15 Oktyabr 2020 09:19
44 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa İttifaqı və ABŞ-ı narahat edən əsas məsələ, əməliyyatlar zamanı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan enerji kəmərlərinin vurulma ehtimalıdır. Düşünürəm ki, Ermənistan tərəfi öz havadarları ilə razılaşdırmadan bu addımı atmayacaq. Qənaətimə görə, Qərb həmin enerji xətlərinin vurulmasına razı olmayacaq. Xüsusən də Avropa İttifaqı və Rusiya arasındakı münasibətlərin indiki gərgin fazasında...”.

Politoloq Elşən Manafovun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Artıq 17-ci gündür Azərbaycan Ordusunun Dağlıq Qarabağda anti-terror əməliyyatları davam edir. Ümumi vəziyyəti necə qiymətləndirirsiniz?

- Sentyabrın 27-dən başlamış işğalçını sülhə məcburetmə əməliyyatları Azərbaycan ərazilərinin bir qisminin azad olunması ilə nəticələnib. Güman edirəm ki, bu əməliyyatlar davam edəcək. Çünki Ermənistanın humanitar atəşkəsə əməl etmədiyi göz qabağındadır. Amma Azərbaycan üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq, atəşkəsin şərtlərinə əməl edir. Əməliyyatların başlamasının səbəbləri bəllidir – Ermənistanın təxribatlar törədərək Azərbaycanı qarşıdurmaya cəlb etməklə, münaqişəni lokal çərçivədən regional müstəviyə keçirmək. Ermənistan indi də bu məqsədlə Türkiyənin Azərbaycan tərəfində iştirak etməsi ilə bağlı faktlara söykənməyən bəyanatlar səsləndirir. Bu bəyanatlar dünyanın ayrı-ayrı dövlətlərinə, informasiya agentliklərinə ötürülür. Bəllidir ki, erməni tərəfi buna qlobal münaqişə xarakteri verməyə çalışır.

İlk növbədə, Rusiya başda olmaqla, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bu münaqişəyə cəlb etmək istəyir. Əlbəttə, Ermənistanın bu yöndəki açıqlamaları faktlara söykənmir. Türkiyə bütün imkanları ilə Azərbaycanın yanındadır, amma türk ordusunun bu əməliyyatlarda iştirak etməsi ilə bağlı İrəvanın səsləndirdiyi fikirlər həqiqət deyil. Azərbaycan və dövlət başçısının mövqeyi bəllidir. Otuz ilə yaxındır aparılan danışıqlar nəticə vermədi, ATƏT-in Minsk Qrupu üzərinə götürdüyü öhdəlikləri hamıya məlum olan səbəblərə görə yerinə yetirmədi. Həmsədrlər verdikləri bəyanatların əksinə olaraq, status-kvonun saxlanılmasında maraqlıdırlar. Bu dövlətlərin Cənubi Qafqaz və münaqişə ilə bağlı maraqlı üst-üstə düşmədiyinə görə, status-kvonu qoruyub-saxlamağa çalışırlar.

- Bəs Qərbin enerji maraqları?

- Avropa İttifaqı və ABŞ-ı narahat edən əsas məsələ, gedən əməliyyatlar zamanı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan enerji kəmərlərinin vurulma ehtimalıdır. Düşünürəm ki, Ermənistan tərəfi öz havadarları ilə razılaşdırmadan bu addımı atmayacaq. Qənaətimə görə, Qərb həmin enerji xətlərinin vurulmasına razı olmayacaq. Xüsusən də Avropa İttifaqı və Rusiya arasındakı münasibətlərin indiki gərgin fazasında...

Şübhəsiz ki, Azərbaycan ordusu işğal edilmiş bütün əraziləri azad etmək iqtidarındadır. Digər yandan, Azərbaycan Prezidentinin ortaya qoyduğu iradə və baxışları, cəmiyyətdə yaşanan ovqat, rəyin “hər şey cəbhə, hər şey qələbə üçün” yönündə formalaşması, bütün fəaliyyətlərin bu istiqamətə yönəlməsi, mövqeyindən asılı olmayaraq bütün siyasi partiyaların prezidentin ortaya qoyduğu iradəni dəstəkləməsi göstərir ki, Azərbaycanın bu müharibəni udmaq şansı kifayət qədər böyükdür. Biz sadəcə olaraq, bu məsələnin qlobal xarakter almasını istəmirik.

- Qərbi anladıq, Rusiya nə etmək istəyir?

- Ermənistan rəhbərliyi bildirir ki, Rusiyanın bu münaqişədə iştirak etmək qərarı onun regional maraqlarından irəli gəlməlidir. Həmçinin onu da qeyd edirlər ki, Rusiya Qarabağın “müstəqilliyini” tanımaqla bu münaqişəyə son qoya bilər. Paşinyan və Qarabağdakı separatçı rejim Rusiyaya belə bir ismarış verib. İndiki halda Ermənistanın məğlubiyyəti həm də Rusiyanın Paşinyana olan etimasızlığından irəli gəlir. Paşinyanın “Putindənsə, Makrona zəng edərəm” kimi fikirləri Moskva və İrəvan arasındakı münasibətləri daha da gərginləşdirdi.

Digər yandan, Paşinyanın Sorosun dəstəyi ilə hakimiyyətə gəldiyi bəllidir. Rusiyanın siyasi dairələrində belə bir fikir var ki, bu adam qərbyönümlüdür, Ermənistanı Moskvanın təsir dairəsindən çıxarmaq istəyir. Bu mənada Rusiyanın Moskva danışıqlarına qədər olan seyrçi mövqeyi Paşinyana olan etimadsızlığından, onun Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq istəyindən irəli gəlir.

Putinin özü də açıq şəkildə bildirdi ki, Azərbaycan bu əməliyyatları öz ərazisində aparır. Başqa bir tərəfdən, BMT-nin qüvvədə olan 51-ci maddəsinə əsasən, Azərbaycan tərəfinin öz torpaqlarını hərbi yolla azad etmək hüququ var. Bu mənada, Azərbaycan beynəlxalq hüququn prinsiplərini pozmur. KTMT və Rusiya da Azərbaycanın beynəlxalq hüquq normalarını pozmadığını bəyan etdilər. Açıq formada deyildi ki, əməliyyatlar Azərbaycan ərazisində aparılır. Rusiyada bəzi dairələr hər nə qədər istəsə də Rusiya bu münaqişədə yer alsın, bu, KTMT və digər beynəlxalq qurumların normalarına cavab vermir.

Rusiyanın indiki durumu da o qədər yaxşı deyil. Pandemiyanın federasiyada yaratdığı fəsadlar, Navalnı məsələsinə görə Avropa İttifaqından sanksiyaların tətbiq edilməsi, habelə Rusiya və Azərbaycan arasında çoxşaxəli münasibətlərin inkişafında Moskvanın maraqları məsələnin Ermənistanın istədiyi müstəviyə gətirilməsinə imkan vermir. Bu baxımdan, düşünürəm ki, başlayan savaş Azərbaycan üçün ədalətlidir, bu, Azərbaycan və onun xalqının haqq işidir. Biz beynəlxalq hüquq normalarına hörmətlə yanaşırıq. Ermənistandan fərqli olaraq, biz başqa bir ölkənin ərazilərinə hücum etmirik.

- Bir də prosesləri “səssiz” izləyən Minsk qrupu var.

- Təəssüf doğuran məqam budur ki, Minsk qrupuna daxil olan ölkələr Gəncənin vurulmasından sonra belə Ermənistanın təcavüzünü pisləyən bəyanat vermədilər. Fransa, Rusiya və ABŞ-dan verilən açıqlamaların hamısı ümumi xarakter daşıyır. Hətta Fransa Prezidenti Makronun verdiyi açıqlama Azərbaycanın qəzəbinə səbəb oldu. Bu onu göstərir ki, Makron bu münaqişənin tarixindən və mahiyyətindən bixəbərdir.

Hesab edirəm ki, danışıqlar davam etsə belə, Minsk qrupunun formatı dəyişdirilməlidir. Hazırda bu qrupda münaqişədən xəbəri olmayan Portuqaliya, Hollandiya və İsveç kimi dövlətlər var. Məsələn, niyə Türkiyə həmsədrlik institutunda yer almasın? Münaqişənin ədalətli həllindən söhbət gedirsə, bizə qardaş olan, münasibətləri “Bir millət, iki dövlət” prinsipləri üzərində qurulan Türkiyə dövlətinin maraqları və mövqeyi də nəzərə alınmalıdır.

- Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın təklif edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar dördlü format (ABŞ, Fransa, Rusiya və Türkiyə) şəklində olsun. Sizcə, bu, mümkündürmü?

- Şübhəsiz ki, Kalın bunu Ərdoğanla razılaşdırmadan deyə bilməzdi. Bu, ilk növbədə Türkiyənin siyasi elitasının və şəxsən cənab Ərdoğanın bu məsələyə münasibəti baxımından əhəmiyyətlidir. Ərdoğan son əməliyyatlar başlayanda da açıq şəkildə bildirdi ki, “dünya” bu “üçlükdən” daha böyükdür. Türkiyə nəinki Minsk qrupunda, BMT Təhlükəsizlik Şurasında təmsil olunmağa layiq və qadir dövlətdir. Ərdoğanın özü də dəfələrlə bunu bəyan edib. Çünki bu gün Türkiyə öz iqtisadi, siyasi, hərbi və maliyyə gücü ilə inkişaf edir, hərəkət edir. Türkiyə təkcə regional dövlət deyil. Təsadüfi deyil ki, Türkiyə həmişə “G7”-nin toplantılarına da dəvət alır. Bu baxımdan, Türkiyə ilə razılaşdırmadan regionda hansısa bir münaqişəsini və ya bir problemi həll etmək çətindir. Bunu bütün dövlətlər yaxşı başa düşürlər.

Əgər həmsədrlər bu münaqişənin ədalətli həllində və regional müstəviyə keçməsini istəmirlərsə, Türkiyə bu formatda təmsil olunmalı, bu barədə Azərbaycan dövləti və xalqının mövqeyi nəzərə alınmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər