“Türkiyə artıq real olaraq hərbi baxımdan Azərbaycanda mövcuddur. Bunu sadəcə hüquqi zəminə bağlamaq lazımdır. Düşünürəm ki, bu yöndə də ciddi proses başlayıb. Bu hüquqi zəmin yaradıldıqdan sonra türk ordusunun Naxçıvan və Azərbaycanın digər bölgələrində hərbi baza qurmaq problemi olmayacaq”.
Politoloq Natiq Miri belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Türkiyə-Azərbaycan münasibətlərində indiyədək görünməmiş fəallıq var. Fikrinizcə, bu yaxınlaşmada əsas hədəf nədir?
- Bu yaxınlaşma hər iki tərəfin geosiyasi maraqları ilə əlaqədardır. Ən əsası da Azərbaycanın təhlükəsizliyi məsələsini özündə ehtiva edir. Məlumdur ki, bölgədə həssas proseslər gedir. Xüsusən də Rusiya öz konstitusiyasında dəyişiklik etdikdən sonra Moskva özünün “əhatə dairəsi” saydığı post-sovet məkanında daha da fəallaşaraq, bu ölkələri ram etməklə yenidən öz orbitinə qaytarmaq siyasətinə üz tutub. Biz bunu Belarusda da gördük. Eyni zamanda, Cənubi Qafqaz və Ukrayna sərhədlərində Rusiya hərbi qüvvələrinin fəallaşdığını müşahidə edirik. Tovuzda baş verən təxribat da göstərdi ki, Azərbaycana qarşı müəyyən təhlükələr mövcuddur. Düzdür, Rusiya bunu birbaşa etməsə də Ermənistan üzərindən müəyyən addımlar atmağa çalışır. Rusiya bu yolla Azərbaycanı ram etmək, habelə öz siyasətini bölgədəki dövlətlərə qəbul etdirmək niyyəti güdür.
Hesab edirəm ki, Azərbaycanın öz təhlükəsizlik sistemini gücləndirmək üçün Türkiyə ilə əməkdaşlığı genişləndirməsi vacibdir.
- Bəs Türkiyənin buradakı marağı nədir?
- Qardaş Türkiyənin həmişə Cənubi Qafqazda marağı olub. Şimali Qafqazda olmasa da Cənubi Qafqazdakı geosiyasi maraqlarını təmin etmək üçün güclü zəmin və əsaslara malikdir. Azərbaycanın, yəni bölgənin ən strateji ölkəsinin Cənubi Qafqazda yerləşməsi Türkiyənin burada varlığına zəmin yaradır. Tovuz təxribatı təkcə Azərbaycan üçün yox, həm Türkiyə, həm də Qərb üçün təhlükə yaratdı. Hesab edirəm ki, Azərbaycan və Türkiyənin strateji əməkdaşlığı hərbi müttəfiqliyə çevirmək istəkləri də bu amillərlə bağlıdır. Bu həm Türkiyənin, həm də Azərbaycanın bölgədəki mövqeyini gücləndirəcək. Eyni zamanda, iki qardaş ölkənin bir-birinə inteqrasiyasını sürətləndirəcək. Bu gün qardaş xalqların buna böyük ehtiyacı var.
- Türkiyədən Azərbaycana dəstək bəyanatları verilir. Sizcə, bu bəyanatlar özündə nəyi ehtiva edir – açıq hərbi dəstəyi, yoxsa siyasi?
- Türkiyən Prezidenti Rəcəb Tayyib Ərdoğan və qardaş ölkənin güc strukturlarının rəhbərləri səviyyəsində Azərbaycana dəstək ifadə olunur. Bu dəstək təkcə siyasi xarakterli deyil. Ərdoğan belə bir cümlə işlətdi ki, XX əsrin əvvəllərində türk ordusu hansı addımı atmışdısa, bu gün də həmin dəstəyi verməyə hazırdır. Məlumdur ki, ötən əsrin əvvəllərində Nuru Paşanın başçılıq etdiyi Osmanlı ordusu Azərbaycanı bolşeviklər və erməni daşnaklarından təmizləmək üçün gəlmişdi. Türk ordusu Bakının azad olunması və erməni terrorçularının darmadağın edilməsində iştirak etdi. Ərdoğan bunu dilə gətirməklə, işğalçı Ermənistanın havadarlarına çatdırdı ki, bu bəyanatlar təkcə siyasi dəstəkdən ibarət deyil, bu, bütün sahələri, o cümlədən hərbi istiqaməti əhatə edir.
Ankara Türkiyə-Azərbaycan təlimləri üzərindən işğalçının havadarlarına o mesajı verdi ki, kimsə Azərbaycanı təhdid etməsin, tək görməsin. Yəni belə bir təhdid olarsa, qarşısında türk ordusunu görəcəklər. Maraqlıdır ki, Tovuz təxribatından sonra Türkiyə prezidenti rusiyalı həmkarına telefon zəngi etdi. Bu telefon danışığında Ərdoğanın Dağlıq Qarabağ münaqişəsini ciddi müzakirə mövzusuna çevirməsi göstərdi ki, Türkiyə Azərbaycanı sözdə dəstəkləmir.
İndiyədək Rusiya heç bir vəchlə Qarabağ məsələsini Türkiyə ilə müzakirə etmək istəmirdi. Çünki Türkiyəni Qafqaza buraxmaq istəmirdi. Ancaq geosiyasi vəziyyət dəyişdiyi üçün Türkiyə Putinə bir çox reallıqları izah etdi.
- Söhbət hansı reallıqlardan gedir?
- Ərdoğan Putinə bildirdi ki, siz öz vassalınız saydığınız Ermənistana nəzarəti tam həyata keçirə bilirsinizsə, bəs Azərbaycana yönəlmiş bu təxribatların adı nədir? Rusiya tərəfinin diqqətinə o da çatdırıldı ki, əgər Ermənistan sizi eşitmirsə və bu aqressiyadan vaz keçmirsə, o zaman Türkiyənin bu prosesə müdaxiləsinə ehtiyac yaranır. Bu da birbaşa Azərbaycanın təhlükəsizliyi ilə əlaqəlidir. Bu faktlar ortaya qoyulduqdan sonra Rusiya reallıqları qəbul etdi və Qarabağ məsələsini Türkiyə ilə müzakirə etmək məcburiyyətində qaldı. Bu da o anlama gəlir ki, Dağlıq Qarabağ prosesində bir oyunçu kimi Türkiyə də mövcuddur.
Düşünürəm ki, Türkiyənin dəstəyi təkcə sözdə deyil, bu, eyni zamanda özündə hərbi dəstəyi ehtiva edir. Başda Türkiyənin Müdafiə naziri Hulusi Akar, Baş qərargah rəisi Yaşar Gülər və digər hərbi strukturların rəhbərlərinin Azərbaycana son səfərləri bir daha göstərdi ki, Azərbaycanın təhlükəsizliyi məsələsi ciddi şəkildə müzakirə mövzusudur. İşğal olunmuş ərazilərin azad edilməsə də iki qardaş ölkə arasında cidd-cəhdlə müzakirə olunur.
Eyni zamanda, Azərbaycan və Türkiyə arasında hərbi müttəfiqlik müqaviləsinin imzalanması da müzakirə obyektidir. Düşünürəm ki, çox qısa zamanda bu sənədin imzalandığını görəcəyik. Bu sənəd hər iki dövlət tərəfindən razılaşdırılarsa, yaxın zamanlarda parlamentdə ratifikasiya ediləcək. Bu da onu göstərir ki, Türkiyə artıq real olaraq hərbi baxımdan Azərbaycanda mövcuddur. Bunu sadəcə hüquqi zəminə bağlamaq lazımdır. Düşünürəm ki, bu yöndə də ciddi proses başlayıb. Bu hüquqi zəmin yaradıldıqdan sonra türk ordusunun Naxçıvan və Azərbaycanın digər bölgələrində hərbi baza qurmaq problemi olmayacaq.