Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması və təminatı istiqamətində ciddi addımlar atılıb. Müxalifət funksionerinin həbsdən evə buraxılması insan hüquqlarına olan ehtiramın bariz nümunəsidir. Dövlətimiz bir daha insani dəyərlərə və demokratiyaya sadiq olduğunu nümayiş etdirdi.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib
O vurğulayıb ki, müəyyən qruplar bu məsələdən öz siyasi maraqları üçün istifadə etməyə çalışırdılar: "Kimlərsə düşünürdü ki, Tofiq Yaqublu aclığı davam etdirəcək və onlar öz çirkin kampaniyalarını daha geniş yaymaqda bu konteksdən yararlanacaq. Amma cəmiyyətdən gələn çağırışlar və bir sıra ziyalıların bu məsələ ilə bağlı müraciətləri çoxlarının gözləntilərinin əksinə ciddi addımın atılması ilə nəticələndi. Ölkəmizdə demokratik dəyərlərə xüsusi diqqət var. Buna baxmayaraq bəzi qüvvələr öz çirkin siyasi proqramlarını reallaşdırmaq üçün müxtəlif variantlara əl atır”.
Ceyhun Məmmədov müxalifət funksioneri olan Tofiq Yaqublunun ətrafında özlərinə siyasi divident qazanmaq istəyənlərin olduğu qeyd edib.
O vurğulayıb ki, bu məsələ ilə bağl müxtəlif variantlar və oyunlar düşünülmüşdü: "Hər zaman olduğu kimi bu dəfə də insan faktoru üzərində qurulmuş siyasi oyun alt üst oldu. Dövlətin öz vətəndaşına, demokratiyaya olan dəyəri açıq nümayiş olundu. Bu, eyni zamanda ölkədə insan hüquq və azadlıqlarına verilən qiymətin də açıq təzahürü idi. Tofiq Yaqublu haqqında qərarın dəyişdirilməsi Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürüdür".
Millət vəkilinin fikrincə, bir insanın sağlamlığı və həyatı üzərindən siyasi divident qazanmaq heç bir halda qəbul edilən anlayış deyil: "İnsan həyatından, sağlamlığından çıxış edərək onu predmetə çevirmək məntiqsiz bir yanaşmadır. Kimlərsə insan amilini nəzərə almadan siyasi riyakarlıqla məşğul olmağa çalışırdı. Artıq bu planlar iflasa uğradı. Çünki ilk gündən bu məsələ dövlətin diqqətində idi. Ona görə də, burada digər məqsədlərin axtarılmasına ehtiyac yoxdur".