25 Sentyabr 2020 00:20
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümumi debatlarda videoformatda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

Cənab Sədr,

Cənab Baş katib,

Hörmətli dövlət və hökumət başçıları.

Mən BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri cənab Volkan Bozkırı bu vəzifəyə seçilməsi münasibətilə təbrik edirəm. Qardaş Türkiyənin nümayəndəsinin belə mötəbər vəzifəyə seçilməsi bizi məmnun etdi. Sizi əmin etmək istəyirəm ki, bu məsuliyyətli və şərəfli işinizdə Azərbaycan sizi dəstəkləməkdən ötrü səylərini əsirgəməyəcək.

Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinə əsasən, “sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan isə sülh mümkün deyil”. Dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir.

Azərbaycan ərazisinin təqribən 20 faizi 30 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq etmiş, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən qovulmuşdur. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. Torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaratmışdır.

1992-ci ildə Ermənistan Xocalı soyqırımını törətmişdir ki, onun nəticəsində Xocalının 106-sı qadın və 63-ü uşaq olmaqla 613 dinc sakini qətlə yetirilmişdir. Ondan artıq ölkə Xocalı soyqırımını tanımışdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır.

Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur.

Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz.

Bugünkü Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras dağıdılmış və talan edilmişdir. Ermənistan işğal edilmiş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıtmışdır. Məqsəd isə orada azərbaycanlıların bütün izlərini silməkdir.

Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar edir və süni ekoloji böhran yaratmaq məqsədilə su ehtiyatlarından istifadə edir. Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edən Ermənistan onları beynəlxalq bazarlara ixrac edir. Bu, qanunsuz biznes fəaliyyəti və çirkli pulların yuyulması sxemidir.

Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmadıqları halda onlar hüquqi məsuliyyətlə üzləşəcəklər. Azərbaycan işğal edilmiş ərazilərimizdə təbii ehtiyatlarımızın qanunsuz istismarı ilə məşğul olan şəxs və şirkətlərə qarşı artıq hüquqi addımlar atmağa başlayıb.

Ermənistan təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyu mülki vətəndaşları məqsədyönlü şəkildə hədəfə alır və təxribatlar törədir.

2016-cı ilin aprel ayında Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum həyata keçirmişdir. Həmin hücum nəticəsində biri uşaq olmaqla, 6 dinc sakin qətlə yetirilmiş, 26 mülki vətəndaş isə yaralanmışdır. Azərbaycan Silahlı Qüvvələri əks-hücum tədbirləri həyata keçirmiş və işğal olunmuş torpaqların bir hissəsini azad etmişdir.

2017-ci ildə Ermənistanın məqsədyönlü hücumu nəticəsində 2 yaşlı Zəhra Quliyevə və onun nənəsi qətlə yetirilmişdir.

2020-ci il iyulun 12-də Ermənistan dövlət sərhədi istiqamətində növbəti təxribata əl atmışdır. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə tutulması nəticəsində hərbçilərimiz və 76 yaşlı mülki vətəndaşımız həlak olmuş, mülki infrastruktura isə ciddi zərər dəymişdir.

Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Bununla yanaşı, onlar Ermənistanda artmaqda olan iqtisadi-sosial problemlərdən xalqın diqqətini yayındırmağa çalışdılar.

Lakin Azərbaycanın cavabı qətiyyətli oldu və Ermənistan heç bir məqsədinə nail ola bilmədi. Ermənistan növbəti dəfə hərbi məğlubiyyətə uğradı. Ermənistan hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməklə məğlubiyyətini etiraf etmiş oldu.

Bu yaxınlarda erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı azərbaycanlı hərbçilər tərəfindən yaxalanmışdır. O, dəstənin azərbaycanlı hərbçi və mülki vətəndaşlara qarşı terror aktlarının planlaşdırdığını etiraf etmişdir.

Ermənistan hökuməti Azərbaycan tərəfinin əsirlərin “hamının-hamıya” prinsipi əsasında mübadiləsi təklifini rədd etmişdir. Azərbaycanlı mülki vətəndaşlar Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altındakı ərazilərdə valideynlərinin məzarlarını ziyarət edərkən əsir götürülmüş və işgəncəyə məruz qalmışlar. Onlar 6 ildən çoxdur ki, əsirlikdədirlər.

Cari ilin mart ayında Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil edilmiş qondarma “seçkilər” növbəti təxribat idi. Həmin dırnaqarası “seçkilər” əvvəlkilər kimi, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı, Avropa İttifaqı, Avropa Parlamenti və digərləri tərəfindən kəskin şəkildə qınanıldı və rədd edildi.

Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmağa cəhd edir. Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Onun qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.

Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna – Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir.

Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib. Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var.

Erməni terrorçuları 24 türk diplomatını qətlə yetirib. Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Həmin terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir.

Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub.

Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde “milli qəhrəmana” çevrilib. İkinci Dünya müharibəsindən sonra o, həbs olunaraq 25 illik azadlıqdan məhrum edilmiş və həbsxanada ölmüşdür. Ermənistanın paytaxtının mərkəzində Njdenin xatirəsinə 6 metrlik abidə ucaldılıb. ASALA kimi bir sıra digər terror təşkilatlarının üzvləri də bu ölkədə şöhrətləndirilir.

Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik.

Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə verməmişdir. Danışıqlar imitasiya naminə aparılmamalı, nəticəyönümlü və məzmunlu olmalıdır.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanmışdır. Biz həmin bəyanatları alqışlayırıq, lakin bəyanatlar kifayət etmir. Bizim real addımlara ehtiyacımız var.

Otuz ilə yaxın danışıqlar prosesində iştirakımız sülhə sadiqliyimizin bariz nümunəsidir. ATƏT-in Minsk qrupunun bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir.

BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib edilməlidir. BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir.

Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!

Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra. Dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatmışdır. Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik.

Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq.

Azərbaycana qarşı təcavüz səbəbindən Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla qarşılaşmaqda davam edir. Ermənistanda iki il bundan əvvəl rejim dəyişikliyi baş vermişdir, lakin uğursuz dövlətin faşist ideologiyası dəyişməz olaraq qalmışdır.

Ermənistanda insan hüquqları geniş şəkildə pozulur. Hakimlər təzyiq və şantaja məruz qalır, jurnalistlər, müxalifət fəalları və siyasi opponentlər despotik rejim tərəfindən həbs edilir. Ermənistanda faktiki olaraq diktatura qurulub.

Ölkənin iki sabiq prezidentinə qarşı cinayət işləri açılıb. Toxunulmazlığa sahib olmaqlarına baxmayaraq, parlament deputatları saxlanılır.

Erməni jurnalist və siyasətçi Mher Yeqizaryan 2019-cu ilin yanvar ayında həbsxanada elan etdiyi aclıq nəticəsində ölmüşdür. Lakin vəzifələri dünyada demokratiya və insan hüquqlarının müşahidə edilməsindən ibarət olan beynəlxalq təşkilatlar buna reaksiya vermədilər. “Human Rights Watch”, “Amnesty International”, “Freedom House” və digərləri Ermənistandakı despotik rejimin zorakı və qeyri-insani hərəkətlərinə göz yumurlar. Buna səbəb dünyada insan haqları ilə məşğul olan bir çox dırnaqarası qeyri-hökumət təşkilatlarına sponsorluq edən Sorosun Paşinyan rejimini də maliyyələşdirməsi və dəstəkləməsi ola bilər.

Bu ölkədə siyasi münasibətlər böhran həddinə çatmışdır. Ölkə 20 ildən artıq idi ki, səhra komandirləri tərəfindən idarə olunurdu. Hazırkı siyasi rəhbərlik isə əvvəlki rejimlərin təcrübəsini davam etdirir. Azərbaycana qarşı hərbi təcavüzün nəticələri aradan qaldırılmayana qədər Ermənistan inkişaf perspektivlərindən məhrum qalacaqdır.

Azərbaycan tərəfindən irəli sürülmüş və BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Halbuki Ermənistanda koronavirusla bağlı vəziyyət çox acınacaqlıdır. Ermənistan bu təşəbbüsün əleyhinə yalnız onun Azərbaycan tərəfindən irəli sürüldüyünə görə çıxış etmişdir. Belə bir təşəbbüsə etiraz irrasional düşüncənin məhsuludur. Bu, Ermənistanda hökm sürən və hökumət tərəfindən təşviq edilən Azərbaycanofobiyanın növbəti təzahürüdür. Ermənistanda gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır.

Ermənistanın işğalının səbəb olduğu çətinliklərə baxmayaraq, Azərbaycan sabit, müasir, demokratik və multikultural dövlət yaratmağa müvəffəq olmuşdur. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Bir neçə ay əvvəl biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafına xidmət edəcək.

Son 17 ildə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul 3 dəfə artmışdır. Ötən 17 il ərzində Azərbaycanda yoxsulluq 49 faizdən 5 faizə enmişdir. Son 17 ildə ölkəmizdə 3700-dən artıq məktəb yenidən tikilmiş və ya əsaslı təmir edilmişdir. Ölkəmizdə savadlılıq səviyyəsi 100 faizə yaxındır. “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə, Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir.

Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir, Avrasiyanın mühüm və etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Biz Bakı-Tbilisi-Qars dəmir yolu və 25 milyon ton yükaşırma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanını istifadəyə vermişik. Davos İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi “Qlobal Rəqabətlilik İndeksi”nə görə Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 141 ölkə arasında 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanı xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyətinə görə 27-ci yerdədir.

Azərbaycan beynəlxalq kosmik klubun üzvüdür. Bizim 3 peykimiz var – ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi üçün. Əhalimizin 80 faizi internet istifadəçisidir.

Biz iqlim dəyişikliyi səbəbindən yaranmış içməli su qıtlığı probleminin həlli üçün səmərəli tədbirlər həyata keçiririk. Azərbaycan Paris Sazişini ratifikasiya etmiş, baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı öz üzərinə könüllü öhdəlik götürmüşdür. Azərbaycanda elektrik enerjisinin istehsalı üçün ekoloji cəhətdən təmiz təbii qaz və hidroelektrik enerji stansiyalarından istifadə olunur.

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik. 2008-ci ildə Azərbaycan tərəfindən başladılmış “Bakı Prosesi” müsəlman dünyası və Avropa arasında dialoq və əməkdaşlığın möhkəmləndirilməsi məqsədini daşıyır, həmçinin BMT tərəfindən dəstəklənir. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə “mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma” kimi tanınmışdır.

2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilmişdir. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarına və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə olmuşdur.

2016-cı ildə Roma Papası Azərbaycana səfər etmişdir. Bu ilin fevral ayında mənim Vatikana səfərim baş tutmuş və orada Papa Fransisklə görüşüm olmuşdur. Görüş zamanı Papa Fransisk Azərbaycanı “əsl tolerantlıq nümunəsi” adlandırmışdır.

Azərbaycan dini abidələrin – məscid, kilsə və sinaqoqların bərpasına çox böyük önəm verir. Biz müxtəlif ölkələrdə belə dini və tarixi abidələrin bərpası ilə bağlı birgə layihələr həyata keçirmişik.

Koronavirus pandemiyası dünyadakı vəziyyəti kökündən dəyişmiş, nəticədə yeni reallıqlar meydana gəlmişdir. İlkin olaraq virusun inkişafda olan ölkələrə təsir edəcəyi gözlənilirdi. Lakin pandemiya inkişaf etmiş ölkələrə də ciddi təsir etmişdir. Bu, virusun sərhəd tanımadığını bir daha sübut edir. Biz pandemiyanın öhdəsindən yalnız qarşılıqlı dəstək və birgə səylərlə gələ bilərik.

Azərbaycan virusun yayılmasının qarşısını almaq üçün zamanında zəruri addımlar atmışdır. Azərbaycan tərəfindən “Minilliyin İnkişaf Məqsədləri”nə nail olunması və “Dayanıqlı İnkişaf Məqsədləri” istiqamətində əldə edilmiş tərəqqi ona pandemiya ilə səmərəli mübarizə aparmağa imkan vermişdir. Azərbaycanda səhiyyə infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etmiş və yenidən qurulmuşdur, son 17 ildə 700-ə yaxın xəstəxana yenidən tikilmiş və ya əsaslı təmir edilmişdir.

Görülmüş tədbirlər nəticəsində ölkədə COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Pandemiyanın iqtisadi çətinliklərinə baxmayaraq, vətəndaşlarımızın həyatı və sağlamlığı bizim üçün prioritet təşkil edir. İqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması, habelə işsizliklə bağlı məsələlərin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilmişdir. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni, ölkə əhalisinin yarısını əhatə edir.

Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Biz iki bərabər tranşla Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. İkinci tranş Qoşulmama Hərəkatına üzv dövlətlər üçün nəzərdə tutulub. Azərbaycan koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Azərbaycan Respublikası 2016-cı ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş XVIII Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Zirvə toplantısındakı çıxışımda qeyd etdiyim kimi, Azərbaycan Qoşulmama Hərəkatının üzvlərinin mənafelərinin qorunması naminə əlindən gələni edəcəkdir. Azərbaycan ədaləti və beynəlxalq hüququ müdafiə edəcəkdir.

Təşəbbüsümüz əsasında 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusa qarşı videoformatda Fövqəladə Zirvə görüşü keçirildi. Mən Zirvə görüşündə Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdim. Bu təşəbbüs BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən dəstəkləndi.

Hesab edirəm ki, Xüsusi Sessiya pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaq və onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə töhfə verəcəkdir.

Beynəlxalq sülh və təhlükəsizlik, pandemiyanın dünya dövlətlərinə təsiri ölkələr arasında həmrəylik tələb edir. Bu mənada mən bir neçə təklif irəli sürmək istəyirəm:

- Pandemiyadan sonrakı dövrdə beynəlxalq təşkilatlar çərçivəsində islahatların aparılması vacibdir və bu, zamanın tələbədir. Bu baxımdan BMT-nin qlobal səviyyədə rolunun və nüfuzunun artırılmasına, onun müasir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanına xüsusi diqqət yetirilməlidir.

- Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır.

- Pandemiya dövründə qaçqın və məcburi köçkünlər ən həssas qrupa çevrilmişlər. Həmin həssas qrupa daxil olanların təhlükəsiz qaydada və ləyaqətli şəkildə doğma torpaqlarına qaytarılması məsələsinin aktuallığı artır.

- Vaksinin əlçatanlığı və ədalətli paylanılmasının təmin edilməsi əhəmiyyətli məsələdir və ən az inkişaf etmiş ölkələr onu pulsuz əldə etməlidir. Bu baxımdan burada əlavə nəzarət mexanizmləri yaradılmalıdır.

- Müxtəlif ölkələr tərəfindən “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına pandemiyanın mənfi təsirinin əhatə dairəsi diqqətlə təhlil edilməli və həll yolları müəyyən olunmalıdır.

Diqqətinizə görə sağ olun.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər