16 Sentyabr 2020 16:17
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA-nın son sessiyası başlayanadan artıq bir neçə komitədə Azərbaycanla bağlı müzakirələr aparılıb. Bu müzakirələrin aparılması müsbət hal kimi qiymətləndirilir. İlk növbədə AŞPA prezidentinə ölkəmizlə bağlı göndərilmiş məktublarda da müzakirələrin təşkil edilməsi həm xahiş, həm də tələb edilib. Artıq AŞPA-nın prezidenti bu müzakirələrin keçirilməsinə öz müsbət fikrini bildirib. Bunun nəticəsi olaraq AŞPA-nın Siyasi və Monitorinq komitələrində müzakirələr təşkil edilib.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, bu müzakirələrin AŞPA-da keçirilməsinin müsbət tərəfi var:

"Ermənilərin bu strukturda Qarabağla bağlı mövzularda iştirak etməmək siyasətinə görə, münaqişə ilə bağlı AŞPA-da hər hansı bir təşkilatın, qurumun yaradılması da müzakirə edilib. AŞPA-ya üzv deputatlar da buna müsbət fikir bildirib. Bununla da Dağlıq Qarabağ - Azərbaycan ərazilərinin işğalı ilə bağlı məsələlər Avropa Şurasının gündəminə qayıdıb. Digər məqam ondan ibarətdir ki, uzun illər ermənilər yalnız ATƏT çərçivəsində bu məsələnin müzakirəsinə çalışıb. Hansısa başqa bir təşkilatda bu məsələ gündəmə gəldikdə dərhal bunun qarşısını almaq üçün bütün səylərini ortaya qoyublar. Artıq bu hal da baş vermir. Demək olar ki, Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərin işğalı ATƏT-in Minsk qrupunun özəlləşmiş bir məsələsi kimi gündəmə gəlmir. Hər kəs başa düşür ki, ATƏT-in Minsk Qrupu bu işin öhdəsindən gələ bilmir. Ona görə də, bu məsələ yalnız onların çərçivəsində qalması, faktiki status-kvonun saxlanıması deməkdir. Başqa beynəlxalq təşkilatlar və qrumlar da təcili olaraq bu məsələyə müdaxilə etməlidir. Belə olan halda Dağlıq Qarabağla bağlı məsələyə daha yüksək səviyyədə diqqət ola bilər”.

Millət vəkili qeyd edib ki, AŞPA-nın komitələrində müzakirələr zamanı Azərbaycanla bağlı həqiqətlər bir daha hər kəsin diqqətinə çatdırılıb:

“Bu həqiqətlər həm iyul ayında baş vermiş erməni provakasiyası, həm də digər vacib məsələlərlə bağlı idi. Eyni zamanda Avropa Parlamentində Dağlıq Qarabağla Ermənistanı birləşdirən qeyri-qanuni yolun tikilməsi ilə bağlı da müzakirələr keçirilib. Bundan başqa Livandakı faciədən sonra erməni əsilli ailələrin Dağlıq Qarabağa köçürülməsi məsələsi də gündəmə gətirilib. Bütün bunlar isə çox vacib məsələlərdir. Çünki bu sükutun içərisində ermənilər öz cinayətlərini davam etdiriblər. Bu məsələlərlə bağlı nə qədər çox fikirlər səslənsə, ictimaiyyət bunu daha çox bilsə, onun qarşısını almaq imkanı da artmış olar".

Səməd Seyidov əlavə edib ki, erməniləri himayə edənlər də çoxdur:

“Amma buna baxmayaraq artıq həqiqətlər də qapalı deyil. Azərbaycanın mövqeyi də kifayət qədər güclüdür. Ölkəmizin iradəsi artıq beynəlxalq təşkilatlarda açıq şəkildə qəbul edilir. AŞPA-da aparılan müzakirələr sözsüz ki, bununla qapanmayacaq. Başqa formatlarda da bu müzakirələrin nəticəsinə nail olunacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər