70 il sovet hakimiyyəti xalqımızı dinindən, milli mənəvi dəyərlərimizdən uzaqlaşdırmağa çalışıb. Məscidlər bağlanaraq təyinatları dəyişdirilmiş, insanlara dini etiqad qadağan olunmuşdu. Bütün bunlara baxmayaraq dinə və Allaha bağlılıq hər bir kəskin ürəyində yaşayırdı və zamanı gözləyirdilər ki, azad şəkildə bunu ifadə eləsin.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov bildirib.
O qeyd edib ki, bütün qadağalar xalqımızı dindən, milli mənəvi dəyərlərdən uzaq sala bilmədi.
Millət vəkili vurğulayıb ki, müstəqil Azərbaycan tarixində din-etiqad azadlığının əsasını Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub: “1995-cı ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya aktında dinin dövlətdən ayrı olduğu qeyd edilsə belə hər şəxsin dini etiqad və vicdan azadlığı təmin edildi. Azərbaycanda yaşayan insanların ictimai qaydanı pozmayan dini mərasimləri yerinə yetirilməsinin sərbəstliyi təsbit olundu. Məscidlərin fəaliyyətinə yeni ruh verildi. Sovetlər dövründə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, indi 2166 məscid tikilib və yenidən bərpa olunaraq fəaliyyət göstərir. Dini inanc yerlərinin bərpasında və xalqın dinə inamının qaytarılmasında Ulu Öndərin əsasını qoyduğu yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Azər Badamov qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyava bir sıra məscidlərin açılışlarında şəxsən iştirak edir.
Deputat həmçinin bu illər ərzində qəzalı və istifadəyə yararsız dini etiqad və ibadət yerlərinin yenidən qurulmasının da dövlətin öz dəyərlərinə olan diqqətinin bariz nümunəsi olduğunu vurğulayıb:
“Dini ayinlər hər zaman məscidlərdə keçirilib. Amma indi pandemiya ilə əlaqədar yeni bir şərait olduğuna görə dini ayinlərin məscidlərdə ictimai formada keçirilməsi məsləhət görülmür. Çünki insanların kütləvi şəkildə bir araya yığılması koronavirus infeksiyasına yoluxma riskini artırır. Belə qadağalar dünyanın bir çox ölkələrində tətbiq olunub. Qurban bayramı tədbirləri qeyri-adi şəkildə icra olundu, Həcc ziyarəti də dünya tarixində ilk dəfə dayandırıldı. Bütün bunlar müqəddəs dini kitablarda da yazılmış "insan sağlamlığı qorunması hər şeydən üstündür" kəlamlarına uyğundur. İslam dini özü insanların sağlamlığına mənfi təsir göstərəcək əməlləri qadağan edir. Ona görə də hər bir insan özünü pandemiya dövrün tələblərinə uyğunlaşdırmalıdır. Məhərrəmlik ayında həmişə məscidlərdə kütləvi tədbirlər təşkil olunurdu. İnsanlar məscidlərdə öz inanclarını sərbəst şəkildə ifadə edirdilər. Amma bu il məscidlərə insanların yığılması tövsiyə edilmir. Ona görə də kütləvi tədbirlər karantin rejimin tələblərinə görə təxirə salınmalı, bu mərasimləri qanvermə aksiyasında iştirak etməklə icra etmək olar. Pandemiya əbədi deyil və tətbiq olunmuş məhdudiyyətlər müvəqqəti xarakter daşıyır. Ona görə də hər bir müsəlman pandemiyanın tələblərinə səbirlə yanaşmalıdır”.