31 Oktyabr 2020 09:05
8 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibənin ikinci hissəsini təqdim edirik:

(Əvvəli burada)

- 1980-ci illərdə də Qarabağda Livan və Suriya ermənilərinin yerləşdirilməsi faktı var idi…

- 1980-ci illərin sonlarında belə faktlar ortaya çıxırdı. Zaqafqaziya Hərbi Dairəsinin rəisi general Mixail Safonov iclasda Kamran Bağırova dedi ki, mənə 24 saat vaxt ver, Qarabağdakı bütün saqqallıları qovum. Çünki Qarabağa kənardan gətirilən suriyalılar, livanlılar uzun saqqal saxlayırdı. Həmçinin onlar ərazidə insanlara basqınlar edib, quldurluqla məşğul idilər. Amma Kamran Bağırov cavabında söylədi ki, gözləyin, mən sizə bununla bağlı xəbər edəcəyəm. Hadisələrdən bir ay keçməmiş Bağırovu da işdən çıxardılar. Ondan sonra isə rəhbərliyə Əbdürrəhman Vəzirovu gətirdilər. Azərbaycanı tamamilə yaddan çıxarmış adam idi. Ölkəmizə gələnə qədər Nepalda səfir işləyirdi. Komsomolun zamanında buradan çıxıb gedib, Qorbaçovla birlikdə işləyib, o dövrdən münasibətləri yaranıb.

- Ermənilərin Azərbaycan torpaqlarına iddiasının kökü nələrə dayanır?

- Ermənilər hər zaman Azərbaycana və digər qonşu ölkələrə torpaq iddiasında olub. Onlar Gürcüstana, Türkiyəyə, Rusiyanın özünə qarşı ərazi iddiasındadırlar. Ermənilər hər zaman xəyalla yaşayıb. Xəyalları da “Dənizdən-dənizə Ermənistan” yaratmaq olub.

Onu da deyim ki, ermənilər hər zaman digər dövlətlərlə daha sıx əlaqəyə girməyə çalışıblar. Sovet vaxtı Beyrutdan İrəvana birbaşa təyyarə reysi vardı. O təyyarələrdə nə daşınırdı, bunu heç kəs bilmirdi. İrəvanda geniş alış-veriş mərkəzləri yaratmışdılar, digər yerlərdən də daha yaxşı yaşayırdılar. Elə bu rahatlıq və əldə etdikləri qazanclar onlarda başqa iddialar yaratdı. Bu qədər sərbəstlik və rahatlıq, yaşadıqları ərazilər artıq onlara azlıq edirdi. Ermənilər öz xəyalları üçün şeirlər də həsr edirdi. Zori Balayan kimi avaralar ermənilərin xəyallarından bəhs edən kitablar yazırdı. Silva Kaputyan kimi şəxslər erməni sevdalarından bəhs edən uydurma əsərlər ortaya çıxarırdılar. Heç vaxt olmayan bir şey haqqında necə xəyal qura bilərdilər? Ermənilər zərərverici qurd kimi hara düşsələr, orada özlərinə yer etməyə çalışıblar. Romada divarda bir lövhə var, orada İtaliya tarixindən bəhs edilib. Ermənilər də orada özlərinə yer ediblər. Həmin lövhənin aşağı hissəsində erməni sözünü yazdırıblar.

- Bəs saxta tarixə müraciət etmələrinə səbəb nədir?

- Onlar bir müddət Tiqrandan bəhs edirdilər. İddiaları sonradan yalan çıxdı. Ermənilərin ana adlandırdığı Aykanuş barədə az-çox bilən vardı. Onunla da bağlı yalanlar uydurmuşdular. Rəvayət uydurmuşdular ki, guya Aykanuş Nuhun gəmisində olan erməni anasıdır. Ondan da indiki ermənilər yaranıblar. Hətta iddia edirdilər ki, Nuhun gəmisinə Aykanuşla Tiqranı birlikdə mindiriblər. Ermənilər həmişə fantaziya, xəyalla yaşayıblar. Elə hər zaman at belində bir erməni təsəvvürü yaradıblar.

- Erməni lobbisinin fəaliyyətinin əsasını hansı prinsiplər təşkil edir?

- Ermənilərin heç vaxt dövləti, vətəni olmayıb. Ona görə onlar harada olsalar, bir-birinə dəstək verməyə can atırlar. Argentinada da, Meksikada da olsalar, olduqları yerləri özlərinə vətən sayırlar. Belə bir epizodik hekayə da var. Romada millət vəkili bərk xəstələnir, erməni həkim ona qulluq edir, sağaldır. Deputat sağalandan sonra nə qədər borcunun olduğunu soruşur. Erməni həkim deyir ki, mənə heç nə lazım deyil, Roma senatında “erməni soyqırımı” məsələsi qaldırılanda bizə dəstək olarsan.

Bu gün də onlar ianələrlə öz dövlətlərinə yardım etməyə çalışırlar. Sovet dövründə Qriqoryan kilsəsi tərəfindən İrəvanda hər il “mürəbbə bayramı” keçirirdilər. Ora gələnlər də pul və digər yardımlar gətirirdi. Həmin tədbirlərdə də onlar öz aralarında siyasi motivli söhbətlər aparırdı.

- 1990-cı illərin siyasi burulğanındakı dönəmi necə xatırlayırsınız?

- 1990-cı ilin 20 yanvarında Bakıda təşkil edilmiş qırğına etiraz olaraq Ulu Öndər Heydər Əliyev Moskva nümayəndəliyində sərt etirazını bildirdi. Bu hadisələrdən sonra Heydər Əliyevə qarşı təzyiqlər bir qədər də artdı. Bakıda ona ev məsələsi və yerləşməklə bağlı problemlər yaratdılar. Ona görə də, Ulu Öndər Naxçıvana getdi. Orada ona qarşı böyük sevgi var idi. Amma sonradan müstəqillik ab-havası yarananda üçrəngli bayrağımızı Naxçıvanda Ulu Öndər Heydər Əliyev dalğalandırdı. Sonrakı dövrdə Azərbaycanda hakimiyyətə gələn AXC-Müsavat cütlüyü ölkəni idarə edə bilmirdi. Xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə dəvət olundu. Hətta Heydər Əliyev Bakıya dəvət olunarkən əvvəlcə mövcud problemləri həll etdikdən sonra siyasi hakimiyyəti qəbul etdi. Sonradan ölkədə baş qaldıran bütün separatizm hərəkətləri də Heydər Əliyevin siyasi iradəsi ilə yatırıldı. Erməni silahlı birləşmələrinin işğalı dayandırıldı. 1994-cü ildə atəşkəsə nail olundu. Bundan sonra Azərbaycanda inkişafa nail olmaq üçün islahatlara başlanıldı. Bu gün Ali Baş Komandan İlham Əliyev Azərbaycanın son 200 ildə itirdiyi torpaqları ilk dəfə geri qaytarır. Cənab Prezident bu gün Azərbaycan xalqının xilaskarı kimi öz missiyasını uğurla icra edir. Məhz onun yaratdığı reallıqla xalqımız monolit birliyə nail olub. Bu gün cənab Ali Baş Komandan öz adını qızıl hərflərlə Azərbaycana tarixinə yazdırdı. Bundan sonra gələn nəsillər onu bir tarixi qəhrəman kimi tanıyacaq.

Foto: Ceyhun Rəhimov


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər