11 Avqust 2020 19:09
4 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni dövləti çoxmesajlı kombinasiya quraraq həm öz ərazisində, həm də Rusiya məkanında aktiv fəaliyyətə başlayıb. Ərazisindəki Rusiya hərbi bazasını saxlamaq niyyəti ilə rus hərbçilərinin ölkədən təxliyə edilməsinə hazırlıq barədə ABŞ nümayəndələri ilə danışıqlar hakimiyyətin xarici siyasət kursunun konturları görüntüsü yaratmış olsa da, həm Rusiyaya, həm Türkiyəyə, həmçinin region dövlətlərinə mesajdır”.

Teleqraf.com xəbər verir ki, bunu tarixi üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova deyib.

“Erməni dövlətinin Vaşinqtonun oriyentasiyası müstəvisində siyasət görüntüsü ABŞ-İran, ABŞ-Rusiya və ABŞ-Türkiyə münasibətləri kontekstində erməni hakimiyyətinə nə qazandıra bilər?”, sualına tarixçi-alimin cavabı belə olub:

“ABŞ-a münasibətdə hər üç dövləti ortaq məcraya yönəldən məsələlər olsa da, Türkiyə bir NATO dövləti olaraq Vaşinqtonla eyni hərbi düşərgədədir. Hərçənd bu amil Türkiyənin geosiyasi fəaliyyətində müstəqil qərarlar verməsini əngəlləmir. Erməni hakimiyyətinin Türkiyəni ABŞ-la blok bağlantısı səbəbindən neytrallaşdıra biləcəyi ehtimalı cari mənzərədə mümkünsüz görünür. Bu baxımdan, bu dövlətin Rusiya ilə münasibətlər çərçivəsində anlaşması daha realdır.

Erməni hakimiyyətinin Türkiyəni neytrallaşdırmaq siyasəti Rusiyaya təzyiq vasitəsilə müşayiət oluna bilər. Hərçənd Rusiyaya asi çıxmağın ermənilər tərəfindən çoxşaxəli mesajı var: Azərbaycana münasibətdə Rusiyanı ikitərəfli manevrlərdən birmənalı erməniyönlü qərar qəbul etməyə vadar etmək; Rusiyanın Türkiyəni erməni dövlətinə münasibətdə neytrallaşdırmağına nail olmaq; erməni dövlətinə münasibətdə İran-Rusiya əlaqələri potensialından daha çox faydalanmaq; ərazi iddiaları məsələsində ABŞ-ın tam dəstəyinə nail olmaq”.

Firdovsiyyə Əhmədova qeyd edib ki, ermənilərin Rusiya məkanında separatçı ruhlu heykəl təxribatları da cari kombinasiyanın tərkib hissəsidir:

“Təzyiq, şantaj, terror yolu ilə ən azı 100 illik zəngin təcrübə sahibi olan ermənilər vaxtı ilə II Nikolayı öz qərarından dönməyə nail olduqları xətlə XXI əsr Rusiyasını öz varlıqları ilə hesablaşmağa vadar etməyə səy göstərirlər. Nəzərə alsaq ki, 100 il ərzində Rusiya sosial-siyasi-iqtisadi həyatında ermənilik toru kifayət qədər əhatəli hörülüb, demək ki, məsələni ciddiyə almaq olar. Ermənilərin anti-Rusiya əməllərinin əvəzi Azərbaycan maraqları hesabına ödənilməsin deyə, asi erməni hakimiyyətinə qarşı Rusiya –Azərbaycan-Türkiyə işbirliyinin “əzəmətinə” inanmaq sadəlövhlükdür. Burada İran amilini də unutmaq olmaz. Bu həmin Rusiyadır ki, düz 100 il öncə, məhz bu günlərdə Rusiya-Azərbaycan-Türkiyə üçbucağında daşnak hakimiyyətini asılı salmaq üçün erməni hakimiyyətinə münasibətdə Türkiyəni neytrallaşdırmaqla Azərbaycan torpaqlarını ermənilərə peşkəş etmişdi”.

Tarixçinin sözlərinə görə, Rusiya dövlətçiliyinin maraqları erməni dövlətini ayaqda saxlayıb:
“Buna görə də Rusiyanın öz maraqları ziddinə hərəkət edəcəyi mümkün deyil. Xülasəsi budur ki, bir əsrdə eyni səhvləri bir neçə dəfə etmək olmaz. Diplomatik manevrlər etmək lazımdır, lakin bir tərəfin ətəyindən yapışıb sədaqət nümayiş etdirməyin əvəzini hansı qurbanlar hesabına ödədiyimiz acı gerçəklikdir. Diplomatiyada əsas, dövlətlərin ( hələ dövlətlər üstü qüvvələri demirəm) maraqlarının təminatıdır. Cari konyunkturada bizim vəzifəmiz digər dövlətlərin maraqları ilə öz maraqlarımızı uzlaşdıra bilməkdir. Maraqların qarşılıqlı təminatı uğurumuzun zəmini ola bilər, bu şərtlə ki, bu qarşılıqda güzəştə gedən biz, diktə edən başqası olmasın”.
Mənsur Rəğbətoğlu


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər