında Qurban Bayramlı münasibətilə çıxışı zamanı deyib.
Ali rəhbər əlavə edib ki, ABŞ-ın sanksiya siyasəti qısa vədədə xalqla rejimi üz-üzə qoymağa hədəflənmişdi: “Uzun vədəli hədəf isə ölkə iqtisadiyyatını çökdürmək, İranın bölgədəki müttəfiq gücləri ilə əlaqələrini pozmaqdır. ABŞ-ın İran millətinə qarşı tətbiq etdiyi sanksiyalar şübhəsiz ki, cinayətdir. İlk baxışda sanksiyalar İslam Cümhuriyyətinə yönəlik görünə bilər, ancaq bu embarqolar bütünlükdə İran xalqı əleyinə tətbiq edilməkdədir”.
Çıxışı zamanı ABŞ-la müzakirə ehtimalını rədd edən Ali rəhbər belə müzakirələrin İranın regional güc rolundan, nüvə texnologiyasından və hərbi qüdrətindən vaz keçərək müdafiəsiz hala gəlməsi mənasını daşıdığını ifadə edib, bu səbəbdən Amerika ilə müzakirələr aparılmayacağını bildirib.
İran lideri Avropanı tənqid edərək söyləyib ki, ABŞ 2018-ci ilin mayında nüvə anlaşmasından çıxdıqdan sonra İranın razılaşmadakı maraqlarını qoruyacağına söz verən Avropa ölkələri bu vədini yerinə yetirməyib: “İçi boş sözlərlə bizi geriyə itələdilər və iqtisadiyyatımızı pozdular”.