8 Oktyabr 2020 09:18
3 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq hüquqda öz müqəddaratını təyinetmə hüququna dair müddəalar var və bunun izahı da konkret formada verilib. Öz müqqədaratını təyinetmə termini ilk dəfə 1918-ci ildə ABŞ prezidenti Vilsun tərəfindən ortaya çıxarılıb. Onun irəli sürdüyü sənəddə 14 prinsip əsas təşkil edirdi. Bu sənədin təqdimatından sonra əslində beynəlxalq hüquqda özü müqəddaratını təyinetmə prinsipi ətrafında müzakirələr başlanıb. Nəzərə almaq lazımdır ki, o zaman cənub və şimal ştatları arasında müharibə gedirdi və bu müharibənin nəticələrinin təsiri olub. Bundan başqa Yaxın Şərqdə, Afrika və Asiyada ABŞın köləsi yox idi, əvəzində İngiltərə, Portuqaliya, Fransanın müstəmləkələri var idi. ABŞ bu müstəmləkələrə öz müqəddaratını təyinetmə hüququnu göstərməklə əslində sonradan onları ələ keçirməyi hədəfləyirdi.

Bu fikirləri Teleqraf.com-a beynəlxalq hüquqda ərazi mübahisələri üzrə mütəxəssis Rüstəm Məmmədov “Qarabağ ermənilərinin öz müqəddaratını təyinetmə hüququ” haqda iddialarını şərh edərkən deyib.

Hüquq professoru xatırladıb ki, sonradan öz müqqədaratını təyinetmə hüququndan SSRİ qurucusu Lenin istifadə edib.

Onun sözlərinə görə, böyük oktyabr inqilabından sonra öz müqəddaratını təyinetmə prinsipi sovet məkanında tətbiq edilməyə başlanılıb:

“Lakin sovet dövləti yalanla məşğul idi, müstəqillik qazanan keçmiş respublikalar 1923-cü ildə məcburi SSRİ adı altında birləşdirildi və onların heç biri real müstəqillik əldə edə bilmədilər”.

Rüstəm Məmmədov deyib ki, 1960-cı ildə BMT öz müqəddaratını təyinetmə barədə bəyannamə qəbul etdi:

“Bu bəyannamənin məntiqi belə idi ki, Afrika, Asiya və Latın Amerikası ölkələrinə müstəqillik ideyasını bəyəndirsin. BMT də hər zaman ABŞ-ın təsiri altında olub. Sözsüz ki, bu addımla ABŞ istəyirdi ki, bəzi ölkələri bu regionlardan sıxışdırsın və özü sahiblik etsin. Bütövlükdə öz müqəddaratını təyinetmə heç bir yerdə özünə dəstək tapmadı. Amma 1960-cı il bəyannaməsi əslində müstəqilyi və azadlığı olmayan xalqların öz müqəddaratını təyinetmə hüququ yaradırdı. Bunun ardınca 1964-cü il Afrika ili elan edildi və 30-dan çox ölkə müstəqilliyini elan etdi. Yəni öz müqəddaratını təyinetmə hüququndan istifadə etdi. Şəxsən mənim qənaətimcə, bu zərərli ideyadır. Əslinə qalsa, heç bir dövlət bunu qəbul etmək istəmirdi, heç indi də qəbul etmir”.

Mütəxəssis qeyd edib ki, sonrakı dövrdə öz müqəddaratını təyin etmənin müxtəlif interpretasiyaları ortaya çıxıb:

“Beləcə öz müqəddaratını təyinetmə milli azlığın yaşadığı məkanda milli çoxluğun ərazi bütövlüyünü pozmadan təyin etməsi gündəmə gəldi. Mən bütün bunları BMT, ATƏT, Avropa Şurası və digər qurumların toplantısında ermənilərin üzünə demişəm. Bildirmişəm ki, ermənilər öz müqəddaratını təyin edə bilməzlər. Çünki bu hüquqdan bir dəfə istifadə edərək Ermənistan Respublikasını yaradıblar. Dağlıq Qarabağda yaşayan ermənilər isə milli azlıqdır. Milli azlığın öz müqəddaratını təyin etməsi heç vaxt beynəlxalq aləmdə gündəmə gəlməyib. Çünki milli azlığın öz müqəddaratını təyin etməsi yaşadığı dövlətin parçalanması, onu öz xeyrinə dəyişməsini nəzərdə tutur. Bu da mümkün olan şey deyil. Ermənilər mənə deyiblər ki, Dağlıq Qarabağ erməniləri heç vaxt milli azlıq olmayıb. Mən də konkret faktlarla demişəm ki, bizə sübut edə bilməzsiniz ki, Dağlıq Qarabağda yaşayan ermənilər milli çoxluqdur. Bu BMT terminologiyası, beynəlxalq hüquq elmi ilə sübut olunan faktdır. Yeri gəlmişən, AŞ nəzdində milli azlıqların öz müqəddaratını təyin etməsinə dair xüsusi bəyannamə qəbul edilib. Bu bəyannamənin 21-ci maddəsində milli azlıqların öz müqəddaratını təyinetməsi milli çoxluğun ərazi bütövlüyüü qorumaq şərti ilə əldə edə bilər. Yəni milli azlıq heç zaman milli çoxluğun ərazi bütövlüyünü poza bilməz. Bu o deməkdir ki, milli azlıq yaşadığı regionda öz məktəblərini yarada, muzeyini qura, öz dilində müəyyən icraat apara bilər. Lakin onlar dövlət statusuna malik ola bilməzlər.

Dəfələrlə konfranslarda ermənilər iddia ediblər ki, öz müqəddaratını təyinetmə hüququndan çıxış edirlər və onlar azərbaycanlılarla birgə yaşaya bilməzlər. Sual edirəm ki, niyə. Cavab verə bilmədilər”.

Mütəxəssis beynəlxalq hüquqa, BMT bəyannamələrinə və sənədlərə əsaslanaraq bu arqumentləri irəli sürməklə yanaşı hesab edir ki, əslində erməni tərəfi Azərbaycana qarşı dini faktoru qabardır:

“Onlar dindən öz müqəddaratını təyinetmə hüququnu həyata keçirmək məqsədilə istifadə edirlər. Serj Sərkisyan, Robert Köçəryan da dəfələrlə deyiblər ki, ermənilər azərbaycanlılarla bir yerdə yaşaya bilməzlər. Bildiyiniz kimi bu günlərdə cənab Prezident İlham Əliyev bildirdi ki, biz erməni xalqının əleyhinə deyilik, onlar istəsə Qarabağda yaşaya bilər. Lakin dövlət kimi deyil, milli azlıq kimi. Mən xatırlayıram, vaxtilə rəhmətlik Heydər Əliyev də qeyd etmişdi ki, ermənilərə yüksək muxtariyyət verməyə hazırıq. Onlar qəbul etmədilər, özləri bilərlər. Bütün bunlar göstərir ki, onlar əslində bizə qarşı dini müharibə aparır, Qriqoryan kilsəsindən dövlətlərarası münasibətlərə təsir etməyə çalışırlar. XXI əsrdə bizim gözümüz qarşısında Kataloniya təcrübəsi var. Kataloniya milli müqəddaratını təyinetmə hüququna baş vurdu. Amma heç bir Avropa dövləti onun bu hüququnu tanımadı. Heç kim sual vermir ki, niyə tanımadılar. Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və s. Niyə qəbul etmədilər? İspan dövlətini parçalamaq olardı? Əksinə, Kataloniya bu niyyətdə olan şəxsləri həbs etdi və düz də etdi. Çünki Kataloniyanın İspan dövlətini parçalamaq haqqı yoxdur. Üstəlik adını çəkdiyim ölkələr 1992-ci il konvensiyasına imza atmışdılar və öz imzalarına hörmətlə yanaşdılar. Əgər onlar bu gün Kataloniyanın öz müqəddaratını təyin etməsini qəbul etsəydilər öz dövlətlərin də milli azlqıların inqilabı ilə qarşılaşacaqdı. Bax, burada Avropa dövlətlərinə müraciət etmək olar: Siz özünüzə rəva bilmədiyinizi niyə Azərbaycana rəva bilirsiniz? Niyə bu erməni daşnaklarını dəstəkləyirsiniz? Səbəbiniz nədir? Axı 1992-ci il konvensiyasında Azərbaycan və Ermənistanın imzası var. Konvensiyanın 21-ci maddəsində açıq yazılır ki, milli azlıq ərazi bütövlüyünü poza bilməz. Hesab edirəm ki, bu fikirləri cəmiyyətimiz bilməli, hazırlıqlı olmalıdır. Ehtimal edirəm ki, bundan sonra belə mövzularda diskussiyalar açıla bilər. Belə müzakirələr zamanı qanunvericiliyə istinad etmək lazımdır. Bizim dediyimiz sözlərin arxasında beynəlxalq hüquq və konvensiyalar dayanır”.


Müəllif: Nemət

Oxşar xəbərlər