3 Oktyabr 2020 12:05
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Administrasiyası siyasi partiyaların hər biri ilə görüşdü. Onların problemləri ilə maraqlandı və milli məsələlər barədə onlarla dialoq keçirdi. Aparılan dialoqlar nəticəsində ölkədə çoxpartiyalı siyasi sistemin yeni konfiqurasiyası formalaşmağa başladı. Nəticə etibarilə dövlət üzünü bir növ siyasi partiyalara tərəf çevirdi. Onların mövcud olan bir çox - xüsusilə qeydiyyat problemi həll edildi. Bəzi partiya sədrlərinin sağlamlıq məsələlərini həll etdi. Nəticədə partiyalarla hökümət arasında qarşılıqlı etimad mühiti formalaşmağa başlayıb. Bu etimad mühiti getdikcə sıralarını genişləndirdi və 50 partiyanın iştirakı ilə milli məclisdə geniş görüşün keçirilməsi ilə nəticələndi.

Bunu Teleqraf.com-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Milli Məclisdə keçirilən görüş zamanı həm parlamentin spikeri, həm Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə siyasi partiyaların yaranmaqda olan birliyi, hökumətlə konstruktiv əlaqələrin qurulması məsələləri həmin görüşdə formalaşdı:

"Son nəticədə ortaq bəyanat hazırlayaraq bildirdilər ki, bundan sonra ümummilli məsələlərdə, Azərbaycan dövlətinin milli maraqlarının tələb etdiyi sahələrdə hökumətlə müxalifətçilik siyasəti aparmayacaqlar, əksinə, bu məsələlərdə ölkə Prezidenti, hökümətin yanında olmaqla bir növ ümummilli proseslərin getməsinə təkan verəcəklər.

Ölkəmiz böyük vətən müharibəsi aparır və bu müddətdə "Müsavat" partiyasını da buraya əlavə edirəm, 51 siyasi partiya böyük vətən müharibəsində Azərbaycan dövlətinin yanında olduqlarını və Azərbaycan dövlətçiliyinin bu müharibədə hər hansı çağırışlarına cavab verəcəklərini, ölkədə milli həmrəyliyin, milli vəhdətin, milli birliyin formalaşmasına öz töhvələrini verəcəklərini açıqladı. Dünən isə PA şöbə mediri Ədalət Vəliyevlə Müsavat başqanı Arif Hacılı ilə müzakirə aparılıb. Nəticə etibarilə bu gün AXCP-ni çıxmaq şərtilə, partiyaların demək olar ki, hamısı milli konstruktivlik mövqeyində dayanır, ölkənin müharibə ilə bağlı apardığı genişmiqyaslı işlərin hamısına dəstək verir".

Politoloqun sözlərinə görə, belə vəziyyətin yaranması xaricdə də böyük maraqla qarşılanıb:

"Ölkədə bu qədər partiyalar var və demək olar ki, hamısı ölkə rəhbərliyinin ətrafında birləşir. Müharibə və bununla bağlı digər məsələlərdə tamamilə konstruktiv mövqe bildirir. Hər hansı bir fərqli, müxalif fikrə yol verilmir, hökümətin bütün addımlarımı dəstəkləyirlər. Bu başqa cür də ola bilməz. Partiyaların hər birinin proqramında da bu müddəalar öz əksini tapıb, onlar ümummilli, dövlətçilik məsələlərində müxalifətçilik mövqeyində dayanmayacaq və ölkənin işğal edilmiş ərazilərinin yağı düşməndən azad edilməsi üçün əllərindən gələn köməkliyi ölkə rəhbərliyinə göstərəcəklər. Bu da Azərbaycan cəmiyyətinin birləşməsi, bu cəmiyyətdə çoxpartiyalı siyasi sistemin yeni bir mərhələyə keçdiyini sübut edir. Bu birlik həm də Qarabağ müharibəsində Azərbaycanın qələbəsini şərtləndirən amillərdən birinə çevriləcək. Bu zəruri, milli maraqların tələb etdiyi birlikdir. Əminəm ki, bunun nəticəsində dövlətimiz, cəmiyyətimiz xeyli qabağa gedəcək".


Müəllif: Aysel Azad