Azərbaycan hərbçilərinin işğal olunan ərazilərin hər tərəfində olduğunu düşünürəm. Artıq biz hər yerdə varıq. Həlledici istiqamət də Şuşa-Laçındır, eləcə də Ağdərə-Ağdam-Xocalı. Kəlbəcər istiqamətindən isə hər an yeni xəbərlər eşidə bilərik. Orada mövqelərimiz çox güclüdür.
Bu fikirləri Teleqraf.com-a Azad Demokrat Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər deyib.
O, Azərbaycan Ordusunun uğurlu addımları ilə paralel olaraq Ermənistanda siyasi ab-havanın dəyişdiyini güman edir:
“Ermənistanın siyasi-hərbi rəhbərliyinin bir neçə ciddi səhvi var. Birincisi, Ermənistan köhnə müharibəyə hazırlaşıb. Görünür ki, onların müharibə hazırlığını generallar görüb. Burada məşhur söz yerinə düşür: generallar köhnə, polkovniklər gələcək müharibəyə hazırlaşırlar. Azərbaycanın gələcək müharibəyə hazırlaşdığı bir vaxtda Ermənistan köhnə müharibəyə hazırlaşıb. Bu səhv ona baha başa gəlib və reallıq hərbi meydanda özünü göstərir.
İkincisi, siyasi-diplomatik sahədə ciddi səhvə yol veriblər. Ermənistan bu istiqamətdə qalib olacağına əmin idi. Qərbdən Paşinyan rejimi ciddi dəstək gözləyirdi. Amma unudurdu ki, Qərbin ciddi diplomatik təzyiqləri meydanda olacaq hərbi güclə bağlıdır. Əgər meydanda ciddi hərbi güc yoxdursa, bu təzyiqlər nəticə verə bilməz. Yalnız Rusiya ortaya güc qoya bilərdi. Amma Rusiyanın davranışı bəlli səbəblərdən prosesləri müşahidə edir. Azərbaycan bu saat hərbi, siyasi, diplomatik baxımından üstün vəziyyətdədir. Fakt odur ki, Ermənistan hökumətinin Avropadan, Amerikadan və Rusiyadan gözlədiyi dəstək gəlmədi. Eyni zamanda burada Azərbaycanın siyasi-diplomatik sahədə ciddi çalışdığını qeyd etmək lazımdır".