11 Avqust 2020 14:08
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Öz mütəxəsislərimiz tərəfindən inşa edilmiş ən böyük qurğu olan "Qarabağ" dayaq blokunun istifadəyə verilməsi tarixi bir hadisədir. Bu layihə paralel olaraq göstərdi ki, xarici neft konsersiyumlarının Azərbaycan neftinə və ölkəmizə marağı böyükdür. Neft-qaz sənayesinə olan maraq və yerli şirkətlərin daha müasir tələblərə cavab verən qurğular hazırlaması ölkəmizin bu sahədə artıq ixtisaslaşdığını da nümayiş etdirir. Eyni zamanda müasir texnoloji şərtlərin təmin edilərək hazırlandığı nəhəng və mürəkkəb konstruksiya olan "Qarabağ" dayaq blokunun istismara verilməsi Azərbaycanın potensialını da göstərmiş oldu.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, ölkəmizin enerji siyasəti, diplomatiyası onun iqtisadi və milli maraqlarının təminatına yönəlib:

"Enerji siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və Azərbaycanın iqtisadi əsaslarının yaranmasına, möhkəmlənməsinə xidmət edir. "Əsrin müqaviləsi" ilə başlayan Azərbaycanın neft strategiyası və onun doktrinası bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dünyada reallaşan ən böyük neft-qaz layihələrinin müəllifi Azərbaycandır. "Cənub Qaz Dəhlizi" kimi böyük bir layihənin təşəbbüskarı olan ölkəmiz öz strategiyası ilə etibarlı tərəfdaş mövqeyi qazanıb. "Cənub Qaz Dəhlizi", "TAP" layihələri Avropanın enerji təminatına, bütövlükdə qitənin enerji təhlükəsizliyində əhəmiyyətli rola malikdir. İnşası artıq yekunlaşmaq üzrə olan "Qarabağ" layihəsi də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək".

Millət vəkili vurğulayıb ki, Xəzər dənizində ən böyük platforma olan “Qarabağ” yatağında artıq işlərin başlanılması da ölkəmizin sərmayə yatırılan deyil, sərmayədar bir dövlət olduğunu da göstərdi:

"Azərbaycan artıq bütün dünyada iri həcmli layihələrin həm müəllifi, həm də icraçısı kimi tanınır. Ölkəmizdə investisiya layihələrinin mühüm komponentlərini icra edərək, müasir tələblərə cavab verə biləcək nəticələr ortaya qoyan şirkətlər formalaşıb".


Müəllif: Tapdıq Qurbanlı