8 Noyabr 2020 09:11
2 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Bahar xanım, bu gün Vətən müharibəsi gedir, cəmiyyətimizin birliyini necə qiymətləndirirsiniz?

- Dağlıq Qarabağ münaqişəsi başlayandan və torpaqlarımızın işğalından keçən hər gün bizim heç bir şübhəmiz olmayıb ki, mütləq ərazilərimizi geri qaytaracağıq. O torpaqlar üzərində suveren hüquqlarımızı bərpa edəndən sonra insanlarımız yurduna qayıdacaq. Çünki bu, gün kimi aydın olan bir həqiqətdir. Bunun inkar ediləsi, müzakirə, mübahisə aparılası bir tərəfi yoxdur. Bu, Azərbaycanın əzəli-əbədi torpaqlarıdır, bu ərazilərdə yaşayan insanların öz doğma torpaqlarına qayıtmaq haqqıdır. Bunu gözləməyən və onlar üçün inanılması mümkün olmayan bir hadisə kimi gəbul etməyə məcbur olan isə erməni tərəfidir. Onlar havadarlarının yardımı ilə Azərbaycan ərazilərini bir-birinin ardınca işğal etmişdilər. Sanki düşünürdülər ki, proses belə davam edəcək, Azərbaycan da bütün bunları qəbul edəcək.

Birliyimizə gəldikdə isə deməliyəm ki, bütün vətəndaşlarımız etnik, siyasi, dini mənsubiyyətindən asılı olmayaraq bu gün bütün gücünü bir yumruqda birləşdirib. Ali Baş Komandanımızın hər əmrinə müntəzir və onu yerinə yetirməyə qadirdir.

- Azərbaycan torpaqlarını işğal edən Ermənistan güman edirdi ki, biz o əraziləri geri qaytara bilmərik. Bu əminliyi, cəsarəti onlara kim verib?

- Biz bildiyimiz dairələr... Əsrlər boyu da onlara bunu təlqin ediblər. Dünyada ikinci belə bir xalq yoxdur ki, öz taleyini başqalarının siyasi maraqlarının üzərində qursun. Hər xalq, millət, dövlət siyasətini öz maraqlarına uyğun şəkildə reallaşdırmağa çalışır. Bütün dəyişən proseslərdə də əsas mərkəzdə bu amili saxlayır. Amma ermənilər vəziyyətin dəyişməsi ilə tövrlərini, sahiblərini, xidmət etdikləri dairələri də dəyişirlər. 50-100 ildən bir dünya nizamının dəyişməsi, yenilənməsi, şəkillənməsi dövründə ermənilər bu və ya digər dairələrin əlində alət olur. Hər zaman da belə olub. Beynəlxalq dairələrin bu və ya digər tapşırıqlarını yerinə yetirməyin müqabilində ermənilər öz maraqlarını əldə etməyə öyrəşiblər. Dağlıq Qarabağ ətrafında hadisələr başlayanda da belə oldu. Sovet ittifaqının tör-töküntüləri olan orduların köməyi ilə Azərbaycan əraziləri bir-birinin ardınca işğal edildi. Ermənilər də əliyalın, dinc, mülki insanlarla vəhşicəsinə davrandılar, sanki bunu öz gücləri hesabına əldə etdiklərini və belə davam edəcəyini düşünürdülər.

- Bəs indi ermənilər havadarlarından istədikləri dəstəyi ala bilirmi?

- Xeyr, ermənilər o dəstəyi ala bilmədilər. Artıq dünya dəyişib. Ən əsası Azərbaycan xeyli güclənib. O, nəinki regionun, dünyanın aparıcı güclərindən birinə çevrilib. Ölkəmiz artıq beynəlxalq bir oyunçudur, ən müstəqil siyasət yürüdən ölkələrdən biridir. Mövqeyimiz haqqa və ədalətə söykənir. Beynəlxalq hüquqa istinad etdiyimizdən mübahisə doğurmayan reallıqları hər kəs qəbul etməyə məcburdur. Ölkəmiz bu illər ərzində həm beynəlxalq aləmdə, həm ölkə daxilində inkişaf üçün vacib olan bütün addımları atmaqla, öz resurslarına istinad edərək müstəqil mövqeyi ilə möhkəmlənib. Beləliklə də öz suverenliyini qorumaq, pozulmuş hüquqlarını bərpa edib daha da güclənmək üçün qüdrətli ordu yaradıb.

Azərbaycan beynəlxalq müstəvidə ən müxətlif gücə malik dünya ölkələri ilə ikitərəfli münasibətlər qurub, tərəfdarlarının sayını artırıb. Dağlıq Qarabağ ətrafında gedən prosesləri doğru bir istiqamətə yönəldərək, dünya ictimaiyyətini Azərbaycanla bağlı vacib həqiqətlərlə məlumatlandırıb. Eyni zamanda məqamı gələndə bununla bağlı bir nöqtəyə vurmağı bacaran tərəfdaşlar və dostlar qazanıb. Bir sözlə dəyişən Azərbaycan dünyanın ona olan münasibətini də dəyişməyi bacarıb.

- Azərbaycanın dostlarının artması indiki reallıqda hansı müsbət yanaşmanı məqbul edib?

- Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı torpaq itkilərimizə, iqtisadi tənəzzülə son qoydu. Bundan sonra bütün sahələrdə iqtisadi inkişafa təkan verən amillərin yaranması təmin edildi. Onun qayıdışı xalqımızın gücünü, müqavimət hissini səfərbər etməyə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə imkan yaratdı. Demək olar ki, müstəqilliyimizin geri dönməzliyi təmin olundu.

Xarici siyasət sahəsindəki uğurlarımız nəticəsində miqyasından və gücündən asılı olmayaraq BMT-də səs hüququ olan dövlətlərlə qarşılıqlı faydalı münasibətlərimiz quruldu. Sözsüz ki, bunun da nəticəsində Azərbaycanla bağlı bütün proseslərdə obyektiv qərarlar qəbul edilməsinə şərait yarandı. Azərbaycan Avropa ilə, o cümlədən, islam və xristian dünyası ilə dostluğa və əməkdaşlığa əsaslanan əlaqələr yaratmağa nail oldu. Bununla da Azərbaycanın dostlarının sayı artdı. Əleyhdarların bir çoxu neytrallaşdırıldı. Bir zamanlar Azərbaycanla bağlı mövqeyini tənqid etdiyimiz dövlətlər artıq bu Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdədir. Tarix üçün böyük bir zaman olmasa da xalqımız üçün böyük bir dönəm oldu. Bir ölkənin məlum səviyyədə indiki yüksəlişə nail olması məhz düzgün strategiyanın və taktiki siyasi gedişlərin nəticəsində mümkün olub.

Azərbaycanın multikultural dəyərlərə sahib olaraq geostrateji bir regionda yerləşməsi də ölkəmizə maraqlı tərəfdaşların qazandırılması ilə nəticələnir. Azərbaycanın prinsipial, müstəqil, dəyişməyən mövqeyi var. Dünyada belə sabit mövqeyə sahib ölkələr olduqca az saydadır. Tərəfdaşlarımız da artıq bilir ki, Azərbaycan hansı məqamlarda necə addım ata bilər.

- Mədəniyyətlərarası dialoqa, dinlərarası proseslərə yanaşmanı necə qiymətləndirmək olar?

- Bu bir həqiqətdir ki, Azərbaycan dini konfessiyaların, etnik qrupların və müxtəlif mədəniyyətlərin min illərlə bir arada yaşadığı, bir-birini zənginləşdirdiyi əməkdaşlıq və harmoniya şəraitində mövcüd olduğu bir sabitlik adasıdır. Dostluq və əməkdaşlıq məkanıdır.Azərbaycan xalqını başqa dinlərin nümayəndələrinə və yaxud onların mədəniyyət abidələrinə qarşı hər hansı bir addımda ittiham etmək mümkün deyil. Çünki xalq olaraq bizim belə bir niyyətimiz heç zaman olmayıb. Bu, bizim tarixi yaşam tərzimizdir və cəmiyyətimiz inkişaf etdikcə sonradan bizim qanunlarımızda öz əksini tapıb. Bunu kənardan gələn bir öhdəlik kimi qəbul etməmişik. Ona görə hər kəs əmindir ki, biz hansısa bir mədəniyyət abidəsinə zərər verən xalq deyilik. Amma müharibənin gedişində təsadüflərin olması da qaçılmazdır. Ermənistan və ermənilər tərəfindən törədilmiş bu və ya digər cinayəti xalqımıza qarşı istifadə etməklə bağlı isə çoxsaylı nümunə göstərmək olar. Nə etmək olar, bu da bizim qonşu sarıdan bəxtimizin gətirmədiyini göstərən misallardır.

- Şanlı Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə sizin də doğulduğunuz Füzuli şəhəri işğaldan azad edildi. Hansı hissləri yaşadınız? Uzun illər sonra bu xəbəri necə qarşıladınız?

- Bu günlər hamı kimi mən də həyatımın ən xoşbəxt anlarını yaşayıram. Sanki yenidən doğulmuşuq, xalq olaraq da, fərd olaraq da öz yaddaşımızı vərəqləməkdəyik. Azad edilmiş ərazilərimizdən o uçulub-dağılmış divarların arxasından xatirələrimiz bizə boylanır, yenidən o dövrlərə qayıdırıq. Əslində o xatirələr hər zaman bizimlə olub. İndi isə o xatirələrimizlə bağlı yurdumuza qayıdacağımız tikib quracağımız şəhər və kəndlərimizi təsəvvür etməyə çalışıram.

- Yayılan görüntülərdə tanış ev, küçə görə bildiniz?

- Bir dənə də salamat ev, tikili qalmayıb ki, nəyəsə baxıb oxşadasan. Tanıdığım bir neçə adam gedib indi azad olunan ərazilərimizdən kadrlar çəkiblər. Amma o ərazilərdə bizlərə aid hər şey dağıdılıb. Tanınmalı heç nə qalmayıb. Füzuli şəhər icra hakimiyyətinin qarşısına, şəhər qəbiristanlığına, Xanlar küçəsinə gedən yolda onları xatırladan hansısa bir bina, divar, köşə heç bir şey qalmayıb. Yalnız uçuq divarlar qalıb, ağacları belə məhv ediblər. Orada bir zamanlar şəhər olduğunu xatırladan heç bir nişanə qoymayıblar. Amma bütün bunlara baxmayaraq biz ora qayıdırıq. Cənab Prezidentin vurğuladığı kimi gözəl planlar üzrə yenidən qurub yaradacağıq. Nə qədər çətin də olsa axtarıb evimizin yerini tapacam. Yəqin ki, orada yenidən öz evlərimizi tikib yaşayacağıq.

Ümumilikdə isə Qarabağın hər daşı-kəsəyi hamımız üçün bir evdir. Heç nə olmasa belə ayağımızı o torpağa basmaq bizə ayrı güc-qüvvət verir. Ev-eşiyimizdən zorla çıxarılandan sonra nə qədər yaxşı yaşasaq, ev-eşiyimiz olsa da hər zaman öz doğma yurdumuzun xiffətini çəkmişik və inanmışıq ki, bir gün gələcək, biz o torpaqlarımıza qayıdacağıq. Amma məsələ təkcə ev-eşikdə deyil. Sən artıq özünü öz yurdunun sahibi kimi hiss edirsən.

Bu yaxınlarda Xankəndində bir erməni qadının müsahibəsinə qulaq asdım. O bildirir ki, Qarabağ Azərbaycana lazım deyil. Çünki onun pulu da, torpağı da çoxdur. Bu yanaşma bir daha göstərir ki, Qarabağ bizim üçün yalnız torpaq deyil və biz onu “ehtiyacı olanlara” güzəştə gedə bilmərik.

- Valideynləriniz Füzulidə dəfn edilib?

- Atam da, anam da Füzulidə 1994- cü ildə azad olunmuş ərazidə dəfn olunub. Onların orada dəfn olunmaq ən müqəddəs arzuları idi.

- Çoxuşaqlı ailədə böyümüsünüz?

- Bəli. Yeddi bacı, iki qardaş olmuşuq. Atam deyirdi ki, mən dünyanın ən varlı insanıyam, sərvətim övladlarımdır. Həqiqətən də belədir. Bu gün Azərbaycanın ən başlıca sərvəti onun insanıdır.

- Bacı-qardaşlarınız ali təhsil alıb?

- Hamısı deyil, yarıdan çoxu ali təhsillidir. Ondan əvvəlkilər “həyat universitetini” bitiriblər (gülür)

- Siz evin yaşca ən kiçik övladınısız?

- Məndən kiçik bir bacım da var.

- Füzuliyə qayıdarkən xəyallarınızda kim canlanır?

- Xəyalımda hər zaman atamla anam canlanır (kövrəlir). Evimizin qapısını açıb onları görmək istərdim.

- Füzulidəki evinizdə ən çox darıxdığınız məqam hansıdır?

- O evdən mən 15 yaşında təhsilimi davam etdirmək üçün çıxmışam. Natamam orta təhsillə oranı tərk etmişəm. Ona görə də, şüurlu həyatımın böyük hissəsi Bakı şəhəri ilə bağlıdır. Füzulinin isə yazının, qışının, payızının bir başqa görünüşü, bir başqa qoxusu var. Hər şeyi orada doya-doya hiss etmək mümkün idi. Yazı həddən artıq gözəl, qışı çox sərt olurdu. Yayı günorta saat 4-5-ə qədər həddən artıq isti olardı. Amma gecələri sərin olurdu. Sarı, qızılı, yaşıl... Demək olar ki, hər rəng vardı Füzulidə...

- Sinif yoldaşlarınızı, ən yaxın uşaqlıq rəfiqənizi unutmamısınız ki?

- Əvvəllər hər tətilə gedəndə sinif yoldaşlarımın hamısı ilə olmasa da yaxın rəfiqələrimlə görüşürdüm. Lap sonuncu dəfə isə bu ilin aprel ayında bütün sinif yoldaşlarımızla görüşdük. Bu, çox qəribə hiss idi. Biz o görüşdə çox nikbin idik. Hər kəsdə sanki bir ümid yaranmışdı ki, qısa müddətdən sonra biz Füzuliyə qayıdacağıq. 40 ildən sonrakı bu görüşümüzdə bəzilərini tanımadım. Əksəriyyəti çox da dəyişməmişdilər, xaraktercə və elə görünüşcə də həmin nikbin uşaqlar idi. Bu, məni daha çox sevindirdi. 27 illik ayrılıqdan sonra həmin inam və ruhla da geriyə qayıdırıq.

- Şeir yazmaq həvəsiniz haradan yaranıb?

- Xatirimdədir ki, əvvəllər satirik həcvlər yazardım. Bu daha çox ali məktəbdə oxuduğum vaxtlar olurdu. Onları da heç vaxt üzə çıxarmazdım. Zaman dəyişdikcə zövqlər də dəyişir. Amma o tənqidi ruh hələ də məndə qalıb.

- Tanınmış tənqidçi ola bilərdiniz bəlkə də...

- Onu deyə bilmərəm, Heydər Əliyevin hakimiyyətə qayıdışınadək müxalif siyasi mövqeyim isə olub. Amma heç vaxt ədalət hissini itirməmişəm. Sərt, sabit, amma obyektiv bir mövqeyim hər zaman var.

- Xaraktercə sərt insana bənzəmirsiniz...

- Xaraktercə atama, zahiri sərtliyimə görə isə anama bənzəyirəm. Amma özümü sərt adam hesab etmirəm. Mövqedə sabitlik bəzən cəmiyyətdə sərtlik kimi görünür. Güzəştə getməmək, öz mövqeyini ifadə etmək vacibdir. Səmimi qəlbdən inandığıma sona qədər sadiq olan adamam. Nə olur olsun ondan geri çəkilmək yoxdur.

- Ailə dəyərlərinizi, ailənizdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daşıya bilmisinizmi?

- Bilirsiniz zaman bizə çox şeyləri qazandırsa da bəzi şeyləri əlimizdən alır. Milli mənəvi dəyərlərimiz, ictimai-siyasi mühit dəyişikliyə, modernləşməyə doğru gedir. Amma biz xalq, dövlət olaraq o kökü, bünövrəni saxlaya bilmişik. Hər bir xalqın təfəkkürü, ictimai-siyasi şüuru, həyat tərzi zamanla müəyyən dəyişikliyə uğrasa da əsas fundamental dəyərlər qalmaqdadır. Bu gün hamımız nə qədər müasirləşsək, yeniləşsək də milli-mənəvi dəyərlərimizə, ənənələrimizə sadiqik. Azərbaycanın ideoloji sütunlarından biri də məhz onun ailə dəyərləridir.

Ardı var...

Foto: Ceyhun Rəhimov


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər