Diplomatiyada yeni seçilən və yaxud təyin edilən şəxsin ilk səfərini hansı ölkəyə edəcəyi böyük əhəmiyyət daşıyır. Həmin ölkənin yaxın tərəfdaşları bu məsələyə diqqətlə yanaşırlar. Azərbaycan parlamentinin spikeri, xanım Sahibə Qafarova ilk xarici səfəri qardaş Türkiyəyə etdi. İki qardaş ölkə arasında münasibətlərin qiymətləndirilməsi baxımından bunun çox böyük önəmi var. Spikerin ikinci səfəri isə şimal qonşumuz, sıx əlaqələrimizin olduğu Rusiyaya oldu. Rusiyada yüksək səviyyədə keçirilən görüşlərdə hər iki tərəfin qarşlıqlı dostluq, mehriban qonşuluqda maraqlı olduğu bir daha bəyan edildi.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, Sahibə Qafarova öz görüşlərində Azərbaycanın Rusiya ilə münasibətlərinə böyük önəm verildiyini vurğulayıb: “Rusiya ilə münasibətlərin hərtərəfli inkişafı diqqətə çatdırılıb. Eyni zamanda Rusiya tərəfinə Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirdiyi, cəbhə xəttində vaxtaşırı hərbi təxribatlara əl atdığı, nəticədə dinc insanların, əsgərlərimizin həlak edildiyi faktları vurğulanıb”.
Aydın Mirzəzadə bildirib ki, iki tərəfli görüşlərdə Ermənistanın bu gün beynəlxalq hüquq normalarına riayət etmədiyi, danışıqlardan yayındığı da Rusiya tərəfinin diqqətinə çatdırılıb: “Rusiya sıradan bir ölkə deyil. BMT Təhlüksəizlik Şurasının 5 daimi üzvündən biri, Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun üzvüdür. Maraqlı məqamlardan biri də odur ki, Rusiya artıq Dağlıq Qarabağ məsələsində daha dəqiq mövqe tutmağa başlayır”.
Aydın Mirzəzadənin fikrincə, Rusiya əvvəllər sadəcə tərəfləri danışığa çağırıdısa, indi daha konkret ddımlar atmağa başlayıb: “Parlament rəhbərləri arasındakı görüşlərdə, həmçinin Rusiya Xarici İşlər nazirinin "Ermənistanın baş nazirinin bəyanatları problemin həllinə böyük əngəl yaradır" açıqlaması Azərbaycan tərəfindən alqışlanır. Rusiya XİN rəhbəri Sergey Lavrovun 5 rayonun qaytarılmasının vacibliyi barəsində bəyanatı da çox ciddi yanaşma idi.
Doğrudur, bu, Azərbaycan ictimaiyyəti tərəfindən bir qədər həssaslıqla qarşılandı. Problem təkcə 5 rayonun qaytarılması ilə həll edilməməlidir. Bu açıqlamada Rusiya tərəfinin nəyi nəzərdə tutduğu şübhəsiz ki, diplomatik kanallar vasitəsi ilə bir daha dəqiqləşəcək. Amma ilk dəfədir Rusiya bu məsələni açıq vurğulayır”.
Millət vəkili qeyd edib ki, spikerin səfəri, Rusiya tərəfinin Dağlıq Qarabağ məsələsinə dair əvvəlki mövqedən fərqli mövqe bildirməsi Azərbaycanın artan siyasi nüfuzundan xəbər verir: “Cənab Prezident İlham Əliyevin BMT-nin sessiyasında çıxışında vurğuladığı məqamlar da bu gün dünyanı narahat edən məsələlərdir. Eyni zamanda Azərbaycanın dünya birliyində tutduğu yerin göstəricisidir. Çünki bu gün Azərbaycanın sözü eşıdılır, diqqətə götürülür, mövqeyi gözlənilir. Buna isə Azərbaycan ilk növbədə çox uğurlu dövlət quruculuğu sayəsində nail olub”.