Şuşada mənim atam Bülbülün evi var. Mən orada 2007 və 2009-cu illərdə olmuşam. Ev dağıdılıb, damı, pəncərələri yoxdur. Atam məşhur ifaçı idi, orada onun abidəsi də var idi. Abidənin də yarısı məhv edilib. Mən azərbaycanlıyam, 75 yaşım var. Ata evimə geri qayıtmaq, onu təmir etdirmək istəyirəm. Vəssalam.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbayacanın Rusiyadakı səfiri, tanınmış bəstəkar, müğənni, ictimai xadim olan Polad Bülbüloğlu "Komsomolskaya pravda" radiosuna müsahibəsində deyib.
Səfir qeyd edib ki, bugünkü situasiyanı dalaşqan uşaqlar kimi dəyərlənməli olsaq, burada ATƏT-in Minsk qrupu valideyn rolundadır: "Hər dəfə eyni danışıqlar - gəlin sülh yolu ilə həll edək. Edək! Ərazilərimizi azad edin və Dağlıq Qarabağa status veriləcək. Heç kim imtina etmir... Kim istəyir ki, uşaqlar ölsün?
Heç kim müharibənin davam etməsi, qan tökülməsini istəmir. Amma bizi vadar edirlər... Bizim bir milyon məcburi köçkünümüz var. Onları hara edək? Onlar öz doğma torpaqlarına qayıtmağı tələb edirlər. Bu baş verməmiş sakitlik olmayacaq".