“Amnesty International” və “Human Right Watch” ermənilərin müharibə cinayətlərini təsdiqləyıb. Bu, dünyanın əsl həqiqətlərə geniş yer ayırmasında mühüm rol oynayacaq. Bununla artıq terrorçu Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist siması ifşa olunur.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, ermənilərin dinc insanlara qarşı müharibə cinayətləri nüfuzlu qurumların, təşkilatların diqqətindədir:
"Gəncəyə, Tərtərə, Goranboya, Mingəçevirə düşmən tərəfindən atılan kasetli bombalarla bağlı kifayət qədər faktlar mövcud olsa da, dünya ictimaiyyəti tərəfindən bu olaylara lazımınca diqqət yetirilmirdi. Erməni lobbisi, onun yalan maşını həqiqətlərin nüfuzlu qurumların gündəminə daşınmasında əsas meneə olurdular. Amma bütün bunlara baxmayaraq Azərbaycan əsl həqiqətlərin dünyaya çatdırılmasını təmin etdi. “Amnesty International” təşkilatının, ardınca isə “Human Right Watch”un Bərdə hadisələri ilə bağlı mövqeyi bunun əyani göstəricisidir. Baxmayaraq ki, hər iki təşkilatın Azərbaycana qarşı heç vaxt obyektiv münasibəti olmayıb. Bu təşkilatlar hər zaman erməni cinayətlərinə göz yumub”.
Məlahət İbrahimqızı qeyd edib ki, müharibə başlayan vaxtdan sonra ilk dəfə düşmənin sivil əhaliyə yönəlik cinayətlərinə reaksiyalar verilməyə başlayıb:
“Nəhayət ki, bir aylıq susqunluqdan sonra “Amnesty International” və “Human Right Watch” həqiqətlər haqqında danışmağa başlayıblar. Ona görə də bu, Azərbaycan həqiqətlərinin qəbul olunması ilə bağlı təqdir olunmalı bir yanaşmadır. İndiki dönəmdə həmin təşkilatların Bərdə hadisəsinə olan obyektiv mövqeyi dünyanın əsl reallıqlarla məlumatlandırılması baxımından olduqca önəmlidir".