Düşmən uduzduğunu ört-basdır etmək niyyətindədir. Öz cəmiyyətlərinə göstərmək istəyirlər ki, biz də “vuruşuruq”, təlafatlara səbəb oluruq. Amma əsas bu deyil. Əsas məqsədləri Rusiya və Türkiyəni oyuna gətirmək, üz-üzə qoymaq və Avropa ölkələrinin təlimatını gerçəkləşdirməkdir.
Bu fikirləri Teleqraf.com-a deputat Aqil Abbas Ermənistan ordusunun Gəncə şəhərinə raket zərbələri endirməsinin səbəblərinə toxunarkən deyib.
Ermənistan hakimiyyətinin hərbi cinayətkarlardan ibarət olduğunu xatırladan millət vəkili bildirib ki, düşmənin çox məkrli planları var:
“Niyyətləri budur ki, biz qarşılıq verək, Ermənistan ərazilərinə raket ataq. Bundan sonra dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını prosesə cəlb etsinlər, Türkiyə də Azərbaycanı müdafiə etmək üçün prosesə daxil olsun. Beləcə Rusiya ilə Türkiyəni üz-üzə gətirsinlər. Ermənilərin niyyəti budur. Hesab edirəm ki, belə sifariş də Avropadan gəlir”.
Aqil Abbas qeyd edib ki, Füzuli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib, faktiki Şuşaya yol açılıb:
“Düşməni həm də narahat edən budur”.