4 Noyabr 2020 15:16
6 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyan uzun zamandır ki, Azərbaycanla sülh danışıqlarını uzadaraq, əslində ABŞ-dakı prezident seçkilərini gözləyirdi. Əlbəttə, Azərbaycan da, ABŞ-dakı seçkiləri müxtəlif istiqamətlərdə nəzərə almışdı. Hərbi əməliyyatların intensivləşməsinin şahidi olacağıq”.

Politoloq Zaur Məmmədovun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- ABŞ-da keçirilən prezident seçkiləri başa çatsa da, yekun nəticələr hələ açıqlanmayıb. Gözləntiniz nədir, kim qalib gələcək – hazırkı dövlət başçısı Donald Tramp, yoxsa onun rəqibi Co Bayden?

- ABŞ-da keçirilən bu seçkilər dünya üçün kifayət qədər əhəmiyyətlidir. Bəlkə də, ABŞ tarixində dünyadakı iqtisadi və siyasi proseslərə bu qədər təsir edəcək ikinci seçkilər yoxdur. Bu seçkilərdə Çin və digər bir sıra qlobal iqtisadi oyunçuların tərəfdarı olduğu namizəd Baydendir. Bunun əksinə, Türkiyə və Rusiya kimi ölkələr isə daha çox Trampı dəstəkləyirlər. Biz bilirik ki, bu namizədlərin hər ikisinin xarici siyasətlə bağlı baxış bucaqları fərqlidir.

Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın xarici və iqtisadi siyasətində ciddi dəyişikliklərin şahidi olduq. Eyni zamanda, Azərbaycanın Trampın təmsil etdiyi Respublikaçılar Partiyası ilə isti əlaqələri var. Trampın da bu yöndəki fəaliyyətləri qaneedicidir. Eyni zamanda, Tramp istər İsrail, istərsə də Türkiyə liderləri ilə dil tapa biləcək namizəddir.

Co Baydenə gəldikdə, o, hələlik “qaranlıq qutu”dur. Baydenin namizəd kimi çıxışları öz yerində, amma lider kimi fəaliyyətini zaman göstərəcək. Təsadüfi deyil ki, Ermənistan Co Baydenin həm prezident, həm də Konqresə keçirilən seçkilərdə qalib gəlməsinin tərəfdarıdır. Nikol Paşinyan uzun zamandır ki, Azərbaycanla sülh danışıqlarını uzadaraq, əslində ABŞ-dakı prezident seçkilərini gözləyirdi. Əlbəttə Azərbaycan da, ABŞ-dakı seçkiləri müxtəlif istiqamətlərdə nəzərə almışdı. Bu gündən etibarən Şuşa uğrunda döyüşlərin başlaması, hərbi əməliyyatların intensivləşməsinin şahidi olacağıq.

Hər bir halda, ABŞ-da hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Vaşinqton dünyada sülhün və ədalətin qorunmasını təmin etməlidir. Çünki həm də BMT Təhlükəsizlik Şurasının üzvüdür. Azərbaycan hərbi əməliyyatları öz sərhədləri daxilində keçirir. Kimsə Azərbaycana bu haqq işində mane olmamalıdır.

- Bu məsələyə münasibətinizi bilmək istərdik: kimin şansı daha yüksək görünür?

- İndiyədək olan məlumatlara görə, ştatların daha çox hissəsində Tramp qalib gəlsə də, amma nümayəndələrin səsverməsində Bayden irəlidədir. Seçkilərdən əvvəl də, keçirilən sorğularda Baydenin udacağı ilə bağlı rəylər verilirdi. Bukmekerlər Baydenin qalib gəlməsinə 1.40 əmsalı verirdilərsə, Trampa 2.80 əmsalı verirdilər. Amma mənim şəxsi fikrimə görə, ABŞ-ın dünyada apardığı siyasi və iqtisadi islahatlar davam etməlidir, ardıcıllığını qorumalıdır. Buna görə də, Trampın qalib gəlməsini istərdim.

Eyni zamanda, biz bir müddət əvvəl Amerikanın bir sıra ştatlarında qaradərililərin kütləvi etiraz aksiyaları keçirməsini təsadüfi hesab etməməliyik. Yəni Baydenin də arxasında – kölgədə oturan ciddi qruplar var ki, onlar Trampa qarşı müharibə elan ediblər. Nə olur-olsun, Baydeni hakimiyyətə gətirməyi planlaşdırırlar.

- Bayden qalib gələcəyi halda, Cənubi Qafqazla bağlı siyasəti necə olacaq, Trampın izlədiyi xətti dəyişə bilərmi?

- Burada iki yanaşma var. Baydenin təmsil etdiyi Demokratlar Partiyası Cənubi Qafqazı demokratiya və insan haqları prizmasından hədəf kimi götürür. Bizi düşündürən əsas məqam isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Baydenin bununla bağlı siyasəti, həm də ABŞ-ın gələcək vitse-prezidentindən asılı olacaq. Düşünürəm ki, Bayden qalib gəlsə, hakimiyyətdə sona qədər qala bilməyəcək. Ehtimallara görə, Bayden hakimiyyətə gələrsə, bir müddətdən sonra səhhəti ilə əlaqədar getməli olacaq, onu vitse-prezident əvəzləyəcək. Vitse-prezident postuna isə Kamala Heyli adlı qadın diplomatın təyin ediləcəyi deyilir.

- Bəs Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı gedən proseslər hansı nəticələrlə yekunlaşa bilər, yəni bu cəbhənin qalibi kimi olacaq?

- Artıq bu savaşın qalibi məlumdur, bu, Azərbaycandır. Həmsədr ölkələr – ABŞ, Rusiya və Fransa bu reallığı qəbul etməlidir. Həmsədrlər “atəşi dayandırın” çağırışları edəndə, hərbi əməliyyatların hansı şərtlər daxilində dayandırılmasını da deməlidirlər. Lakin təəssüflər olsun ki, Ermənistan hələ də susmaqda davam edir, təslim olmaq fikrində deyil. Bu isə onu göstərir ki, danışıqlar nəticəsiz qalacaq. Biz otuz il ərzində həmsədrlərin vasitəçiliyi ilə aparılan danışıqların artıq nəticəsiz olduğunu görmüşük.

Düşünürəm ki, artıq Rusiya və Türkiyə, eyni zamanda ABŞ və Rusiya arasında ciddi dialoq baş tutmaqdadır. Onlar Cənubi Qafqazla bağlı bir-birinin baxış bucaqlarını bilirlər. Bu danışıqların nəticələri var. Bunun nəticəsində biz Rusiyanın gedən prosesləri hələlik səbirlə izlədiyinin, eyni zamanda, ABŞ-dan da müdaxilənin olmadığının şahidiyik. Ermənistan üçün gözlənilməz olan da budur ki, həmsədrlər prosesə müdaxilə etmirlər. Ermənistan isə gözləyirdi ki, savaş başlayacağı halda dezinformasiyalar vasitəsilə Azərbaycana qarşı beynəlxalq təzyiqlərə nail olacaq. Amma görünən budur ki, Ermənistan bütün sahələrdə məğlub olur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər