Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin ABŞ-ın nüfuzlu “The National Interest” nəşrində “Dağlıq Qarabağ münaqişəsi: Demokratiya ilə bağlı iddialar amil hesab edilə bilməz” başlıqlı məqaləsi dərc olunub.
Teleqraf.com-un məlumatına görə, məqalədə bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində başlamış son hərbi əməliyyatlarla bağlı bir sıra ekspertlər və qlobal media mənsubları demokratiya ilə bağlı problemlərin Ermənistan-Azərbaycan münaqişəsinin yenidən alovlanmasında əsas amil kimi göstərirlər. Lakin müəllifin fikrincə, demokratik çatışmazlıqlarla bağlı iddialar mediada artıq mövcud olan erməniyönümlü hekayələrə uyğundur və bu səbəbdən həqiqəti əks etdirə bilməz.
Fərid Şəfiyev bildirir ki, münaqişənin kökləri Rusiya imperiyası və Sovet İttifaqı dövrünə gedib çıxır və müstəqil Azərbaycan və Ermənistanla əlaqəsi yoxdur:
“Tarixən də bu münaqişənin əsas mahiyyəti bəzilərinin iddia etdiyi kimi demokratik çatışmazlıq və ya bir qrupun dediyi kimi dini amillərdən asılı deyil. Münaqişə ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirmək mənasını verən “miatsum” konsepsiyasına əsaslanan ərazi iddiaları nəticəsində baş verib. İki xalq erməni millətçiliyinin alovlanmasından əvvəl birlikdə sülh şəraitində yaşayıblar. Erməni ekstremistlər tərəfindən azərbaycanlıların ilk qovulması 1987-ci ilin payızında Qafan şəhərindən başlayıb”.
Fərid Şəfiyev qeyd edir ki, Qərbin Azərbaycana qarşı qərəzli mövqeyi həmişə olub və hətta 1992-ci ildə Azərbaycan öz torpaqlarını itirdiyi bir vaxtda ABŞ Azərbaycana yardımı qadağan edən 907 saylı “Azadlığa dəstək aktı”nı qəbul edib.
Müəllifin sözlərinə görə, digər maraqlı məqam odur ki, hökumət və müxalifət olmasından asılı olmayaraq bütün siyasi güclər nəhayət, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıdacağı ümidi ilə hərbi əməliyyatlar üçün birləşiblər. Qeyd edilir ki, iyulun 14-də Bakıda olan yürüş də göstərdi ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən təkcə siyasi qurumlar deyil, bütün xalqdır.
Fərid Şəfiyev bildirir ki, Ermənistan bütün bu illər ərzində avtokratiya və korrupsiyadan əziyyət çəkməsinə baxmayaraq buna göz yuman beynəlxalq aləmlə üz-üzədir:
“Hətta bu gün də Ermənistanın beynəlxalq hüququ pozması və BMT TŞ-nin münaqişə ilə bağlı 4 məlum qətnaməsini yerinə yetirməməsinə baxmayaraq beynəlxalq ictimaiyyət tərəfindən əhəmiyyətli etirazla üzləşmir. Bu bir daha göstərir ki, beynəlxalq ictimaiyyətin əsl narahatlığı demokratiyanın olub-olmaması ilə bağlı deyil”.
Mərkəz rəhbəri yazır:
“Ermənistan-Azərbaycan münaqişəsinin demokratiya sahəsində çatışmazlıqlardan qaynaqlandığına dair arqumentdən belə nəticə çıxarmaq olar ki, əgər demokratiya problemi olmasa idi, münaqişə həll olunardı. Lakin bu arqument Qərbin demokratik ölkələrində, məsələn, Kanadada Kvebek, Böyük Britaniyada Şotlandiya, İspaniyada Kataloniya və Belçikada Flamand məsələsinə gəldikdə işləmir və bu ölkələrdə irəli demokratiyanın mövcudluğu bu münaqişələrin başlamasının qarşısını almır.
“Qlobal media ekspertlərinin mövqeyi Ermənistan-Azərbaycan münaqişəsi və onun səbəblərinə gəldikdə Qərb mediasının qərəzini üzə çıxarır. Xatırlamaq yerinə düşər ki, sərhədlərin yenidən çəkilməsi Avropada iki qlobal müharibəyə səbəb oldu. Davamlı sülhə nail olmaq üçün əsas düstur Azərbaycanın da təklif etdiyi kimi ərazi bütövlüyü və milli azlıqların hüquqlarının müdafiəsindən ibarətdir”, – deyə müəllif sonda qeyd edir.