Azərbaycan hazırda Vətən müharibəsi aparır. Bu müharibədə uğurlu hərbi əməliyyatlarla yanaşı, diplomatik, siyasi və informasiya cəbhəsində də nailiyyətlər qazana bilirik. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin siyasi təcrübəsi və iradəsi sayəsində reallaşır. Son günlər Prezident İlham Əliyev informasiya cəbhəsində də ölkəmizin maraqlarını qətiyyətlə müdafiə edir, bu cəbhədə də yeni tarix yazır.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, müasir mərhələdə müharibələr hibrid müharibələr kimi xarakterizə edilir:
“Azərbaycan Ordusu ön cəbhədə savaşaraq qələbələr qazanır, diplomatiyamız diplomatik cəbhədə uğurlarını sıralayır. Biz bu gün informasiya cəbhəsində də paralel olaraq uğurlu müharibə aparırıq. Sadalananların hər birində qiymətli və tarixi qələbələr əldə edirik. İlk baxışda hibrid müharibələr fərqli platforma, müstəvi və seqmentlərdə aparılsa da, bütün bunların hamısının bir qəhrəmanı var ki, o da milli gücün beyni hesab edilən milli diplomatiyamızı formalaşdıran, xarici siyasət strategiyamızın müəllifi olan Prezident İlham Əliyevdir. Sentyabr ayının 27-dən bu günə qədər Azərbaycan Prezidenti Ali Baş Komandan olaraq müzəffər ordumuzun hərbi-strateji əməliyyatlarına uğurla rəhbərlik etdiyi kimi diplomatiya, informasiya və siyasi müstəvidə də tarixi nailiyyətlərə imza atıb. Hərbi uğurlarımız o qədər böyükdür ki, Azərbaycan özünün son 200 illik tarixində heç vaxt sırf hərbi müstəvidə belə böyük qələbələrə imza atmayıb. Ona görə də həm mahiyyətcə, həm məzmunca bu savaş bizim əsl qurtuluş savaşımızdır. Eyni zamanda, paralel olaraq 27 sentyabrdan bu günədək Azərbaycan Prezidenti dünyanın təsir dairəsi və miqyas etibarilə ən böyük, aparıcı informasiya resurslarına, televiziya kanallarına müsahibələr verib. “Əl-Ərəbiyyə”dən başlamış “Əl-Cəzirə”, CNN, “Rossiya 1”, RBK, “Haber Global”a qədər çoxsaylı telekanallara verilən bu müsahibələrdə Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırıb. Bu müsahibələrin hər biri diplomatiya tarixinə yazılacaq tarixi müsahibələrdir”.
Hikmət Babaoğlu qeyd edib ki, ayrı-ayrılıqda analiz etdikdə isə onların hər biri gerçəkliyinə, məzmun tutumuna, həqiqətləri ifadə etmələrinə görə xüsusi əhəmiyyətə malikdir:
“Eyni zamanda, həmin müsahibələrdə önə çıxan xüsusi bir məsələ var və onun üzərində ayrıca dayanmaq lazımdır. Bu, Prezident İlham Əliyevin verdiyi müsahibələrdə istifadə etdiyi diplomatik dil, üslub, metod və məzmundur. Bunların hər biri ayrılıqda qlobal ictimai rəyi bizim lehimizə dəyişmək üçün xüsusi seçilmiş və çox effektiv formalardır. Hələ 27 sentyabrdan əvvəl də - 12-16 iyul tarixində Tovuz təxribatından sonra prezidentin çıxışlarında çox mühüm strateji mesajlar gördük. Həm daxili auditoriya, həm də bütün dünya, beynəlxalq təşkilatlar çox mühüm mesajların verildiyinin şahidi oldu. Həmin dövrə diqqət etsək, görəcəyik ki, bu, ən yeni diplomatiya və ən yeni siyasi tariximizin qlobal informasiya məkanında əldə etdiyi çox mühüm qələbələr və tarixi çıxışlar idi. Azərbaycan Prezidenti BMT Baş katibi ilə bir neçə dəfə danışdı və ölkəmizin haqlı mövqeyini izah edərək bizi, Cənubi Qafqazın təhlükəsizliyini təhdid edən hadisələrlə bağlı işğalçı Ermənistanın atacağı addımları öncədən onun diqqətinə çatdırdı. Baş katiblə danışıqdan bir gün sonra Avropa İttifaqının Cənubi Qafqaz üzrə səfirini qəbul edərkən bir daha ona regionu nələrin gözlədiyini, rəsmi İrəvanın bölgəni müharibəyə sürüklədiyini söylədi. Dövlət başçısı baş verə biləcək hadisələrin bütövlükdə Cənubi Qafqazın və Avropanın enerji təhlükəsizliyini təmin edən enerji koridorunu təhdid edəcəyi ilə bağlı fikirlər səsləndirdi”.
Deputatın fikrincə, bütün bunlar onu göstərir ki, istər ön cəbhədə qurtuluş savaşımızda, istərsə də diplomatiyada, siyasi müstəvidə əldə etdiyimiz qələbələrin yalnız bir memarı var. O da Prezident İlham Əliyevdir:
“Elə beynəlxalq müstəvidə bu günə qədər ölkəmizin hər hansı dövlət, yaxud beynəlxaq təşkilat tərəfindən qınana bilməməsi də məhz prezidentin etdiyi çıxışlar və həmin fikirlərin, müsahibələrin inandırıcılığı ilə bağlıdır. O, bu fikirləri ilə indiyə qədər qlobal informasiya məkanında ümumi ictimai rəyi bizim lehimizə təmin edib. Düşünürəm ki, bu çıxışlar, müsahibələr və ümumilikdə baş tutan uğurlu gedişlər Azərbaycanın diplomatiya tarixində əldə etdiyi ən böyük uğurlar kimi diplomatiya və siyasi fənlər üzrə tədris olunan dərsliklərdə əyani vəsait şəklində öz əksini tapmalı, öyrənilməlidir. Əminliklə söyləyə bilərik ki, müharibədə prezidentimizin indiyə qədər əldə etdiyi uğurlar bundan sonra Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını təmin etmək üçün elə möhkəm hərbi-siyasi zəmin yaradıb ki, ərazi bütövlüyümüzün bərpası ən qısa zamanda baş tutacaq”.