8 Oktyabr 2020 08:05
21 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan hakimiyyətə gələndə düşünürdü ki, Qərb onu dəstəkləyəcək, buna görə də Moskva əleyhinə addımlar atdı. Hətta Köçəryanı həbs etdirdi, bu da Moskvanı qəzəbləndirdi. Bəlkə də Moskvanın proseslərə müdaxilə etməməsinin bir səbəbi də budur ki, Paşinyanı həm də bu yolla cəzalandırmaq istəyirlər”.

Politoloq Elxan Şahinoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Azərbaycan Ordusunun Dağlıq Qarabağda başladığı anti-terror əməliyyatları on gündür davam edir. Sizcə, əməliyyatlar niyə indi başladı – prosesi bu yerə gətirib çıxaran situasiyanı necə izah etmək olar?

- 1994-cü ildə atəşkəs sazişi imzalandı. Amma bu saziş o demək deyildi ki, biz buna əbədiyyətə qədər dözəcəyik. Həmin sənəddə maddə vardı ki, işğala son qoyulmalı, məsələlər həll edilməlidir. Amma 27 ildir aparılan danışıqlar nəticə vermədi. Bu müddət ərzində nizami ordu yaratdıq, ordumuzu gücləndirdik. Eyni zamanda, Minsk qrupu tərəfindən müxtəlif həll variantları hazırlandı. Son variantları müəyyən qüsurlara baxmayaraq qəbul etmişdik. Amma Ermənistan bunu qəbul etmək istəmədi.

İki il əvvəl də Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Hakimiyyətə gələn Nikol Paşinyan bütün danışıqların üstündən xətt çəkərək, “Qarabağ Ermənistandır” bəyanatını verdi. Azərbaycan prezidenti də haqlı olaraq qeyd etdi ki, bundan sonra danışıqlar aparmaq mümkün deyil. Üstəlik, Tovuz və digər istiqamətlərdə təxribatlar törətməyə başladılar. Artıq Azərbaycan son qərarını verib – məsələ ancaq güc yolu ilə həllini tapa bilər. İllərdir bunu dilə gətirirdik ki, torpaqları danışıqlar yolu ilə qaytarmaq mümkün olmayacaq, çünki onlar özlərini “qalib” kimi hiss edirdilər.

İşğalçının cəzası verilməli idi ki, bizim torpaqlarımızı boşaltsınlar. Boşaltmaq istəməyəcəklərsə, bunu onlara zorla etdirəcəyik. Ordumuz sürətlə irəliləyir. Düşünürəm ki, bu məsələni yaxın müddətdə həll edəcəyik. Artıq Ermənistan baş naziri də başını itirib, nə edəcəyini bilmir, dünya liderlərinə yalvarır, dörd dəfə Putinə, üç dəfə Merkelə, neçə dəfə Makrona zəng edib. Hətta Trampın müşavirinə də zəng edib ki, onu Trampla danışdırsın. Amma Putin bu gün aşkar şəkildə bildirdi ki, müharibə Ermənistan ərazisində getmir. Yəni demək istədi ki, mən qarışa bilmərəm. Bu da Paşinyana böyük zərbədir.

Paşinyan iki yol arasında qalıb, hər ikisi də onu uçuruma aparır. Birinci yol budur ki, müharibəni davam etdirsin. Amma buna resursları çatmayacaq, məğlub olacaq. İkincisi budur ki, ağ bayraq qaldırıb, Azərbaycanın şərtlərini qəbul etsin. Bu da onun siyasi hakimiyyətinin sonu deməkdir. Bütün hallarda Azərbaycan ordusu irəliləyir. Artıq 27 ildə ilk dəfədir ki, hədəfə çatmağa çox yaxınıq.

- Rusiya Prezidenti Vladimir Putinin son açıqlamasına diqqət çəkdiniz. Putin niyə seyrçi mövqedə dayanıb?

- Putinin seyrçi mövqedə dayanmasının səbəbi sadədir – müharibə Azərbaycan ərazisində gedir. Bəli, Ermənistan və Rusiya arasında anlaşma var və KTMT daxilində müttəfiqdirlər. KTMT daxilində də Rusiya Ermənistanı qorumalıdır, amma əməliyyatlar Ermənistan ərazilərində getmir. Amma Ermənistan çalışır ki, Rusiyanı münaqişəyə cəlb etsin, buna görə öz ərazilərindən Azərbaycanı atəşə məruz qoyur. Yəni çalışır ki, Azərbaycan da Ermənistan ərazilərinə atəş açsın və Rusiya prosesə müdaxilə etmək məcburiyyətində qalsın. Amma Azərbaycan bu təxribata getmir. Buna görə də Rusiya müdaxilə etmir.

Rusiyanın müdaxilə etməməsinin bir başqa səbəbi də var. Rusiyanın Azərbaycanla tərəfdaşlıq münasibətləri mövcuddur. Düzdür, Ermənistan müttəfiqidir, amma Azərbaycanla da münasibətləri yüksək səviyyədədir. İstər iqtisadi, istər digər istiqamətlərdə əlaqələr və ortaq layihələr var. Buna görə də düşünürlər ki, Azərbaycan əleyhinə addım atsalar, bu əlaqələrə böyük zərbə vuracaqlar. Habelə Türkiyə ilə münasibətlərə zərər verəcəklər. Çünki Türkiyə bu məsələdə Azərbaycanı dəstəkləyir. Türkiyənin Rusiya ilə də strateji münasibətləri var. Buna görə də Rusiyada düşünürlər ki, Dağlıq Qarabağ məsələsinə görə Türkiyə və Azərbaycanla münasibətləri gərginləşdirməyə dəyməz. Bu səbəbdən də Putin açıq şəkildə deyir ki, əməliyyatlar Azərbaycan ərazilərində gedir, Rusiya qarışa bilməz.

- Bəs Ermənistanın durumunu necə qiymətləndirirsiniz? Ermənistan Baş naziri Paşinyan gündə bir dünya liderinə zəng edir. İstədiyini tapa biləcəkmi?

- Tapa bilməyəcək. Ümumiyyətlə, Paşinyan kimi təcrübəsiz bir siyasətçinin Ermənistanda hakimiyyətdə olması Azərbaycanın maraqlarına uyğundur. Hakimiyyətdə Köçəryan və ya Sərkisyan olsaydı, Rusiya onlara dəstək verəcəkdi. Çünki Köçəryan Putinin dostudur. Amma Paşinyan hakimiyyətə gələndə düşünürdü ki, Qərb onu dəstəkləyəcək, buna görə də Moskva əleyhinə addımlar atdı. Hətta Köçəryanı həbs etdirdi, bu da Moskvanı qəzəbləndirdi. Bəlkə də Moskvanın proseslərə müdaxilə etməməsinin bir səbəbi də budur ki, Paşinyanı həm də bu yolla cəzalandırmaq istəyirlər. İndi Paşinyan Putinin ayaqlarına sürünür. Putin isə ona reaksiya vermir. Bəlkə də öz-özlüyündə deyir ki, sən mənim həbs etdiyin dostumu xahişimlə buraxmadın, indi də kömək istəyirsən.

Paşinyanın Qərblə münasibətləri də alınmadı, Rusiya ilə əlaqələrdə soyuqluq var. Bu da bizim maraqlara xidmət edir. Biz indi öz işimizi rahat görə bilirik. Ermənistanın müharibədə canlı qüvvə resursları, hərbi texnikaları azalır – ağır itkilərə məruz qalır. İstisna etmirəm ki, Ermənistanda hərbi çevriliş olacaq. Amma Paşinyan nə qədər ki Ermənistanda hakimiyyətdədir, bu, bizim maraqlara xidmət edir. Bizə aşkar təzyiqlər olsa da kimsə bizə mane ola bilməz. Ordumuz da uğurla irəliləyir.

- Hesab etmək olarmı ki, baş verənlər ATƏT-in Minsk qrupunun üstündən xətt çəkdi? Xüsusən məsələni Fransanın yanaşması baxımından dəyərləndirsək...

- Bununla razıyam – ATƏT-in həmsədrləri, Anjey Kaspşik tarixə qovuşdu. Təsəvvür edin ki, həmsədrlik edən ölkənin – Fransanın prezidenti münaqişədə tərəf tutur və işğalçını dəstəkləyir. Makrondan əvvəlki prezidentlər – Fransua Olland və Nikola Sarkozi hər nə qədər ermənipərəst olsalar da ehtiyatlı idilər, hətta Azərbaycana da gəlmişdilər. Amma Makron ötən il Ermənistana gəldi, amma Azərbaycana gəlmək istəmədi. İndi isə öz mövqeyini aşkar şəkildə dilə gətirməklə balansı dəyişməyə çalışır.

Makron anlamır ki, Fransa və Azərbaycan arasında mövcud olan münasibətlərə zərər vurur. Doğrudur, Dağlıq Qarabağ münaqişəsi həllini tapdıqdan sonra Fransa ilə münasibətlər normallaşa bilər, amma bu, Makrondan sonrakı prezidentlə mümkün olacaq. Minsk qrupu formatına gəldikdə, bu da tarixə qovuşdu.

- Yeni format necə ola bilər?

- Yeni format “2+2” ola bilər. Yəni Ermənistan və Azərbaycan, o cümlədən Rusiya və Türkiyə. Çünki Türkiyə həm Azərbaycan, həm də Türkiyə ilə qonşudur. Türkiyənin bölgədə rolu vardı, son hadisələrdən sonra isə xeyli artdı. Rusiya da bunu qəbul edir. Təsadüfi deyil ki, döyüşlərin getdiyi vaxtda Rusiyanın xarici işlər naziri bir neçə dəfə türk həmkarına zəng edərək, məsələni müzakirə edib. Bu, Türkiyənin Rusiya tərəfindən bölgədə qəbul edildiyini göstərir. Ermənistan qəbul etməyə bilər, amma o, kiçik dövlətdir.

Türkiyə bölgədə var. Suriya, Liviya, İraq və Aralıq dənizinin şərqindən sonra Qafqazda da mövcuddur. Başqa sözlə, gələcək danışıqlar formatı “2+2” olmalıdır. Başqa formatlar Azərbaycan tərəfindən qəbul edilməyəcək. Azərbaycan Prezidenti İlham Əliyev də son müsahibəsində bildirdi ki, gələcək danışıqlarda da Türkiyə də olmalıdır.

- Deyirsiniz ki, Rusiya Türkiyənin prosesdəki rolu ilə razılaşıb. Rusiya bunu niyə qəbul etdi?

- Rusiya ayrı nə edə bilərdi? Rusiya Türkiyəni Suriyadan, Liviyadan, Aralıq dənizinin şərqindən sıxışdırıb çıxara bilmədi. Rusiyada anlayırlar ki, Türkiyə bölgənin ən böyük gücüdür. Son 15 ildə hərbi sənaye kompleksi inkişaf edib, ordusu güclənib, hərbi texnikalarının 80%-ni özü istehsal edir. Bu gün bizim Türkiyədən aldığımız Pilotsuz Uçuş Aparatları (PUA) düşmənə ciddi zərbələr vurur. Ermənistanın ən güclü raket sistemlərini belə həmin PUA-lar yox edir.

Rusiyada anlayırlar ki, Türkiyəni sıxışdırmaq çətindir. Eyni zamanda, Türkiyə Rusiyanın strateji tərəfdaşıdır, ona “S-400” raketləri satır, ortaq layihələri var, enerji xətləri çəkirlər, Rusiya Türkiyədə Atom Elektrik Stansiyası tikir. Bütün bunları nəzərə alaraq, Rusiya Türkiyə ilə münasibətləri korlamaq istəməz. Düzdür, müəyyən məsələlər var ki, bununla bağlı fikir ayrılıqları mövcuddur. Bu, bütün dövlətlər arasında var. Amma Rusiya Türkiyə ilə düşmən olmaq istəməz. Buna görə də Rusiya Türkiyənin Cənubi Qafqazdakı roluna müdaxilədən çəkinir.

- Baş verənlər Azərbaycana nə vəd edir, nəhayət ki, proses ədalətli həllini tapacaqmı?

- Bunun başqa alternativi yoxdur – Azərbaycan ordusu məsələni həll edəcək. Ermənistan sülhə məcbur olacaq. Uzun illər idi ki, öz şərtlərini diktə etməyə çalışırdılar, artıq bunlar da tarixdə qaldı. Artıq şərtləri biz diktə edirik, onlar da qəbul etməlidir və etmək məcburiyyətində qalacaq. Məsələ həll edildikdən sonra Ermənistanla normal münasibətlərin qurulması mümkündür. İstəməsələr də olsun, amma biz məsələni həll edəcəyik.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər