Şərqi Aralıq dənizində müşahidə olunan gərginliklə bağlı bir neçə gün əvvəl Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin toplantısı olub. Toplantıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov və deputat Asim Mollazadə Türkiyəyə olan təzyiqlər haqqında danışıb, rəsmi Ankaranı müdafiə ediblər.
DİP sədri, deputat, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə toplantıdakı çıxışı ilə bağlı Teleqraf.com-a açıqlama verib.
Deputat çıxışı zamanı açıq bəyan edib ki, vaxtilə Kipr münaqişəsinin həlli istiqamətində hazırlanan Kofe Annan planı adanın türk icması tərəfindən qəbul olunsa da, yunan icması tərəfindən rədd edilib:
“Başqa sözlə, Kipr məsələsinin həlli ilə bağlı ən ciddi problemlər Yunanıstan tərəfindən ortaya qoyulub. Bu faktdır”.
Millət vəkili qeyd edib ki, çıxışı zamanı daha bir vacib məqamı da vurğulayıb:
“NATO-nun baş katibi hərbi alyansın daxilində gərginliyi aradan qaldırmaq üçün danışıqlar və dialoq təklif edib. Türkiyə prezidenti bu təklifi qəbul edərək Yunanıstan baş nazirini dialoqa çağırıb. Amma hər iki halda Yunanıstan tərəfindən rədd cavabı verilib. Deməli, belə çıxır ki, Yunanıstan tərəfi gərginliyin yaranmasında maraqlıdır, bu səbəbdən də danışıqlar platformasına rədd cavab verir. Bu, düşündürücü vəziyyətdir. Mənə elə gəlir ki, beynəlxalq ictimaiyyət bu məqama diqqət etməli, araşdırmalıdır. Avropa Birliyi ölkələrinin özləri də araşdırma aparmalıdır. Müəyyən edilməlidir ki, kimlər hərbi cinayətkarlara dəstək verir. Məsələn, beynəlxalq araşdırmaçılar Liviyada çox sayda kütləvi məzarlıq tapıblar. Bu, Avropa dəyərlərinə uyğundurmu? Məncə, bu istiqamətdə real araşdırma olmalıdır. Eyni zamanda anti-Türkiyə və anti-islam ab-havasına son qoyulmalıdır”.
A.Mollazadə xatırladıb ki, hər kəs qeyd edir problemlər var və danışıqlar yolu ilə həll edilməlidir:
“Müzakirələr olmalıdır. Bunu hamı deyir. Ən gözəl platforma da NATO-dur. Həm Türkiyə, həm də Yunanıstan NATO üzvüdür. Əgər Türkiyə Avropa Birliyinin üzvü olsaydı, problem bu platformada da müzakirə oluna bilərdi. Düşünürəm ki, problemlərin həlli masa arxasında tapılmalıdır”.