BMT-nin 75 illiyinə həsr edilmiş sessiya qlobal, regional və digər məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sessiyada bir sıra çıxışlar həm dövlətlər, həm də dünya üçün xüsusi qiymətləndirilir. Orada planetimizdə sülhün, əmin-amanlığın, təmiz ekoloji mühitin yaradılması, ədalətin təminatı üçün zəruri çağırışlar edildi. Bu möhtəbər tribunada Azərbaycan tərəfindən ərazi bütövlüyü, anlaşma və dialoqun yaranmasına töhfə verən çağırışların edilməsi də mühüm əhəmiyyətə malikdir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri deputatı Hicran Hüseynova bildirib.
O qeyd edib ki, 182 ölkənin qatıldığı dövlət və hökumət başçıları arasında Prezidenti İlham Əliyevin ilk çıxışçılardan olması onun şəxsiyyətinə, siyasi xadim kimi nüfuzuna hörmətin göstəricisidir.
Komitə sədri bildirib ki, biz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı böyük bir ailənin üzvüyük: “Qloballaşma prosesi hər birimizi ümumi məkanın sakinlərinə çevirib. Burada insanlararası, dövlətlərarası, xalqlararası dialoq məhz etik normalar, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır. Milli özünəməxsusluğu saxlamaqla bəşəri-mədəni dəyərləri mənimsəmək tolerantlığın ən vacib amilidir. Bu prinsip və normalara əməl olunmadıqda düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, soyqırım və müharibələr baş verir”.
Millət vəkili qeyd edib ki, ərazilərimizin Ermənistan tərəfindən 20%-nin işğal edilməsinə, 1 milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq ölkəmiz inkişaf edir: “120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatına sədr seçilən Azərbaycan dünyada gedən prosesləri müxtəlif platformalarda müzakirəyə çıxarmaqda əhəmiyyətli rol oynayır. BMT-nin 75-ci sessiyasında Qoşulmama Hərəkatının sədri cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər xüsusi qiymətləndilir. Qoşulmama Hərəkatının sədri kimi çıxış edən cənab Prezident bildirdi ki, dünyanın beynəlxalq hüquqa hörmət edən səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmlənməsində fundamental rol oynayıb. Davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırıb. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir. Onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir”.
Deputat vurğulayıb ki, Hərəkat adından çıxış edən ölkə başçısı diqqəti insan hüquqları, maliyyə böhranı, ekologiya, silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər müstəvisinə yönəldib: “Qeyd edib ki, 75 illik fəaliyyəti dövründə BMT və onun müxtəlif qurumları dünya üçün mühüm sənədlər qəbul edib. Lakin zamanın tələb və çağırışları bu təşkilatın da gücləndirilməsinə ehtiyac yaradır. Həmçinin, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması da zəruri amilə çevrilir. Bu ciddi məsələdir, “ikili standart” siyasətindən əziyyət çəkən bir ölkə olaraq biz bunu Qarabağ probleminin həllində aydın şəkildə müşahidə edirik”.
Millət vəkili həmçinin sessiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qətnaməsinin olduğu vurğulayıb: “Bildirildi ki, bu qətnamələr icra edilmir və biz burada böyük ədalətsizliklə üzləşirik. Elə münaqişə və konfliktlər var ki, onlara dair qətnamələr çox qısa vaxt ərzində icra edilir. Amma 30 ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalıb. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini ifşa edərək, onun “sülh çağırışlarının” sadəcə söz oyunu olduğunu diqqətə çatdırıb.
Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatının isə danışıqlar prosesinə ciddi zərbə vurduğunu qeyd edib. Son zamanlar Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələməsini iştirakçıların nəzərinə çatdırılıb. Cənab Preident İlham Əliyev BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə çağırış edib”.