24 Sentyabr 2020 18:49
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Aralıq dənizini tarixi adı Göyçə gölü olan Sevan gölü ilə qarışıq salan Ermənistanın məsələyə katalizator rolunda müdaxilə cəhdləri isə sadəcə gülüş doğurur. Həmişəki adətinə uyğun olaraq Ermənistan ona aid olmayan mövzulara qarsımağa çalışır. Beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüz törətmiş Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Şərqi Aralıq regionunda mövcud olan vəziyyətlə əlaqədar Türkiyə və Yunanıstan arasında aparılan danışıqlara toxunan H.Hacıyev qeyd edib ki, Azərbaycan Respublikası ölkələr arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə əsaslanan münasibətlərin tərəfdarıdır. Hazırda Şərqi Aralıq regionunda mövcud olan vəziyyət narahatlıq doğurmaya bilməz: "Xüsusən koronovirus pandemiyasına qarşı qlobal mübarizənin getdiyi bir dövrdə danışıqlara üstünlük verilməsi vacibdir. Bu baxımdan, biz qardaş Türkiyə ilə Yunanıstan arasında NATO vasitəsilə aparılan danışıqları müsbət qiymətləndiririk. Həmçinin hesab edirik ki, tərəflər arasında heç bir ön şərt olmadan qurulacaq dialoq və aparılacaq birbaşa müzakirələr gərginliyin azaldılmasına və müvafiq həll yollarının tapılmasına imkan verəcəkdir. Azərbaycan zəruri olduğu halda bu məsələdə öz töhfəsini verməyə hazırdır".

H.Hacıyevə görə, "dənizdən dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan Ermənistanın dənizə çıxışı olmayan ölkə olduğunu nəhayət anlaması yaxşı olardı: "Aralıq dənizi fantaziyaları ilə yaşamaqdansa, dənizə çıxışı olmayan ölkə kimi Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyduğu halda regional kommunikasiya və nəqliyyat imkanlarından da faydalana biləcəyini dərk etməlidir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər