9 Noyabr 2020 19:14
2 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən bu prosesi əvvəldən izləyir, Ordumuzla fəxr edir və bu günün baş verəcəyini əvvəlcədən gözləyirdim.

Bu fikirləri Teleqraf.com-a 1992-ci ildə Azərbaycan parlamentinə sədrlik edən professor Yaqub Məmmədov Şuşanın Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinə münasibət bildirərkən deyib.

Yaqub Məmmədov qeyd edib ki, Azərbaycan Ordusunun Şuşanı işğaldan azad edəcəyinə əvvəldən inanıb: “Əlbəttə, müharibə başlayandan ölkəmizin rəhbəri çox böyük qətiyyət, iradə ilə, mərdi-mərdana deyirdi ki, Şuşanı alacağıq və bayrağımızı bu qədim şəhərə sancacağıq. Və belə də oldu.

Sözsüz ki, şanlı Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərdi. Mən onlara da təşəkkür edirəm. Xalqımız birləşdi, hamı ölkə başçısının rəhbərliyi altında səfərbər oldu. Prezident də ortaya ciddi iradə qoydu. Xalqımız kimi mən də böyük sevinc hissi keçirdim, fəxr etdim ki, Şuşanı işğaldan azad etdik, geri qaytardıq və bundan sonra Şuşada bizim dövlət bayrağımız dalğalanır”.

Professor hesab edir ki, bu müharibədə ən vacib nöqtə Şuşadır: “Şuşanın bizim nəzarətimizə keçməsi çox böyük hadisədir. Faktiki Şuşa Dağlıq Qarabağın açarıdır. Hesab edirəm ki, biz müharibəni faktiki udmuşuq, sona bir şey qalmayıb. Qələbə bizimdir”.

Xatırladaq ki, Şuşa şəhəri 1992-ci ilin mayın 8-də işğal edilib. Həmin vaxt prezident səlahiyyətlərini icra edən parlamentin sədri, professor Yaqub Məmmədov Ermənistanın sabiq prezidenti Levon Ter Petrosyanla danışıqlar aparmaq üçün Tehran şəhərinə gedib. Danışıqlar başlayan ərəfədə Azərbaycan nümayəndə heyətinə Şuşanın işğalı haqda xəbər çatıb. Yaqub Məmmədov Ermənistan dövlət başçısı ilə müzakirə aparmaqdan imtina edərək təcili Bakıya dönüb.


Müəllif: Nemət

Oxşar xəbərlər