Ermənistan hərbi-siyasi rəhbərliyi Moskvaya, Parisə, Vaşinqtona yalvarır ki, atəşkəs olsun. İşğalçı bununla özünü dırnaqarası sülhpərvər obrazda göstərməyə çalışır. Bu məsələlərdə isə Ali Baş Komandanın prinsipial mövqeyi var. Azərbaycan münaqişənin hərbi fazasının başa çatmasında, diplomatik danışıqların başlamasında maraqlıdır.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
Onun fikrincə, Azərbaycan günü sabah sülh danışıqlarına başlamağa hazırdır. Ancaq bu danışıqlara başlamaqda əsas şərti odur ki, Ermənistan silahlıları torpaqlarımızdan çıxsın: “Eyni zamanda həmsədrlərin iştirakı ilə erməni ordusunun torpaqlarımızdan çıxmasını ehtiva edən qrafik təqdim olunsun. Amma Ermənistan tərəfindən belə təşəbbüs müşahidə edilmir.
Artıq üçüncü dəfədir hümanitar atəşkəs razılaşması olub. Amma işğalçı Ermənistan buna riayət etmir. Ermənistan yenə də Azərbaycanın yaşayış məntəqlərini, kəndlərini atəşə tutur. Ona görə də, Ermənistanla əldə edilən razılaşmanın heç bir dəyəri, məntiqi yoxdur. Bu razılaşmalarda əldə edilən əsas məsələ cəsədlərin dəyişdirilməsidir. Ancaq hazırda Azərbaycan çox qəribə bir situasiya ilə üz-üzə qalıb. Dünya müharibələri tarixində belə hal heç zaman yaşanmayıb. Azərbaycan tərəfi erməni cəsədlərini qaytarmaq istəyir. Ermənistan öz əsgərlərinin cəsədlərini qəbul etmir”.
Elman Nəsirovun sözlərinə görə, erməni əsgərlərinin cəsədlərinin qəbul edilməsi və onların sayı açıqlanan rəsmi məlumatlardan dəfələrlə atrıqdır: “Onlar rəsmi xəbərlərdə minə yaxın əsgər itirdiyi göstərilir. Təxmini hesablamalara görə, erməni itkilərinin sayı 5 mindən çoxdur. Bu, ilkin qiymətləndirmədir. Say hər gün artmaqdadır. Ermənistan hakimiyyətinin qorxduğu məsələ bununla bağlıdır”.
Deputat qeyd edib ki, Ermənistanda Nikol Paşinyanın istefası ilə bağlı müəyyən məsləhətləşmələr aparılır: “Minlərlə cəsədin İrəvana daxil olması böyük bir siyasi partlayışa səbəb olacaq. Hazırda Ermənistanda hərbi çevrilişlə bağlı fikirlər var”.