18 Sentyabr 2020 18:48
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tofiq Yaqublunun ev dustaqlığına buraxılması barədə məhkəmə qərarı gözlənilən bir hadisə idi. Çünki günlər, həftələr öncə Tofiq Yaqublu haqqında məlum məhkəmə hökmü çıxarılandan sonra ölkədə bir tərəfdən bu hadisəni siyasiləşdirmək və onu hakimiyyətə, dövlətə qarşı çevirmək cəhdləri baş qaldırdı, digər tərəfdən isə heç də bundan zəif olmayan tendensiya özünü güclü şəkildə göstərməyə başladı.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

Aydın Quliyev qeyd edib ki, bu tendensiya ölkənin tanınmış simalarının, siyasət adamlarının, partiya sədrlərinin, qeyri-hökumət təşkilatlarının, jurnalistlərin, həmçinin, onun özünün dəstək verdiyi bir proses idi:

“Bu da Tofiq Yaqublu ilə bağlı ölkənin hüquq sisteminin və humanizm prinsipinin tətbiqi sayəsində yeni məhkəmə qərarının çıxarılmasından ibarət idi. İkinci tendensiyanın tərəfdarlarının bütün hallarda üstələyəcəyi əvvəldən görünürdü. Çünki ikinci tendensiyanın tərəfdarları daha obyektiv, daha real və daha perspektivli yol tuturdular. Hadisəni siyasiləşdirmək, onu beynəlxalq təşkilatların gündəliyinə daşımaq istəyən qüvvələr daha çox bunun ətrafında manipulyasiyalar aparmaq məqsədi güdürdülər ki, bu da onların nəyin bahasına olursa-olsun hakimiyyətə qarşı bir mövqe ifadə etmək niyyətindən irəli gəlirdi”.

Aydın Quliyevin sözlərinə görə, ancaq bütün obyektiv və təmkinli düşüncə sahibləri öncədən də bilirdilər ki, Tofiq Yaqublunun azadlığının açarı bu məsələnin siyasiləşdirilməsindən, onun beynəlxalq təşkilatların gündəminə daşınmasından, bu məsələ ətrafında hakimiyyətə qarşı bir kampaniya başlatmaq niyyətlərindən ibarət deyil:

“Əksinə Tofiq Yaqublunun azadlığının açarı məhz ölkənin hüquq sistemində və şəxsən Prezident İlham Əliyevin zaman-zaman tətbiq etdiyi humanizm prinsiplərinin daxilindədir. Doğrudan da hadisələr gözlənildiyi kimi oldu və ölkənin həm hüquq sisteminin verdiyi imkanlar çərçivəsində, həm də ölkə prezidentinin humanist iradəsinin müdaxiləsi sayəsində biz bu məhkəmə qərarının şahidi olduq”.

Müsahibimiz daha sonra deyib:

“Bu məhkəmə qərarı bir daha sübut etdi ki, ölkədə hüquq sistemini siyasiləşdirmək mümkünsüzdür. Ümumiyyətlə, hüquqi prosesləri siyasiləşdirmək, onu müxtəlif beynəlxalq təşkilatların gündəminə daşımaq cəhdləri perspektivsizdir. Bütün hallarda hüquqi məsələlər yalnız hüquqi müstəvidə və humanizm prinsipləri çərçivəsində həll olunmalıdır. Necə ki, həll olundu. Tofiq Yaqublu ilə bağlı məhkəmə qərarının dəyişdirilməsi bir daha ölkənin hüquq sisteminin həm bitkin və yetkin, həm də hüquq sisteminin eyni vaxtda ölkə prezidentinin timsalında dövlətin humanizm prinsipi ilə üzvi şəkildə bağlı olduğunu əyani nümayiş etdirdi”.


Müəllif: Səxavət Həmid